NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Estetik əməliyyata meyillilik insanın həqiqi ehtiyacındanmı irəli gəlir, yoxsa psixoloji təsirlərin nəticəsidir?

...

Güzgülər son vaxtlar daha çox yalan danışır. Baxırsan, kipriklər daha uzun, burun daha incə, dodaqlar daha dolu, amma baxışlarda həyat yoxdur. Baxışlarda nə uşaqlıqdan qalan təbəssüm, nə də illərin izi var. Güzgü sənə başqasını göstərir – sənə bənzəyən, amma sən olmayan birini.Bəzən bir burunla başlayan dəyişiklik, bir üz konturu ilə davam edir… Və sonra insan öz-özünün layihəsinə çevrilir. Daxilindəki natamamlıq hissi isə cərrah bıçağının kəsə bilməyəcəyi qədər dərində yatır.Estetik əməliyyat, sadəcə, bədənin formasıyla oynamır. O, insanın özgüvəninə, şəxsiyyətinə, sosial kimliyinə, bəzən də həyat yoluna müdaxilə edir. Amma dəyişən yalnız zahirdirsə, dəyişməyən bir ruh bu bədənə necə yerləşsin? Çünki bəzi yaralar bədənimizdə deyil, ruhumuzdadır. Və o yaraları silikonla doldurmaq, bıçaqla formalaşdırmaq, filtrlərlə gizlətmək mümkün deyil. Ən böyük estetik əməliyyat özünü olduğu kimi görüb, olduğu kimi sevməkdir. Bəzən aynadakı simanı düzəltmək yox, aynaya baxışını dəyişmək yetər. Bu yazı gözəllik axtarışının bəzən necə bir psixoloji yorğunluğa çevrildiyini, bıçaq altında qalan özgüvən hekayələrini, müasir dünyanın “ideal qadın” və ya “ideal kişi” təzyiqlərini və gözəlliklə xoşbəxtlik arasındakı dərin fərqi araşdırır. Estetik əməliyyatlar  bəzilərinə ikinci şans, bəzilərinə isə son ümid kimi təqdim olunur. Amma bu gözəllik dəyişimi nə qədər psixoloji rahatlıq gətirir, nə qədər zərər verir? Məhz bu suallara cavab almaq üçün psixoloq Arzu Mustafayeva ilə həmsöhbət olduq. Estetik əməliyyata gedən insanın daxili dünyasında baş verən dəyişiklikləri, cəmiyyətin gözəllik təzyiqlərini və görünməyən psixoloji yaraları anlamağa çalışdıq.
 –  Sizcə gözəllik anlayışının psixoloji izahı nədir?
–  Gözəllik anlayışı insanın yalnız xarici görünüşü ilə deyil, daxili dünyası, özünə münasibəti ilə formalaşan bir anlayışdır.İnsan özünü dəyərli və xoşbəxt hiss etdikdə bu hisslər onun davranışına, baxışına və hətta görünüşünə də təsir edir.”
İnsan özünü sevməyi necə öyrənə bilər – bıçaq altında, yoxsa güzgü qarşısında?
– İnsan özünü sevməyi yaşadığı təcrübələrlə, özünü tanımaqla və şüurlu davranışlarla öyrənə bilər ki, bu da mərhələlərlə formalaşır:
1. Özünü tanıma dəyərlərini, istəklərini və sərhədlərini kəşf etməlidir.Özünü tanımadan sevmək çətindir.
2. Özünü qəbuletmə. İnsan güclü tərəfləri ilə yanaşı, zəif tərəflərini də görüb, onları insan olmağın bir parçası kimi qəbul etməyi bacarmalıdır.
3. Özünə qayğı göstərmə. Hər bir insan fiziki, emosional və ruhi ehtiyaclarını qarşılayaraq özünə hörmət etməlidir.
4. Müsbət daxili dialoq qurmağı bacarma, özünü tənqid etmək əvəzinə, dəstəkləyici və şəfqətli sözlər deməyi öyrənməlidir.
5. Təcrübələri ilə sağlam sərhədləri qoymaq və onu qorumağı bacarmalıdır.
–  Estetika cəmiyyətin psixoloji tarazlığına nə kimi təsir göstərə bilər?
– “Gözəllik” qavrayışı subyektivdir, yəni birinə gözəl görünən, digərinə o qədər də maraqlı gəlməyə bilər. Bu fərq şəxsi təcrübələr, emosional bağlar və mədəni dəyərlərləəlaqədardır. Lakin cəmiyyətdə  estetik əməliyyatlar gözəllik standartlarını dəyişdiyinə görə rəqabətə də çevrilib.
Sizin psixoloji təcrübənizdə estetik əməliyyatdan sonra peşman olan ya da psixoloji sarsıntı yaşayan pasiyentlər olubmu?
– Mən öz təcrübəmdə yeniyetmələrin, gənclərin  əksəriyyətinin  özgüvən əskikliyi ilə böyüdüklərini görürəm. Ona görə də onlar əməliyyatdan sonra özlərini daha çox xoşbəxt hiss edirlər.
Estetik əməliyyatlar, həqiqətən, insanı “xoşbəxt” edə bilərmi?
Uğurlu estetik əməliyyatlar insana özgüvən hissi aşıladığına görə onun zahiri görünüşü ilə yanaşı, ruh sağlamlığında da öz müsbət əksini  tapır.
Psixoloji olaraq estetik əməliyyata hazır olmayan bir insanı əməliyyatdan necə çəkindirmək olar?
– Psixoloji olaraq estetik əməliyyata hazır olmayan bir insanı bu qərardan çəkindirmək, sadəcə, “etmə” deməklə deyil, onun hisslərini, motivlərini və real vəziyyətini anlamaqla mümkündür.
Dinləmək və empatiya qurmaq
Güzgü effekti yaratmaq (özünü görməsinə kömək)
Risk və reallıqları göstərmək
Alternativ yollar təklif etmək 
Vaxt qazanmaq məqsədilə psixoloji dəstək almasına şərait yaratmaqla pasiyenti əməliyyatdan çəkindirmək mümkündür.
Estetik əməliyyata ehtiyac duymaq psixoloji baxımdan sağlam haldırmı?
– Estetik əməliyyat ehtiyacı sağlamlıq, özünəinamın üzərində qurulubsa, psixoloji cəhətdən problem sayılmaya bilər. Amma əgər o, daxili boşluqları doldurmaq üçün yeganə çıxış yolu kimi görülürsə, buartıq psixoloji yardıma ehtiyac olduğunu göstərir.
Estetik əməliyyat sonrası depresiya və ya dismorfik pozuntu hallarına rast gəlinirmi?
– Estetik əməliyyatdan sonra depressiyaya və disformik hallara,   təxminən, 10-20 faiz pasiyentdə qısamüddətli və ya uzunmüddətli şəkildə rast gəlinir. Ən çox risk faktoru əməliyyatdan öncə yüksək gözlənti və psixoloji narahatlıqdır.
Sosial mediada gözəllik standartları insan psixikasına necə təsir edir?
– Sosial media dövründə gözəllik qavrayışı daha çox güclənib, bəzi insanlar öz görünüşlərindən narazı qalaraq estetik müdaxilələrə yönəlirlər. Nəticədə, gözəllik həm xarici görünüş, həm də daxili harmoniyanın və psixoloji rahatlığın birgə məhsuluna çevrilir.
Psixoloji baxımdan əməliyyatdan öncə konsultasiya vacibdirmi?
Əməliyyat istər estetik, istərsə də tibbi məqsədli olsun, insanın həm bədəninə, həm də psixikasına təsir edən ciddi bir prosesdir. Psixoloji konsultasiya xəstənin emosional vəziyyətini, gözləntilərini və qərarvermə motivasiyasını qiymətləndirməyə kömək edir. Depressiya və bədən dismorfik pozuntu kimi riskləri azaldır. Xəstənin əməliyyata psixoloji cəhətdən hazır olmasını təmin edir.

Günay HACIYEVA

Nəşr edilib : 20.08.2025 15:24