DİM: 5 dövlət orqanında 8 vakant vəzifə daxili müs...
18:01 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi 14:02
“Bu gün ənənəvi təhsil proqramlarına uyğun olaraq Naxçıvan Dövlət Universitetində istehsalat və pedaqoji təcrübələrin başlanğıc konfransı keçirildi. Bugünkü başlanğıc konfransını bizim keçirdiyimiz ənənəvi konfranslardan fərqləndirən cəhət bundan ibarətdir ki, konfransda bu dəfə istehsalat sahəsində olan tələbələrimizin, muxtar respublikanın nazirlik, komitə rəhbərlərinin iştirakı ilə baş tutdu. Təbii ki, ənənəvi olaraq hər il bizim yuxarı kurs buraxılış tələbələrinin keçdiyi bu istehsalat və pedaqoji təcrübələri də bu il biz mövcud tədris proqramlarına və təcrübələrin təşkili qaydalarına uyğun həyata keçirəcəyik. Biz istəyirik, mövcud təcrübələrimizə yeni yanaşmalar gətirək və təcrübələrimizi nəticəyönümlü edək”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.
Rektor deyib: “Təcrübələrimiz həm də əmək bazarında məzunlarımızın işlə təmin olunmasına istiqamətlənib. Onları peşəkar mütəxəssis kimi formalaşdırmaqla bərabər, həm də onların istehsalat sahələri ilə sıx əməkdaşlığını təşkil edə biləcəyik. Bu sahədə qurum rəhbərləri ilə imzalanmış müqavilə əsasında işləyirik və bu il bizim təcrübəyə göndərəcəyimiz tələbələrin sayı 1550 nəfərdir. Bunların 300 nəfəri qiyabi şöbənin, 1200 nəfəri isə əyani şöbənin tələbələridir. 80 ixtisas üzrə bakalavriat sahəsində bizim tələbələrimiz istehsalat və pedaqoji təcrübə yerlərinə gedəcəklər. 43 müəssisədə təcrübə keçəcəklər. Təcrübə müddəti 4 həftədən 20 həftəyə qədərdir. Bunlar ixtisaslara görə dəyişilir. Təcrübənin müəyyən kreditləri universitetimizdəki nəzəri təlimlərlə tamamlanacaq. Bəzi ixtisaslarımızda yumşaq və sərt bacarıqlara dair təlimlər keçiriləcək. Müəssisələrdə, istehsalat sahələrində təcrübələrimizin keçirilməsi və tələbələrimizin nəzəri biliklərinin praktikada tətbiqinə nail olmaq üçün aralıq yoxlamalar, eyni zamanda yekun hesabatların daha nəticəyönümlü olması istiqamətində tapşırıqlar müəyyənləşdirmişik”.
Muxtar respublikanın təşkilatlarına təcrübələrin təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirən Elbrus İsayev həmin təşkilatların layihə əsaslı təcrübələr təşkil edəcəklərinə əminliyini bildirib: “Bu il təcrübələrin layihə əsaslı keçirilməsinin tərəfindəyik. Tələbələrimiz bu işə hazırdır. Güman edirik ki, istehsalat təcrübəsi zamanı buraxılışa gedən məzunlarımız elə həmin müəssisələrdə də özlərinə yeni iş imkanları əldə edəcəklər. Qeyd edim ki, biz həm istehsalat pedaqoji təcrübələr dövründə, həm də onların buraxılış yekun dövlət attestasiya imtahanı ərəfəsində əmək bazarının tələblərinə uyğun karyera sərgiləri təşkil edəcəyik. Bu il də onu planlaşdırırıq. İyun ayında təcrübələr başa çatarkən biz yenə də karyera sərgisində təqdim olunmuş vakant yerlərə məzunlarımızın işlə təmin olunması üçün çalışacağıq. Bu həm bizim universitetimizin beynəlxalq reytinqlərində irəliləyişi, həm də məşğulluğa, eləcə də iş yerlərinin peşəkar kadrlarla təmin olunmasına öz töhfəsini verəcək. İnanırıq ki, 80 ixtisas üzrə təcrübə keçəcək tələbələrimiz bu müddət ərzində həm müəssisələrdə, həm də universitetdə qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirəcəklər. Mən bir daha bütün təcrübə rəhbərlərinə və təcrübəsiz tələbələrimizə bu prosesdə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, təcrübəmizin hesabatı da məhz başlanğıc konfransı kimi belə uğurla yekunlaşacaqdır”.
Aidə İBRAHİMOVA
Digər xəbərlər