NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsiri

...

Müasir dövrdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin, xüsusilə də su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Planetimizdə demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. 

Artıq bir çox dünya dövlətlərində atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə davamlı enerji mənbələri kimi alternativ enerji növlərindən – külək, Günəş, bioqaz, biokütlə, hidroelektrikdən  istifadə geniş miqyas almışdır.

Uzun illər dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işlənmiş, dünyanın bir çox ölkəsinin tələbatı geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanmışdır. Planetimizdə bu yanacaq növlərinin ehtiyatının azalması, onlardan istifadənin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, enerji sistemində bərpa olunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə mənfi təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, insan sağlamlığına, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə qatılıq-larının normallaşmasına nail olmaqdır.

Havanın çirklənməsi insan və heyvanların sağlamlığına, görmə qabiliyyətinə, bitkilərin inkişafına mənfi təsir göstərir. Bərk yanacaq və mazut kimi karbonlu maddələrin natamam yanması nəticəsində əmələ gələn bərk və maye hissəciklərin qaz qarışığı olan tüstü havanın çirklənməsinin bir növüdür və görmə məsafəsini azaltmağa təsir göstərir.

Buna görə də günümüzün aktual məsələsi kimi ətraf mühitin iqlim dəyişikliyindən və çirklənmədən qorunması məqsədilə dünya ölkələrində fermerlər, yerli icmalar və bütünlüklə əhali arasında dayanıqlı kənd təsərrüfatı, torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair maarifləndirmə işləri aparılır.

Səhralaşmanın qarşısının alınması, yeni meşə zolaqlarının salınması, flora və faunanın qorunması, vaxtında ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə tədbirlərinin görülməsi insan sağlamlığına müsbət təsir göstərən amil kimi qiymətləndirilməlidir. Əks halda havanın çirklənməsi canlıların sağlamlığına mənfi təsir göstərməklə müxtəlif növ xəstəliklərin meydana çıxmasına səbəb olacaqdır. Havanın təbii tərkibini pozan və çirkləndirən maddələrin, başqa sözlə, çirklənmiş havanın inhalyasiyası ağciyər toxumaları üçün xüsusilə dağıdıcı və öldürücü ola bilər. Tənəffüs nəticəsində havadakı hissəciklər və tüstü inhalyasiya zamanı udulur və ağciyərlərə çatır.

Belə ki, uzun müddət silikat tozları ilə nəfəs aldıqda silikatoz (pnevmokonioz) və xroniki toz bronxiti inkişaf edir. Uzun müddət tozlu mühitdə işlədikdə yuxarı tənəffüs yolları və bronxların selikli qişalarının atrofiyası baş verir ki, nəticədə, tozların böyük bir hissəsi allveollarda qalır və toz hissəcikləri limfa sisteminə daxil olur. Limfa sisteminə daxil olan tozlar faqositə uğradılaraq məhvə gedir. Faqositə uğramayanlar isə limfa düyünlərində toplanır. Təcrübi və kliniki yolla sübut olunmuşdur ki, silikat tozlarının hissəcikləri  orqanizmin bioloji mühitində yaxşı həll olmaqla sərbəst silikat turşusu xaric edilir ki, bu da ağciyər toxumasına öz təsirini göstərir.

Havanın çirklənməsi, ümumiyyətlə, havada zərərli kimyəvi maddələrin, hissəciklərin və qazların olması ilə müəyyən edilir. Bu çirkləndiricilər sənayeləşmə, nəqliyyat vasitələrinin emissiyaları, kənd təsərrüfatı təcrübələri və digər insan fəaliyyəti nəticəsində yarana bilər.

Çirkli hava astma, bronxit və xroniki obstruktiv ağciyər xəstəliyi kimi tənəffüs yolu xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqla çirklənmiş hava ilə tənəffüs nəticəsində insanlar nəfəs darlığı, öskürək və xırıltı kimi simptomlarla qarşılaşa bilərlər. Havanın çirklənməsinə məruz qalma ürək xəstəlikləri riskini artırır. Xüsusilə incə hissəciklər qan damarlarına təsir edərək, iltihaba səbəb olaraq infarkt və ya insult riskini artıra bilər.

Havanın çirklənməsi immunitet sistemini zəiflətməklə infeksiyalara qarşı həssaslığı artıra, ümumi sağlamlığa, əhvali-ruhiyyəyə mənfi təsir göstərə, depressiya və narahatlıq kimi psixoloji pozğunluqların riskini artıra bilər.

Uşaqlar, yaşlılar və mövcud sağlamlıq problemləri olan şəxslər hava çirklənməsinin mənfi təsirlərinə daha çox həssasdırlar. Bu qruplar havanın çirklənməsindən daha çox təsirlənə bilər.

Nəticə etibarilə, havanın çirklənməsi sağlamlığımız üçün geniş spektrli mənfi təsirlərə səbəb ola biləcək mürəkkəb problemdir. Buna görə də havanın keyfiyyətinin yaxşılaşdırılması tədbirləri əhalinin sağlamlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 22.11.2024 14:28