NAXÇIVAN :

13 Aprel 2025, Bazar

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu: “Bu torpaq mənə çox doğma bir məkandır”

...

“Naxçıvanı öz ana yurdum sayıram. Çünki uzaq, ötən əsrdə mən burada iki il hərbi xidmətdə olmuşam. Bu doğma eli qarış-qarış gəzmişəm və sevmişəm. Amma bir neçə il öncə yenidən buraya qayıdanda mən Naxçıvanı tanımadım. Çünki bu qədim şəhərin təməlində yeni bir cavan şəhər ucalır. Gənclik illərim burada keçdiyi üçün özümü bir naxçıvanlı adlandırıram və çox böyük qürur hissi keçirirəm, sevinirəm... Deyim ki, bu təkcə şəhərin simasında deyil, insanların da çöhrəsində özünü göstərir. Naxçıvan Dövlət Universitetində oxuyan tələbələrin timsalında bunu daha aydın görmək olur”. 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Naxçıvan Dövlət Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında deyib.  
 “Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin ad günü ərəfəsində respublika müsabiqəsi keçirilir və seçilən gənc istedadları konsert üçün Bakı şəhərinə dəvət edirik. Heydər Əliyev Sarayında onlar müxtəlif yerlərə layiq görülərək mükafatlandırılırlar. Çox sevinirəm ki muxtar respublikadan olan gənclər də orada iştirak edirlər. Amma builki müsabiqədən görürəm ki, çox böyük inkişaf var. Deyim ki, hər ailənin bir başçısı olur, belə ki, hər hansısa bir müəssisə olsun və ya təşkilat onun rəhbərindən çox şey asılıdır. Biz bilirik ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu sahəyə nə qədər diqqət ayırır və qayğı göstərir. Ona görə də gördüyümüz nəticələrə biz təəccüblənmirik. Şəxsən mən özüm də bu tələbələr sırasında olsaydım, mənə də bu qədər diqqət, ehtiram, qayğı göstərilsəydi mən mütləq onu istedadım, qabiliyyətim, biliyimlə doğrultmağa çalışardım. Nəticədə, öz universitetimi bütün məclislərdə, kürsülərdə layiqincə təmsil edərdim. Sağ olsun, bizim tələbələrimiz ki, bu etimadı doğrultmağa çalışırlar. Bu gün də dediklərimin fonunda parlaq çıxışa baxdıq. Rəqqaslarımızın, qiraətçilərimizin, instrumental ifaçılarımızın, nəğmə söyləyənlərimizin çıxışları ilə kiçik bir konsert proqramını zövqlə izləmiş olduq. Naxçıvan Dövlət Universitetinin istedadları ilə seçilən tələbələrini Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert proqramında möhtəşəm çıxışlarının nümayişi ilə izləyəcəyik. Gənclərimizə, onları bu səviyyəyə gətirən müəllimlərinə, şəxsən bu elm ocağının rektoru Elbrus İsayevə uğurlar və ən gözəl diləklərimi bildirirəm”, – deyə Əməkdar incəsənət xadimi qeyd edib.


Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.04.2025 21:04