NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Ədəbiyyat İnstitutunun qarşısında duran əsas vəzifələr müzakirə olunub

...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ədəbiyyat İnstitutundan bildirilib. İclasda 2025-ci ildə Ədəbiyyat İnstitutunun qarşısında duran əsas vəzifələr müzakirə olunub.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Konstitusiya və Suverenlik İli” ilə bağlı akademiya miqyasında geniş işlərin aparılacağını, müxtəlif tədbirlərin keçiriləcəyini, yeni kitabların yazılacağını, məqalələrin dərc olunacağını diqqətə çatdırıb.

O, həmçinin Ədəbiyyat İnstitutunda son illər aparılan elmi tədqiqatlar əsasında çap olunmuş kitablar barədə məlumat verərək yeni nəşrləri yüksək qiymətləndirib, bu kitabların gələcək tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağına əminliyini bildirib.

Tədbirdə “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Redaksiya Heyətinin yeni tərkibinin təsdiq edilməsi, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2025-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi”, eləcə də “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2025-ci il üçün İş planının müzakirəsi və təsdiqi” və “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2025-ci il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi” haqqında qərarlar qəbul edilib.

Daha sonra institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Günay Qarayeva “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” çıxış edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.

Nəşr edilib : 30.01.2025 17:52