NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Əsrin neft müqaviləsi

...

ABŞ-da nəşr olunan “Azerbaijan International” (Azərbaycan Beynəlxalq) jurnalının təsisçisi və baş redaktoru, jurnalist-tədqiqatçı Betti Bleyerin 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevdən aldığı ikinci müsahibə həmin jurnalın 1994-cu ilin (2.4) sayında ingilis dilində oxuculara təqdim edilib. Həmin vaxtdan  30 il ötməsinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin bütün dövrlər üçün əhəmiyyətli olan fikirlərini, siyasi baxımdan çətin dövrlərdə, neft müqavilələrinin imzalanması zamanı Azərbaycanın milli maraqlarının qorunması istiqamətində apardığı gərgin danışıqlar və yorulmaz fəaliyyətinin, eləcə də ozamankı Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində yürütdüyü müdrik və praqmatik siyasətinin incə detallarını ictimaiyyətə çatdıran həmin müsahibənin bugünkü aktuallığını nəzərə alıb onu ilk dəfə ingiliscədən Azərbaycan dilinə tərcümə edirik.

***

1994-cü ilin 30 sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerə xüsusi müsahibə verib. Müsahibə Prezidentin Azərbaycana geri qayıtmasından bir neçə saat əvvəl, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının “Plaza” mehmanxanasının 30-cu mərtəbəsində Prezident üçün ayrılmış xüsusi lüks nömrədə gerçəkləşib.
Betti Bleyer: – İndi neft müqaviləsi imzalanmışdır və Azərbaycanda bir sıra ölkələr qeyd-şərtsiz əmlak hüququna malikdir; siz indi dünyanın bir çox tanınmış liderləri ilə görüşmək imkanı əldə etmisiniz. Qarabağ münaqişəsinin Azərbaycanın şərtlərinə uyğun – sülh yolu ilə həllinə daha çox yaxınlıq hiss edirsinizmi?
Heydər Əliyev: – Mən indi çox arxayınam, lazım olduğundan artıq, Azərbaycan Ermənistanla mövcud münaqişənin sülh yolu ilə həllinə  nail olmağa daha yaxındır. Mənim hökumətimin bütün ilboyu, xüsusilə də yaxın həftələr ərzində yorulmaz səyləri bu problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində davam etmişdir. Bu günlərdə bizim məqsədimiz haqq səsimizi dünya birliyinə çatdırmaq və Azərbaycan Respublikasının çətin vəziyyətinin real mənzərəsini təqdim etmək olmuşdur. Biz, eyni zamanda sülhə nail olmaq üçün mümkün olan imkanları yaratmaq istəmişik. Mən bütün bu hökumət və şirkətlərin ən yüksək səviyyəli vəzifəli şəxsləri ilə bu yaxınlardakı görüşlərimdə münaqişəyə son qoyulması məqsədilə xalqımın böyük arzusunu və Azərbaycan hökumətinin yekdil və aydın mövqeyini bildirmişəm. 
Dörd gün əvvəl (26 sentyabrda) burada, Nyu-Yorkda  Prezident Klinton ilə keçirilmiş çox mühüm tarixi görüşdə, mən qeyd-şərtsiz münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın şərtlərini izah etdim. Mən ona dedim ki, biz aşağıdakı məsələlərdə güzəştə getməyi istəmirik:           
1. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın bütün silahlı qüvvələrinin çıxarılmasının təkidlə tələb olunması;
2. Erməni təcavüzünün nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş bir milyondan artıq Azərbaycanın qaçqın vətəndaşının qayıtması;
3. Azərbaycanın ərazi bütövlüyünün və müstəqil suverenliyinin təminatı. 
Prezident Klintonun Dağlıq Qarabağ məsələsinə xüsusi diqqəti məndə dərin təəssürat yaratdı. O mənə məlumat verdi ki, onun Rusiyanın Prezidenti Yeltsin ilə qarşıdan gələn görüşünün gündəliyində duran bəzi vacib problemlərdən biri də Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsidir.
Bizim birlikdə müzakirə etdiyimiz digər məsələlər isə ölkələrimiz arasında sosial, siyasi və iqtisadi əlaqələr haqqında oldu. Əlbəttə, biz 20 sentyabrda Azərbaycanda doqquz şirkətdən dördünün Amerikaya aid olduğu Qərb Neft Konsorsiumu və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında imzalanan Neft müqaviləsinin (1994-cü il 20 sentyabr tarixdə Bakı şəhərində imzalanan “Əsrin müqaviləsi”ni nəzərdə tutur – S.A)  əhəmiyyətindən bəhs etdik.
Bildiyiniz kimi, daha əvvəl o bu müqaviləni “tarixdə ən böyük müqavilələrdən biri” adlandıraraq mənə bu münasibətlə təbrik məktubu göndərmişdi. O, Neft müqaviləsinin Azərbaycan xalqının rifahı, iqtisadi inkişafı və sabitliyinin təmin olunması ilə yanaşı, Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin həlli üçün əsas rol oynayacağına əminliyini bildirdi.
Bu həftə başqa görüşlərdə mən Birləşmiş Millətlər Təşkilatının Baş katibi, cənab Butros – Qali və İngiltərənin, Fransanın, Almaniyanın, Türkiyənin və İranın xarici işlər nazirləri ilə Ermənistanın təcavüzü nəticəsində işğal olunan respublikamızın vəziyyəti haqqında birbaşa və açıq danışdım. Mən bizim mövqeyimizi və şərtlərimizi – münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyimizi izah etdim.
Mən həmçinin regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi zərurətini xüsusi vurğuladım. Bu qoşunlara, həqiqətən, Azərbaycanın strateji və potensial qonşusu kimi ruslar da daxil edilməlidir. Buna baxmayaraq, Rusiyanın bu münaqişəni təkbaşına həll etmək arzusu bizim üçün nə düzgün, nə də məqbul hesab olunur.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq  üzrə Müşavirənin (ATƏM) Minsk Qrupunun sədri Jan Eliassonla görüşümdə biz – hər ikimiz bu münaqişənin həlli prosesinin ATƏM və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində baş verməsinin vacibliyini razılaşdıq. Mənim təəssüratım budur ki, bu mövqe Prezident Klinton daxil olmaqla görüşdüyüm liderlərin əksəriyyəti tərəfindən dəstəkləndi və qəbul edildi.
Dünən məhz Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 49-cu sessiyasında çıxış edərkən mən Azərbaycan Respublikasının daxili və xarici siyasətinin prioritetlərini xüsusi qeyd etdim və dünya birliyinə çatdırdım. Buna görə də, şübhəsiz, münaqişənin uğurlu həllinin çox çətin olduğu dünya səhnəsində Azərbaycanın statusunu və perspektivini indi daha çox başa düşənlər var.
Betti Bleyer: – Siz, şəxsən, xüsusilə uzun müddət birbaşa məşğul olduğunuza görə neft müqaviləsinin imzalanmasından çox məmnun olmalısınız. Demək olar ki, bir neçə həftə əvvəl danışıqlar aparan şəxs kimi Hyustondan qayıtdıqdan sonra belə tez neft müqaviləsinin imzalanması sizin adınızla bağlıdır. Buna baxmayaraq, müqavilənin reallaşmasından əvvəl həll olunmalı problemlər hələ də var. Xüsusilə boru kəməri marşrutu, Xəzərin statusu ilə bağlı problemlər və bu müqavilənin yerinə yetirilməsinə mane olmaq istəyən şəxslər və xalqlar var.
Heydər Əliyev: – Bizim indi əlimizdə olan  müqaviləyə, nəhayət, nail olmaq üçün çətin yol keçilib. Hər iki, həm daxili, həm də xarici amillər maneə törətdiyinə görə danışıqlar üç il davam edib. Səhvlər edilmişdir. Azərbaycanın milli maraqlarının mütəmadi nəzərə alınmadığı, təmin edilmədiyi vaxtlar var idi. Məhz ona görə mən Prezident Fərmanı imzalayaraq danışıqların ikinci mərhələsinə şəxsən nəzarət etməyi düşündüm. Biz tələb etdik və mən güman edirəm ki, biz bütün tərəflər üçün qarşılıqlı xeyirli olan bir müqavilə imzalamışıq. Nəhayət, bu son dərəcə vacib və tarixi əhəmiyyətə malik olan müqavilənin uğuru – Azərbaycanın milli maraqları ilə birbaşa bağlı olmasındadır.
Mən məmnunluqla deyə bilərəm ki, biz tarixi əhəmiyyəti olan bu müqavilənin imzalanmasında bütün maneələrə və çətinliklərə, nəhayət, qalib gəlmişik; bununla yanaşı, sizin qeyd etdiyiniz kimi, müqavilənin imzalanmasından sonra müxtəlif cür çətinliklər meydana çıxmışdır. Onların  arasında əsas Xəzərin statusunun “tanınmama”sına görə Rusiya hökuməti tərəfindən irəli  sürülən qəbuledilməz şərtlər və verilmiş bəyanatlardır. Onların müqaviməti yalnız mətbuatda yayılan ümumi məlumatlardır. Amma sizə deyə bilərəm ki, mən hesab etmirəm ki, bu bəyanatlar ciddi problem yaradacaq.
Birincisi, müqavilədə Rusiyanın neft şirkəti “LUKOYL”un (milyardlarla dollarlıq müqavilənin) artıq 10 faiz gəlir payı var. İkincisi, biz 1993-cü ilin oktyabrında Azərbaycanla Rusiya arasında Xəzərin Azərbaycan sektorunda neft hasilatını tənzimləyən müqavilə imzaladıq. Həmçinin Rusiyanın Energetika Nazirliyinin nümayəndəsi cənab Stanislav Puqaç Rusiya Hökuməti adından (20 sentyabrda müqaviləni imzalayan digər tərəflərlə birlikdə) bu müqaviləni imzalayıb. Üçüncüsü, bu müqavilənin imzalanması müddətində, yaxud sonra Rusiya hökuməti tərəfindən Azərbaycan hökumətinə heç vaxt rəsmi bəyanat daxil olmayıb. Misal üçün, mən Prezident Klintona bildirdim və o bütün neft şirkətlərinin nümayəndələrini cəlb etdi, mən bu söylənilən məlumatlarda və iddialarda əsaslı heç nə görmürəm. Biz bu qəzet məlumatlarına fikir verməyərək müqavilənin həyata keçirilməsi prosesini davam etdirəcəyik.
Müqavilənin bir şərti tələb edir ki, müqavilənin imzalanmasından sonra, 54 aydan gec olmayaraq boru kəməri Azərbaycandan nefti nəql etmək üçün hazır vəziyyətdə olmalıdır. Bu başqa bir çətinlikdir. Müxtəlif qüvvələr cürbəcür marşrutların yaradılmasına təzyiq göstərirlər. Bizi narahat edən isə marşrutun təhlükəsizliyi, siyasi sabitlik və iqtisadi səmərəlilikdir. Mən deyərdim ki, Türkiyə bu danışıqların hər ikisində  ən yaxşı seçim olacaq.
Mənim qeyd etdiyim kimi, bizim işimiz hələ qurtarmır. Bu yolda bizi çətinliklər və problemlər gözləyir; buna baxmayaraq, biz bu müqavilənin həyata keçirilməsini təmin etmək üçün bütün qüvvələrimizi əvvəlcədən səfərbər etməyə və gələcəkdə istənilən problemin öhdəsindən gəlməyə hazırıq. 
Betti Bleyer: – Dünyada iki çox güclü dövlət var idi, siz də əsas liderlərdən biri idiniz və buna görə də sizin geniş siyasi təcrübəniz var. Siz indicə dünyada yeganə güclü dövləti idarə edən və kifayət qədər gənc lider olan Prezident Klintonla şəxsən görüşübsünüz. Sizin Bill Klintonla bağlı şəxsi təəssüratınız necədir və onun Azərbaycanla bağlı problemlərə yanaşmasına dair sizin fikriniz nədir?
Heydər Əliyev: – Düzdür, siz bilirsiniz ki, siyasətə və rəhbərliyə gələndə yaşın neçə olması vacib deyil. Bu, doğrudur ki, mən uzun müddət siyasətdə olmuşam və dünyanın güclü bir dövlətinin (SSRİ-ni nəzərdə tutur – S.A.) əsas rəhbərliyinin üzvü kimi daxildən və xaricdən bütün bunları görmüşəm. Hər halda, Bill Klinton Amerika Birləşmiş Ştatlarında seçilmiş prezidentdir və onun seçilməsindən sonra mən ona çox böyük hörmətlə yanaşmışam.
Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyəndə kömək üçün ona etdiyim xahişimə cavabını heç vaxt unutmaram. O, prezident seçiləndə mən ona təbrik məktubu göndərdim və Ermənistanın törətdiyi blokadaya görə Naxçıvan Muxtar Respublikasında yaranmış çətin vəziyyəti ona izah etdim. Dərhal, o, bir yük təyyarəsi yardım təşkil etdi və bizə göndərdi.
Mən Bill Klintonu yüksək təcrübəli bir siyasətçi hesab edirəm. O, çox ağıllıdır. O, xeyirxah şəxsdir və digər xalqların problemlərinə görə narahat olur. Məhz buna görə də mənim, həqiqətən, ona böyük hörmətim var.
Mən Prezident Klintonu Azərbaycanın problemlərini həll etməkdə bizə çox böyük kömək etməyi bacaran dost və tərəfdaş kimi görürəm. Bütövlükdə, mən deyərdim ki, bizim görüşümüz çox səmimi və səmərəli keçdi. Biz bir-birimizi çox aydın başa düşdük. Və o mənim verdiyim məlumatlara böyük maraq göstərdi. Mənə elə gəldi ki, o bizim gələcəyimizlə bağlı problemlərin həlli üçün irəli sürdüyüm təklif və tövsiyələrimi qəbul etdi.
Betti Bleyer: – Bizimlə görüşmək üçün burada, Nyu-Yorkda çox sıx iş qrafikinizdən vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Jurnalımızın kollektivi son dərəcə gərgin əməyin və fədakarlığın nəticəsində regionda sülhü və inkişafı təmin etmək üçün həyata keçirilən bu planların yaxın günlərdə müvəffəqiyyət qazanması üçün sizə və Azərbaycan xalqına ruh yüksəkliyi və uğur arzulayır. 
Heydər Əliyev: – Azərbaycana olan səmimi marağınıza görə sizə və jurnalınıza, “Azerbaijan International”ə təşəkkür edirəm. Bu, ilk dəfədir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında belə yüksəkkeyfiyyətli jurnal nəşr edilir. Bizim tariximizdə bundan əvvəl heç vaxt Azərbaycana həsr edilmiş “Azerbaijan International” kimi belə gözəl jurnal olmayıb. Və bu sizin və sizin kollektivinizin xoş niyyətlə yaratdığınız bir jurnaldır və buna görə mən sizə təşəkkür edirəm.
Biz harada yaşamasından asılı olmayaraq, bizə kömək edən azərbaycanlılara və sizin kimi Azərbaycanı sevən digər xalqın nümayəndələrinə ehtiyac duyuruq. Avropada və Amerikada sizin kimi bizə kömək edən kifayət qədər insan yoxdur. Biz indi çox güclü diaspora malik olan və öz məqsədləri üçün çoxlu məqalələr, qəzet və jurnallar nəşr etdirən Ermənistanla müharibə vəziyyətindəyik.
Azərbaycana kömək edən azdır. Buna görə də Azərbaycana böyük sevgisi olan sizin və sizin kollektivinizdəki kimi insanlar təkcə bizim ölkə üçün deyil, həmçinin regionda sülh və ədalət naminə yaxşı iş görürlər. Mən sizin səylərinizi çox yüksək qiymətləndirirəm.

İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 20.09.2024 11:43