NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Erkən nikah uşaq hüquqlarının pozulmasıdır

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  “Şərq qapısı”na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib. 
Erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı növbəti maarifləndirici tədbir Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində baş tutub.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Müştalıyev erkən nikahın uşaq hüquqlarını pozmasından və bu istiqamətdə maarifləndirmə işinin aparılmasından danışıb. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
Əsasən, yuxarı sinif şagirdlərinin cəlb edildiyi tədbirdə Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülşən Həsənli bildirib ki, erkən yaşda ailə quran qızlar təhsildən kənarda qalır. Ölkə qanunvericiliyində erkən nikah hallarının qarşısının alınması ilə bağlı görüləcək hüquqi tədbirlərin daha da sərtləşdirilməsi erkən nikahların qarşısının alınmasında müsbət rol oynayacaq.
30 nəfərin yararlandığı tədbirin sonunda maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 10.10.2024 20:23