NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Erkən nikaha cəhdin qarşısı alınıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ-hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir. 
Təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Xələc kənd sakini 25 may 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan V.L-nin (ad və soyad şərtidir) 22 sentyabr 2006-cı il təvəllüdlü Şərur rayon Oğlanqala kənd sakini Z.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 17 sentyabr tarixdə toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib. Həmin məlumat əsasında 2024-cü il 16 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçiriləcək ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb. Qeyd edək ki, erkən nikaha cəlb edilən hər iki tərəf də yetkinlik yaşına çatmayan şəxs olublar.
Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır. 
Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.

Nəşr edilib : 26.09.2024 15:00