NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Erkən nikah uşaq hüquqlarının pozulmasıdır

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib. 
Erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı növbəti maarifləndirici tədbir Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov erkən nikahın uşaq hüquqlarını pozmasından və bu istiqamətdə maarifləndirmə işinin aparılmasından danışıb. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
Əsasən, yuxarı sinif şagirdlərinin cəlb edildiyi tədbirdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Gülxarə Tarverdiyeva bildirib ki, erkən yaşda ailə quran qızlar təhsildən kənarda qalır. Ölkə qanunvericiliyində erkən nikah hallarının qarşısının alınması ilə bağlı görüləcək hüquqi tədbirlərin daha da sərtləşdirilməsi erkən nikahların qarşısının alınmasında müsbət rol oynayacaq.
40 nəfərin yararlandığı tədbirin sonunda maarifləndirici broşürlər paylanılıb. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2024 11:53