NAXÇIVAN :

27 Aprel 2025, Bazar

Düşünülmüş məqsədyönlü və uğurlu iqtisadi siyasət

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə olunmuş, sosial-iqtisadi inkişaf əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmış, yoxsulluq səviyyəsi minimum həddə endirilmişdir.

“Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini, təxminən, 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə müəyyən vasitəçi rolunu oynayırıq”. Bu sözləri Davos İqtisadi Forumunda Çinin CGTN telekanalına müsahibəsində Prezident cənab İlham Əliyev bildirmişdir. Sevindirici haldır ki, dövlət başçısının ölkəmizdə apardığı sosial-iqtisadi siyasət Azərbaycanın bütün bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilməkdədir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə olunmuş, sosial-iqtisadi inkişaf əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. 
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 539 milyon 514 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2023-cü illə müqayisədə 3,1 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2023-cü illə müqayisədə 2,5 faiz artaraq 3277,0 manata çatmışdır. İqtisadiyyatın bütün sahələrinə göstərilən hərtərəfli dövlət qayğısı sayəsində muxtar respublika iqtisadiyyatında özünəməxsus yeri olan özəl sektor özünün dinamik inkişaf tempini 2024-cü il ərzində də davam etdirmişdir. 2023-2024-cü illər ərzində özəl sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi ilə yanaşı, müxtəlif növ maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması, yerlərdə yeni kiçik və orta sahibkarlıq subyektlərinin formalaşmasına münbit şəraitin yaradılması, sahibkarların və fiziki şəxslərin normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırmış, yеni iş yеrləri аçılmış, əhаlinin mаddi rifаh hаlı yüksəldilmişdir. 
Muxtar respublikanın təbii ehtiyatlarının yüksək olması iqtisadiyyatın bütün sahələri ilə yanaşı, sənayenin də inkişafında mühüm rol oynamışdır. Muxtar respublikada təbii xammal bazasının mövcudluğu, yeni sahibkarlıq subyektlərinin yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada istehsal potensialının güclənməsinə də səbəb olmuşdur. 2024-cü ildə ev təsərrüfatlarında sənaye məhsulu istehsalı, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi sənaye sahəsində fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 467 milyon 196 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir. Ümumi istehsalın 87,0 faizi sənaye məhsullarının istehsalı, 13,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayedə dövlət sektorunun payı 86 milyon 986 min 600 manat və ya 18,6 faiz, qeyri-dövlət sektorunun payı 380 milyon 209 min 700 manat və ya 81,4 faiz olmuşdur. 
Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasını da “yaşıl enerji zonası” elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Prezident cənab İlham Əliyev Davos İqtisadi Forumunda Çinin CGTN telekanalına müsahibəsində bildirmişdir: “Qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri “yaşıl texnologiya”ya və “yaşıl enerji”yə investisiya etməkdən ibarətdir. Məhz bunu edirik. İnvestorlar üçün yaxşı investisiya mühitini yaratdıq. 2027-ci ilə qədər olan hədəfimiz 2 qiqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 qiqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır”. Cənab Prezidentin qeyd etdiyi kimi respublikanın digər bölgələri ilə yanaşı, muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Qeyd etmək lazımdır ki, son illər ərzində muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılmışdır. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpa olunan enerjinin payını artırıb. Cənab Prezident tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əsas prioritetlərdən biri də elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl enerji” istehsalıdır.
2025-ci il ərzində diqqət mərkəzində saxlanılan sahələrdən biri də kənd təsərrüfatı sahəsidir ki, bu da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında aparıcı rola malikdir. Prezident cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsinə də diqqət və qayğısı nəticəsində məhsul istehsalçılarının müxtəlif növ subsidiyalarının artırılması, kənd əməkçilərinin təsərrüfata bağlılığını daha da artırmışdır. Belə ki, vətəndaşlar və sahibkarlar tərəfindən meyvəçilik, bitkiçilik, arıçılıq və heyvandarlıq sahələrinin inkişafına maraq artmışdır. Bunun nəticəsidir ki, 2024-cü il ərzində 48470,8 ton dənli və dənli-paxlalılar, 4272,7 ton dən üçün qarğıdalı, 25,6 ton dən üçün günəbaxan, 56,7 ton tütün (qurudulmuş), 0,6 ton sarıçiçək, 5 ton küncüd, 0,6 ton yerfındığı, 23321 ton kartof, 26084,9 ton tərəvəz, 11135,7 ton bostan məhsulları, 31649,2 ton meyvə və giləmeyvə, 6494,8 ton üzüm yığılmışdır. Bundan başqa, 2024-cü ildə diri çəkidə 22488,2 ton ət, 63245,7 ton süd, 69627 min ədəd yumurta, 913,7 ton yun, 1,1 ton barama istehsal olunmuşdur. 2024-cü ilin göstəricilərini 2023-cü illə müqayisə etsək görərik ki, ilbəil kənd təsərrüfatının ümumi məhsulunda artımlar müşahidə olunur. Belə ki, kənd təsərrüfatının ümumi məhsulu 2,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,6 faiz, bitkiçilik məhsulları istehsalı 2,3 faiz artmışdır. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının bütün sahələrinə göstərilən dövlət dəstəyi hesabına muxtar respublikanın kəndlərində ailə təsərrüfatlarının yaranması və əldə etdikləri müxtəlif növ kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazarlara çıxarılması ilə nəticələnmişdir. Bu gün Azərbaycan Respublikası ərazisində, o cümlədən paytaxt Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı məhsullarının xüsusi maya dəyəri var və tələbat da gündən-günə artmaqdadır. 
Ümumilikdə, bütün sahələr üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinə baxdıqda görürük ki, muxtar respublikanın xarici ticarət dövriyyəsi 2024-cü il ərzində 125 milyon 622 min 70 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10 milyon 566 min 400 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 115 milyon 55 min 670 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Əlavə olaraq muxtar respublika iqtisadiyyatının digər sahələrində də 2024-cü il ərzində yüksək göstəricilərə nail olunmuş və 2025-ci il ərzində də uğurlu iqtisadi siyasətin davam etdirilməsi və bir sıra layihələrin həyata keçirilməsi istiqamətində işlərin aparılması nəzərdə  tutulmuşdur.       
Sonda onu da qeyd etmək lazımdır ki, ölkədə tətbiq olunan iqtisadi yeniliklər və iqtisadi artımlar dünyanın inkişaf etmiş qabaqcıl ölkələri tərəfindən maraqla izlənilir və təqdirəlayiq qiymətləndirilir. Cənab Prezidentin Davos İqtisadi Forumuna dəvət alması bunun bariz nümunəsidir. Ölkə üzrə istər makroiqtisadi göstəricilər istər daxildə, istərsə də xaricdə aparılan siyasət və Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması Ali Baş Komandan cənab İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətinin nəticəsidir. Qısacası, Prezident cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrlərdə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqət və qayğısının izləri görünməsin.

    Vüsal MƏMMƏDZADƏ
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı 

 

Nəşr edilib : 22.03.2025 13:45