Ali Məclisin Mətbuat xidmətinin məlumatı
14:49 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
Maraqlı, bir o qədər qarışıq tarixə malik olan jest dili (işarə dili) eşitmə və nitq problemi olan insanların cəmiyyətlə əlaqə qurması məqsədi daşıyan mükəmməl vasitədir. Ümumiyyətlə, jest dili eşitmə qabiliyyəti məhdud şəxslərin jest, mimikalar və dodaq oxuması vasitəsilə qurduğu dialoq dilidir. Tarixi qədimlərə dayanan bu dilin harada yaranması və inkişaf etməsi ilə bağlı müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, bu dil ilk dəfə Romada yaranıb və əsasən, ruhanilər bu dildən istifadə ediblər. Başqa bir mənbədə bu dilin Amerikada yaşayan “Çeyen” adlanan yerli bir qızıldərili qəbiləsi tərəfindən yaradıldığı bildirilir. Jest dilinin yaranması ilə bağlı ən qədim yazılı qeyd eramızdan əvvəl V əsrə aiddir. Platon Kratil dialoqunda Sokrat deyir: “Əgər bizim səsimiz və ya dilimiz olmasaydı və bir-birimizə nə isə demək istəsəydik əllərimizi, başımızı hərəkət etdirərək işarələr etməyə çalışmazdıqmı?”
XV əsrdə isə italiyalı həkim Jerom Cardan tərəfindən jest dili əlifbası daha da inkişaf etdirilib və günümüzə çatdırılıb. Qeyd etmək lazımdır ki, Cənubi Afrika Respublikası eşitmə qüsurlu insanların istifadə etdiyi jest dilini ölkənin 12-ci rəsmi dili elan edib. Bu isə, təbii ki, jest dilinin hansı dərəcədə vacib olduğunu sübuta yetirən faktdır.
Mövzu ilə bağlı maraqlı məqamları Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təlimçi-surdoloq kimi fəaliyyət göstərən Dilbər Qədimovadan öyrənirik. 7 ildir, jest dili tərcüməçisi, son 1 ildir ki, təlimçi-surdoloq kimi fəaliyyət göstərən Dilbər xanım bildirdi ki, jest dili eşitmə məhdudiyyətli şəxslərin ünsiyyətini asanlaşdıran, onların fikir, duyğu və ehtiyaclarını ifadə etməyə imkan tanıyan bir dildir. Bu dilin digər dillərdə olduğu kimi, həm əlifbası, həm də lüğəti vardır və bu əlifba “daktil əlifba” adlanır. Burada hər hərf fərqli işarə ilə göstərilir. O qeyd etdi ki, hər ölkənin özünəməxsus jest dili var. Keçmiş SSRİ ölkələrində jest dili 90 faiz eynilik təşkil edir. Həmçinin beynəlxalq jest dili də mövcuddur.
Jest dilinin faydalarından bəhs edən müsahibim deyir ki, jest dili eşitmə məhdudiyyətli insanlara bir-biri ilə və eşidən şəxslərlə effektiv ünsiyyət yaratmağa kömək edir. Bu dil dostluq və münasibətlərin qurulmasında mühüm rol oynayır. Dilbər xanım bildirdi ki, bu dili öyrənmək istəyən və bu dilə marağı olan şəxslər bizə müraciət edirlər. Dili öyrənmək üçün ideal vaxtın kiçik yaşlardan başladığını vurğulayan müsahibim deyir ki, əgər söhbət eşitmə məhdudiyyətli şəxslərdən gedirsə, artıq ailədə kiçik yaşlardan düzgün jest dili öyrənilərək danışılmalıdır. Daha sonra 6 yaşından, yəni məktəb yaşından başlayaraq davam etdirilir.
“Bəs bu dili öyrənmək çətindirmi?” sualımızı müsahibim belə cavablandırır: “Əgər həvəs və istək varsa, baza yaratmaq çox asandır. Amma rahat danışıq üçün digər dillər kimi burada da praktika mütləq olmalıdır”.
Oxucularımızın diqqətinə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində eşitmə məhdudiyyətli şəxslər üçün jest dili üzrə dərslər keçilir. Burada onlara Azərbaycan dili və riyaziyyat fənləri jest dilində tədris olunur. Davamlı olaraq yeni uşaqların cəlbi üçün işlər görülür.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər