Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ...
21:17 18.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
İsveçrədə yaşayan azərbaycanlı yazıçı, uşaqlar üçün pyeslər müəllifi Eluca Atalı dünyanın bir sıra ölkələrində tanınır. Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq müəllifinə böyük şöhrət qazandırmışdır. Bu günlərdə o, Naxçıvan şəhərinin qonağı oldu, yazıçı ilə görüş keçirildi. Biz də bu imkandan istifadə edərək onunla həmsöhbət olduq: “Naxçıvana gəlişimin məqsədi xüsusi olaraq, ilk növbədə, yeni pyeslərimin nümayişini görmək idi. Bir dramaturq kimi pyeslərimin səhnə həyatına baxmaq mənə yaradıcılıq stimulu verir. Həm də pyesi yazan zaman bir növ nəzəri baxımdan işləyirsən. Səhnə həlli isə ideyanın açılışıdır. Eyni zamanda burada olarkən oxucularımla eyni zalda əyləşib tamaşanı onlarla birgə izləmək mənə daha da həyəcan gətirir. Onu da deyim ki, uşaqlar üçün pyes yazmaq özü bir məsuliyyətdir. Həmişə çalışıram, bu məsuliyyətin altından uğurla çıxım. “Yaşıl enerji”yə həsr olunmuş “Odunçunun nağılı” pyesim COP29-da oynanıldı. Həmcinin Naxçıvanda “GreenFest”də oynanıldı. Uşaqların üzlərindəki təbəssüm, aktyorlarla birgə hərəkət etmələri məni çox sevindirdi. Onlar ritmi birlikdə tuta bilmişdilər.
Budəfəki səfərimdə Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində “Enqa quşu” adlı əsərim təqdim olundu. Təəssüf ki, burada öncədən səhnələşdirilsə də, canlı tamaşa etmək imkanım olmamışdı. Sevindirici haldır ki, “Ağ göyərçin” adlı pyesim də həmin teatrda səhnələşdiriləcək. Burada rejissorlarla, aktyorlarla, elecə də oxucularımla da görüşdüm”.
Həmsöhbətimizin sözlərinə görə, ötən il onun yaradıcılığı üçün ən məhsuldar il olub və 8 pyes yazıb. Bunların beşi monotamaşadır. Deyir ki, indi səhnələrdə monotamaşalara böyük ehtiyac var. Ancaq nədənsə bu janrda yazanlar azdır. Monotamaşalardan biri – “Bir cüt göz” Vəfa Qulamzadənin ifasında oynanılacaq. İctimailəşən qadın obrazıdır. Digərləri isə böyük səhnə üçün nəzərdə tutulub.
Eluca Atalı bu il tərcümələrlə də məşğul olub. “Ənqa quşu” kitabı uyğur dilinə tərcümə olunub, uyğur məktəblərinə paylanılıb. Kitablarının ölkəmizlə yanaşı, Türkiyə, Kosova, Özbəkistan, Makedoniyada liseylərdə keçilməsi üçün səy göstərib. Onlarla bağlı ustad dərsləri keçib: “Onu da demək istəyirəm ki, illər öncə Naxçıvanda olmuşdum. Yaxşı xatırlayıram. Nuh Peyğəmbərin ayağı dəyən bu torpağın sakinləri səmimidirlər, qonaqpərvərdilər. Naxçıvanın gözəl tarixi abidələri var. İnsanları da sağ olsunlar ki, həmin abidələri qoruyub saxlıyırlar. Budəfəki səfərimdə də Naxçıvanı çox səliqəli şəhər kimi gördüm. Bura adama ruh verir. Yurdumuz hər yerdə dirçəlir. Eyni zamanda da Naxçıvanda görülən yenidənqurma işləri adamı fərəhləndirir”.
Aidə İBRAHİMOVA
Digər xəbərlər