NAXÇIVAN :

29 May 2025, Cümə axşamı

Elm və Vətən arasında körpü salan ömür

...

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli 1953-cü ilin 28 mayında – Azərbaycanın Müstəqillik Günündə dünyaya gəlmişdi. Sanki bu tarix onun taleyini öncədən yazırdı: bu insan Vətənə, millətə xidmət üçün doğulmuşdu.

Azərbaycan coğrafiya elminin sayılıb-seçilən simalarından biri olan, Nazim Bababəyli yalnız elm aləmində deyil, həm də Vətəninə bağlılığı, sadəliyi və yorulmaz fəaliyyəti ilə hər kəsin yaddaşında iz buraxmış bir şəxsiyyət idi.

Naxçıvan şəhərində dünyaya göz açan Nazim müəllim hələ uşaq yaşlarından elmə, təbiətə və coğrafiyaya olan marağı ilə seçilirdi. 1961-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbinə qədəm qoyan Nazim 1971-ci ildə məktəbi uğurla başa vurur və elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olur. Buradan aldığı baza təhsili sonralar onun elm yolunda atacağı böyük addımların başlanğıcı olur.

Universiteti bitirdikdən sonra SSRİ Baş Kosmos İdarəsinin “Kaspi” Elmi-İstehsalat Birliyində mühəndis, daha sonra elmi işçi kimi çalışan görkəmli alim, Azərbaycanın müxtəlif bölgələrində – Kür-Araz ovalığı, Mingəçevir, Acınohur və Böyük Qafqazda aparılan aerokosmik tədqiqatlarda iştirak etmiş, bu sahədə böyük təcrübə toplamışdı. Moskva şəhərində aspiranturada oxuduğu illərdə isə elmi dünyagörüşü daha da genişlənmişdi. O öz tədqiqatlarını bir masa arxasında deyil, əksinə, təbiətin qoynunda – dağlarda, düzənliklərdə, mağaralarda və su hövzələrində həyata keçirirdi. Nazim müəllim yalnız nəzəriyyə ilə kifayətlənmir, tələbələri ilə birlikdə çöl təcrübələrinə çıxaraq coğrafiyanı canlı dərs formasında tədris etməklə fənnini onlara sevdirməyə çalışırdı. Onun rəhbərliyi ilə aparılan ekspedisiyalar zamanı Darıdağ, Duzdağ, Arazboyu düzənlik kimi yerlərə tələbələri cəlb edərək onların coğrafi baxışlarının formalaşmasında mühüm rol oynamışdır. Nazim müəllim, sözün əsl mənasında, Naxçıvanın coğrafiyasının tədqiqatçısı idi.

Nazim Bababəylinin ən böyük xidmətlərindən biri Araz çayı ilə bağlıdır. O, Azərbaycanın bu mühüm transsərhəd çayını həm Naxçıvan Muxtar Respublikası, həm də Türkiyə Respublikası ərazisində uzun illər tədqiq etmiş, ekoloji vəziyyətinə dair dəyərli elmi nəticələr qazanmışdı. Onun apardığı araşdırmalar nəticəsində Araz çayının ekoloji rayonlaşdırılması həyata keçirilmiş, müxtəlif xəritələr – suyun kimyəvi tərkibi, temperatur rejimi, radiaktiv çirklənmə və digər göstəricilər üzrə qrafiklər tərtib olunmuşdur. O həmçinin Naxçıvanın landşaft müxtəlifliyinə də xüsusi diqqət ayırmış, bölgədə tipik səhra landşaftının mövcudluğunu ilk dəfə elmi şəkildə sübut etmişdir. Alimin “Orta Araz təbii vilayətinin səhra landşaftı”, “Arazboyunda səhra landşaftı” kimi əsərləri bu sahədə aparılan tədqiqatlar üçün əvəzolunmaz mənbə sayılır.

Nazim müəllim, eyni zamanda  Naxçıvanın, demək olar ki, bütün mağaralarını araşdırmış, Babək rayonunun Payız və Lizbirt kəndləri arasında yerləşən Vəlibaba mağarasını, Gülüstan kəndi yaxınlığında Dərəşam mağarasını, Nəhəcir və Biçənək mağaralarını tədqiq edərək bu yerlərin qədim yaşayış məskəni olduğunu sübut etmişdir. O, Naxçıvanda olan bütün çayların hidroloji rejimini öyrənmiş, onlar haqqında məqalələr dərc etdirmişdir.

Nazim müəllim elmə bağlandığı qədər də milli kimliyə, dövlətçilik ideyasına bağlı idi. 2005-ci ildən 2022-ci ilə qədər üç çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdu. Eyni zamanda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətində respublikamızı təmsil edirdi. O vətəndaşlıq mövqeyi, ictimai fəaliyyəti ilə göstərirdi ki, əsl ziyalı yalnız auditoriyada yox, həm də xalqın içində, onun dərdini anlayaraq yaşamalıdır.

Alimin 300-dən çox elmi məqaləsi, bir neçə monoqrafiyası və kitabı, dərs proqramları və metodik vəsaitləri gələcək coğrafiyaçı nəslin yetişməsində əvəzsiz rol oynayır. Hazırda Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasında tədris olunan aerokosmik coğrafiya fənninin əsas mənbəyi məhz onun elmi irsidir.

Nazim Bababəyli bir elm adamı olaraq təkcə biliyi ilə deyil, həm də Vətənə sevgisi, sadəliyi və tələbələrinə qarşı atalıq qayğısı ilə yadda qalıb. Onun ömrü elmə, təbiətə və doğma torpağa həsr olunmuş bir həyat nümunəsidir. Nazim müəllimin elmi potensialı təkcə universitetimizdə deyil, bütün respublika coğrafiyaçı alimləri tərəfindən yüksək dəyərləndirilmişdir. Elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Akademik Plyuqin” və “Tərəqqi” medalları ilə təltif olunmuş, 2013-cü ildə isə ona “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri” adı verilmişdir.

Bu gün Nazim Bababəylini xatırlayarkən, biz, sadəcə, bir coğrafiyaçını, bir müəllimi yox, həm də Vətənini sevən bir alimi görürük.

Tələbələrin qəlbində onun auditoriyada verdiyi dərs təkcə elm yox, həm də həyat dərsi idi. O auditoriyada öyrədilən ən böyük həqiqət bu idi. “Azərbaycanı sevin, onu qoruyun, onun üçün yaşayın”.

Etiqat BEKTAŞİ

Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının baş müəllimi

Uğur QULİYEV

Coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 28.05.2025 09:00