NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər

...

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün gələcək taleyi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər.

"Şərq qapısı" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də tamhüquqlu iştirakını bərpa etmək imkanı hələ də var. Bununla belə, heç kim ölkəni təşkilatda qalmağa məcbur etmək niyyətində deyil.

O qeyd edib ki, Ermənistan təşkilatın nizamnaməsində nəzərdə tutulan qaydalara uyğun olaraq üzvlükdən çıxmaq hüququna malikdir. Bunun üçün mövcud öhdəliklərini də yerinə yetirməlidir.

Ermənistan daha əvvəl KTMT-nin fəaliyyətində iştirakını dayandırdığını açıqlayıb. Oktyabrın sonunda ölkənin xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın bu qərarına yenidən baxmaq və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək niyyətində olmadığını bildirib.

Bundan əvvəl KTMT-nin baş katibi Taalatbek Masadıkov da Ermənistanın təşkilata üzvlüyü məsələsinin Moskvada keçiriləcək sammitdə müzakirə olunacağını istisna etməyib.

Nəşr edilib : 05.11.2026 21:30