Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ...
21:17 18.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İsveçdə yaşayan Azərbaycan yazıçısı Eluca Atalı ilə görüş təşkil edilib.
Görüşü giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Eluca Atalının yaradıcılığı özünəməxsusluğu ilə fərqlənir və yazdığı əsərlərlə cəmiyyətdə özünəməxsus ideyaları təbliğ edir. O, on iki yaşından şeir yazmağa başlayıb və ədəbiyyata yeni – fəlsəfi-bədii-miniatür janrını gətirib. Dünya, həyat, insan və onların ətrafında baş verən hər bir hadisə onun yaradıcılıq mövzusudur. Eluca Atalı xaricdə Azərbaycançılıq ideologiyasının təbliği ilə fəal məşğul olur və siyasi-sosial mövzularla bağlı yaradıcılıq nümunələri ilə seçilib tanınır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar Eluca Atalı haqqında, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Ənqa quşu”, Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova “Uzaq səfərin qəribə sonluğu”, Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Odunçunun nağılı”, Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aygün Rzayeva “İran Hizbullah zindanında” əsərləri haqqında bəhs edərək bildiriblər ki, Eluca Atalı Türk dünyası, bütöv Azərbaycan ideyasını təbliğ edən, yazdığı əsərlərlə gündəmə gələn dəyərli yazarlardandır. Onun fəlsəfi-bədii düşüncələrində dərin bir məna var. Eluca Atalının lirik duyğularına nəzər salarkən hiss edirsən ki, bu duyğular təklik, tənhalıq kimi duyğular üstündə köklənsə də, nə qədər qaranlıq olsa da, onların içində bir işığın ətri duyulur. Onun yaradıcılığında milli kalorit mövcuddur ki, bu da kənardan gələn adət və ənənələrə uyan insanlara, xüsusən də gənclərə bir nümunədir. Eluca Atalının uşaqlar üçün olan hekayələri daha diqqətəlayiqdir. Onları milli-mənəvi dəyərlərimizin işığında yetişdirmək üçün Eluca xanım uşaqlara saflığın, bədii təfəkkürün açarı olan nağıllar danışmağı çıxış yolu sayır.
Sonra Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov, Naxçıvan ədəbi mühitinin nümayəndələrindən Təranə Arifqızı, Alməmməd Eldaroğlu, Süsən Kərimli, Rəqsanə Tapdıqlı, Ümbülbanu Musayeva, Naxçıvan Dövlət Universitetinin müəllimi Şərəbanu Məmmədova və tələbələr müəllif haqqında təəssüratlarını bildirib, iştirakçılar tərəfindən müəllifə verilən suallar cavablandırılıb.
Görüşün sonunda Eluca Atalı yeni çapdan çıxmış kitablarını kitabxanaya hədiyyə edib.
Digər xəbərlər