NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Əziz Vətən, qəhrəmanlıq, igidlik, hünər sənə yaraşır, boyuna biçilibdir Zəfər sənə yaraşır!

...

Əsrlərdən bəri ərazilərindən hissə-hissə qoparılan, həsrətini, nisgilini köksündə dаşıyаn, lakin əyilməyən, sınmаyаn, ümidi tükənməyən, torpağını yağı düşmənin tapdağından sıyırıb çıxarmağa can atan, əziz Vətən... Başı göy qübbəsinin dərinliklərinə uzanan, cəsarət andıyla şəhidlik məqamının vəhdətindən ucalan, hər daşına, qayasına şanlı tarix hopan, ölümün gözünə dik baxan oğullarıyla öyünən, qürur duyan, uğrunda şəhid olanların qanıyla əbədiliyə boy atan igid ərənli Vətən... 
Mübarizləri, Poladları, Şükürləri, Eldarları, Raqibləri, daha neçə-neçə qəhrəmanları, hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidləri, geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailəri, körpə balalarının gözündəki sevinci əbədi dondurub, neçə-neçə anaların arzularını qəlbində soldurub “Vətən sağ olsun”, – deyərək torpağının bağrına köçənləri ana tək qoynunda uyudan Vətən... 
Bu gün sənin günündür! Bu elə bir əziz gündür ki, xalq olaraq çöhrəmizə gülüş, ruhumuza dinclik, qəlbimizə sevinc ələyir. Bu günü xatırladıqca iftixar dolu hisslər keçiririk, həmin günü Azərbaycan əsgərinə “Əhsən” deyə-deyə xatırlayırıq. Bizə bu xoş hissləri yaşadanların qarşısında böyük iftixarla baş əyirik! Bəli, bu gün 2020-ci ilin payızında qəlbimizə bahar təravəti gətirən 8 Noyabr Zəfər Günüdür! Bu şanlı tarixdə çoxdandır, arzusunda olduğun qələbə müzəffər Ordunun şücaəti, cəsarəti, yenilməzliyi, qorxmazlığı ilə müşayiət edildi. Həmin tarixdə haqq qalib gəldi, bir zamanlar haqq səsimizi boğan nadanlar güclü, iradəli, əzmli dövlətin, ordunun, xalqın qarşısında aciz qaldı. Əbədi Zəfərin mübarək, Vətən! 
İndi bütün dünya səndən, sənin zəfərindən danışır, indi ərazilərinin qisməti dəyişib, səndən ayrı düşən müqəddəs torpaqların havanla, suyunla böyütdüyün igid oğullarının qüdrətiylə yenidən sənə dönüb. Sən yenidən doğulmusan, böyümüsən, bütövləşmisən! 
Qorxmaz, hünərli oğulların əzəldən bəri yeri, yurdu olmayan, kiçik bir tayfayla özünə dövlət yaratmaq xülyası ilə yaşayan, dədə-baba torpaqlarımızdan özünə torpaq qəsb etməyə çalışan, sərvətinə göz dikən yağı düşməninə gözdağı verib, qarış-qarış, addım-addım qovuşdurub müqəddəs torpaqlarını sənə! İgidlərin o qədər şərəfli yolda addımlayıb ki, indi qalibiyyət sevincinin məğrurluğunu, qürurunu heç bir sözlə ifadə edə bilmirik. 
Biz xalq olaraq hər zaman inanmışıq dövlətimizə, dövlətimizin ətrafında sıx birləşən xalqımıza, ordumuza, əsgərimizə. Bayrağımıza sarılaraq, ordumuza arxalanaraq yarasını sarımaq üçün gedib çıxmışıq sənin ayrılmaz parçan olan, düz 30 il bağrı yaralı qalan Qarabağa... Bəxtinə düşmən əli ilə qara günlər yazılan Qarabağın indi ağ günə çıxıb. İndi necə də xoşbəxtsən, əziz Vətən! Sənə xoş günlər çox gözəl yaraşır! 

Gülcamal TAHİROVA
 

Nəşr edilib : 07.11.2024 22:30