Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyə...
19:57 19.03.2025
0
0
0
NAXÇIVAN :
19 Mart 2025, Çərşənbə
Artıq beş ildir ki, hər Novruz gələndə insanlarla bayram sevincini paylaşmaq üçün azadlığına qovuşmuş torpaqlarımıza səfər edən dövlət başçımız cənab İlham Əliyevin bu dəfə də Ağdərə rayonunda yerli sakinlərlə keçirdiyi görüşlər, burada həyata keçirdiyi bir sıra mühüm açılışlar Azərbaycanın qazandığı böyük qələbənin gətirdiyi ədalətin daha bir təntənəsi kimi yadda qaldı. Birinci Qarabağ müharibəsində amansız döyüşlərə səhnə olmuş, ancaq günahsız insanların tökülən qanlarının qisasının yalnız 30 ildən sonra alındığı bu torpaqlara bir daha düşmən ayağının dəyməyəcəyi, burada öz doğma torpaqlarına qayıtmış insanların bundan sonra quruculuq, abadlıq və firavanlıq içində yaşayacağını bildirən dövlət başçımız istər Ağdərənin Həsənriz, istərsə də Suqovuşan kəndlərində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər üzərindən illər keçdikdən sonra bu böyük qələbənin tarixi əhəmiyyətinə bir daha diqqətləri yönəltdi.
Ədalət gözlənilmir, onu gərək qazanasan! Prezident cənab İlham Əliyevin Qarabağın düşmən işğalından azad olunmasından sonra dəfələrlə səsləndirdiyi bu fikirlər bugünkü mürəkkəb qlobal geosiyasi aləmdə çox sərrast açar söz kimi yerini tutur. Xüsusən böyük güclərin ən çox da xristian təəssübkeşliyinə söykənən hərtərəfli dəstəyinə arxalanan işğalçı Ermənistanın başlatdığı terror və separatizm əməllərinə qarşı Azərbaycanın verdiyi öldürücü cavab bu gün həmin ədalətin memarı və müəllifi olan Ali Baş Komandanın dilindən Ağdərənin Həsənriz kəndində bir daha xatırlandı. Bu xatırlatma təkcə bir zamanlar Murovdağdan 60 kilometrə yaxın məsafəni piyada keçərək erməni terrorundan canını götürüb qaçan insanların həmin dəhşətli günləri bir də yada salması ilə deyil, eyni zamanda bu gün haradasa Ermənistana hücum silahları peşkəş edib, nəyəsə nail olmaq istəyənlərə də qarşı ciddi bir xəbərdarlıq idi. Bu kənddə yenidən məskunlaşan yerli sakinlərlə birgə Novruz tonqalını yandıran dövlət başçımız istər 44 günlük müharibədə, istərsə də 23 saatlıq antiterror əməliyyatı zamanı Azərbaycanın təkcə Ermənistanla deyil, onları açıq və üstüörtülü dəstəkləyən bütün xarici qüvvələrə qarşı savaşdığını bir daha xatırladaraq harada olmasından asılı olmayaraq, bizi gözü götürməyənlərə xalqımızın iradəsini unutmamağı da tövsiyə etdi.
Halbuki bütün dünya artıq bu həqiqəti yaxşı bilir və dünyanın bir çox dövlətlərinin hərbi akademiyalarında müzəffər Ordumuzun parlaq qələbəsinin sirləri öyrənilməyə çalışılır. Bu Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Suqovuşan kəndində olarkən dövlət başçımız tərəfindən bütün dünyanın bunu yaxşı bildiyi bir daha qeyd olundu. Burada inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə bayramlaşaraq onlara xoş günlər arzulayıb, gün-güzəranları ilə maraqlandı və müharibənin elə birinci həftəsində Suqovuşanın azad edilməsinin əhəmiyyəti vurğulandı. Ulu Öndər Heydər Əliyevin əsərləri olmuş Suqovuşan və Sərsəng su anbarlarının o dövrdə bölgə iqtisadiyyatı üçün əhəmiyyətindən də danışan dövlət başçımız işğal dövründə namərd düşmənin hətta su terroruna da əl atıb insanları yayda susuz qoymasını bir daha xatırlatdı. Qışda suyun lazım olmadığı vaxtda onu açıb ölkəmizin ərazilərini məhv edən düşmənin bu əməllərinə də ədalətin təntənəsi olan böyük qələbəmizlə son qoyuldu, Prezidentimizin sözü ilə desək: “Separatçıların kitabı bağlandı”. İndi Bakıda bütün dünyanın gözü önündə qurulmuş ədalət məhkəməsində cavab verən və törətdikləri cinayətlərə görə düşdükləri bu miskin hal da uca ədalətin təntənəsidir.
Azərbaycanlılar isə öz haqlı yolu ilə həyatlarına davam edir, öz doğma yurdlarına qayıdırlar. Həsənriz kəndində sakinlərlə söhbəti zamanı dövlət başçımız Azərbaycanın beynəlxalq hüquqa dayanan və tamamən qanuni əsaslarla apardığı mübarizədən danışaraq Azərbaycan Bayrağı altında yaşamaq istəyən hər bir kəsin vətəndaş ola biləcəyini də vurğulaması əli qana bulaşmış bütün separatçılara ciddi bir xatırlatma oldu. Bu gün Azərbaycanda yaşamağı qəbul edərək Xankəndidə qalıb və dövlətmizin bütün sosial xidmətlərindən faydalanan erməniəsilli vətəndaşlarımızın da olduğunu bildirən Prezident İlham Əliyev çürük siyasi populizmə yuvarlanmış avropalı ermənipərəstlərə də ciddi bir mesaj yollamış oldu. Dövlət başçımız bir daha bildirdi ki, bu bizim xalqımzın böyüklüyüdür və ermənilər öz doğma yurdlarında yaşamış azərbaycanlılara qarşı soyqırımı həyata keçirdikləri halda indi Xankəndidə yaşayan erməniəsilli insanlarla kimsənin bir işi yoxdur.
Prezident İlham Əliyev işğal dövründə keçmiş məcburi köçkünlərlə bütün görüşləri zamanı onları nikbin olmaları üçün ümidləndirmiş, bir gün hökmən öz yurdlarına qayıdacaqlarını bildirmişdi. Suqovuşanda sakinlərlə söhbəti zamanı da bunu bir daha xatırladan dövlət başçımız ədalətin təntənəsinə gedən yolun zəfərlərlə dolu olduğunu vurğulayaraq Azərbaycanın iqtisadiyyatının, ordusunun qüdrətlənməsi üçün keçilən 30 illik dövrü də qısaca yada saldı. Uca şəhidlərimizə rəhmət diləyərək dövlətimizin ordu quruculuğunda gördüyü işlərin, xüsusən də bu dövrdə yetişdirilən vətənpərvər gəncliyin qəhrəmanlığının heç zaman unudulmayacağını səsləndirən Prezident İlham Əliyev erməni separatçılığının kökünü kəsən böyük qələbəmizin son onilliklər ərzində tayı-bərabəri olmadığını və bundan sonra da olmayacağını bildirməklə ədalətli nəticənin ən yaxşı nəticə olduğunu bir daha vurğuladı. “Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır”, – deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!” – deyən dövlət başçımız bununla həm yerli sakinlərə, həm də okeanın o tayından Cənubi Qafqaza qədər bütün dünyada siyasi gündəliyini erməni sevdası üzərində qurmağa çalışanlara gec-tez uca ədalətin təntənə qazanacağını bildirdi.
Qədim türk inanclarında Novruz yeni gün, yeni təqvim, yeni həyat deməkdir. Bütün Şimal yarımkürəsinə qədəm qoymuş bu Novruz tam suveren ölkəmizə xüsusi fərəh, təmtəraq və sevinclə gəlir. Bu Novruz Azərbaycanda xüsusən ona görə daha rəngli və gözəldir ki, xalqımız digər bir müqəddəs günü – Ramazan bayramını da bu ərəfədə qeyd edir. Hamı inanır ki, bir vaxtlar yağı ayağı altında inləyərək xilaskarını gözləyən Qarabağ torpaqlarında indi boy atan novruzçiçəyi artıq bir daha düşmən tərəfindən tapdalanmayacaq, buradakı məscidlərdən həmişə azan səsi gələcək. Bu duaların müstəcəb olması, xalqımızın öz Vətənində dövləti, dövlət başçısı ilə xoşbəxt yaşaması da hər kəsin arzusunda olduğu ƏDALƏTİN təntənəsidir.
Əli CABBAROV
Digər xəbərlər