NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması ilə ICESCO arasında əməkdaşlıq bundan sonra da davam edəcək

...

Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələri var. ICESCO xətti ilə Azərbaycan elm, təhsil və mədəniyyət sahəsindəki dəyərlərini beynəlxalq ictimaiyyətə çatdıra bilir, onların təbliği və qorunması istiqamətində geniş fəaliyyət göstərir. Həmçinin Azərbaycanın bir çox mədəni dəyərləri, xüsusilə Qız qalası, İçərişəhər, bütövlükdə Şirvanşahlar sarayı, Şəki Xan sarayı, ICESCO-da qeydiyyata alınıb.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

"Bu gün Qərbi Azərbaycan İcmasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki başda olmaqla, böyük nümayəndə heyəti ilə görüşümüz keçiriləcək. Bu görüşdən sonra hesab edirəm ki, İslam dövlətləri arasında Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun geniş ictimaiyyətə çatdırılması xüsusilə mümkün olacaq", - deyə Ə.Ələkbərli qeyd edib.

Onun sözlərinə görə, bir müddət əvvəl İslam Əməkdaşlıq Təşkilatı Qərbi Azərbaycan həqiqətlərinə münasibətini bildirib və qəbul olunmuş sənəddə ICESCO-ya da tapşırılıb ki, Qərbi Azərbaycan - yəni indiki Ermənistan ərazisində yerləşən Azərbaycan mədəni irsinin, türk və müsəlman mədəni irsinin öyrənilməsi və qorunması istiqamətində fəaliyyətini davam etdirsin.

O, əminliklə bildirib ki, Qərbi Azərbaycan İcması ilə ICESCO arasında əməkdaşlıq bundan sonra da davam edəcək.

Nəşr edilib : 29.04.2025 14:06