NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Elbrus İsayev: NMİ tələbələri öz ixtisaslarında təhsillərini davam etdirəcək və NDU diplomu alacaqlar

...

Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Dövlət Universitetinə qoşulması ilə bağlı Nazirlər Kabinetinin qərarı təhsil ictimaiyyətinin diqqətindədir. Qərara əsasən Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi olacaq.
Bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində bildirib: “Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Dövlət Universitetinə qoşulması ilə bağlı artıq hökumətin qərarı verilib. Hazırda Elm və Təhsil Nazirliyində qərardan irəli gələn məsələlərin və müvafiq prosedurların həyata keçirilməsi üçün komissiya yaradılıb. Yəqin ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyətə və mətbuata məlumat veriləcək”.
Rektor tələbələrin təhsilinin davam etdirilməsi məsələsinə də aydınlıq gətirib: “Burada heç bir sual yoxdur. İxtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğun ixtisaslardır. Tələbələr öz ixtisasları üzrə, təhsil aldıqları və seçdikləri istiqamətlərdə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. Qərara əsasən institutun bütün hüquqları, öhdəlikləri və əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Nəşr edilib : 24.09.2026 12:45