NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Düşənbə sammiti: Azərbaycanın balanslı siyasəti və qəti mövqeyinin göstəricisi

...

Azərbaycan Vətən müharibəsində qazandığı tarixi zəfərlə regionun geosiyasi mənzərəsini tamamilə öz xeyrinə dəyişməklə həm də mövcud əməkdaşlıq əlaqələrini də yeni inkişaf müstəvisinə daşıya bilib. Bu kontekstdə ölkəmizin 70 il eyni ittifaqda birləşdiyi və 1991-ci ildə yaradılan Müstəqil Dövlətlər Birliyi (MDB) üzvləri ilə həm vahid platforma olaraq irəli sürdüyü ideyaları, həm də eyni zamanda ayrı-ayrılıqda regional hadisələrə yön verəcək faydalı münasibətləri xüsusi vurğu gərəkdirir. İstər Rusiya Federasiyası və Özbəkistanla imzalanan müttəfiqliyə dair bəyannamə, müqavilə, istərsə də digər üzv ölkələrlə müxtəlif, xüsusən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıqlar Azərbaycanın qazandığı siyasi karizmaya, uğurlu diplomatiyaya olan sarsılmaz etimaddan, hörmətdən irəli gəlir. Mütəmadi olaraq keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasları həm birlik olaraq vahid fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həm də ikitərəfli əlaqələrin yeni perspektivlərinin açılması baxımından faydalı müzakirələrlə yadda qalır. Okyabrın 10-da Tacikistanın Düşənbə şəhərində keçirilən növbəti sammit və sammit çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycan dövlətinin çoxvektorlu, balanslı siyasətinin və Prezident İlham Əliyevin qətiyyətinin növbəti göstəricisinə çevrildi...

Düşənbə sammiti Azərbaycan və Rusiya liderinin təkbətək görüşünün timsalında Azərbaycan diplomatiyasının regional çərçivəyə sığmayan beynəlxalq miqyaslı uğuru kimi müasir siyasi tariximizə həkk olundu. Sammit çərçivəsində iki ölkə prezidentlərinin dialoqu zamanı səsləndirilən fikirlər Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olan, ötən ilin dekabr ayında AZAL-ın təyyarəsinin vurulması məsələsinə tam aydınlıq gətirməklə, ikitərəfli əlaqələrdə soyuqluğun aradan qaldırılmasına, müsbət dinamikanın yaranacağına əminlik yaratdı. Putin ilk dəfə olaraq Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf etdi, istintaqın gedişatına uyğun əldə olunan nəticələri açıqladı və məsuliyyəti öz üzərinə götürərək faciəyə hüquqi qiymət veriləcəyini bildirdi. O, əvvəlki bəyanatlarında faciənin mahiyyətinə ötəri münasibət göstərsə də, bu dəfə məsuliyyəti tam qəbul edərək Azərbaycan tərəfinə açıq şəkildə üzrünü bəyan etməyi bacardı: “Görüşümüzə daha həssas mövzu – bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.

Azərbaycan və Rusiya dövlət başçılarının görüşünə Prezident İlham Əliyevin əsl lider qətiyyəti, özünəməxsus jest və mimikaları damğa vurdu desək yanılmarıq. Bəli, Azərbaycan liderinin faciənin baş verdiyi andan etibarən xalqımızın milli maraqlarına uyğun davranışı, qətiyyətli addımlar atması, kəskin bəyanatlar verməsi, dönməz mövqeyi faciənin ört-basdır olunmasına imkan vermədi. Vladimir Putinin görüş zamanı səsləndirdiyi “Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım” – fikirlər bunu bir daha sübut edir. Və Rusiya liderinin ikitərəfli görüş müddətində münasibətləri əvvəlki məcrasına qaytarmaq cəhdləri, sərgilədiyi jestlər Prezident İlham Əliyevin “Yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur” ideyasının əyani təntənəsidir...

MDB-nin həm təşkilat səviyyəsində, həm də ayrı-ayrılıqda üzvlərinin əksəriyyəti hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyib. Vətən müharibəsindən sonra həyata keçirilən Böyük qayıdış prosesində təşkilat üzvləri yaxından iştirak etməyə can atır, Qarabağda, Şərqi Zəngəzurda gedən genişmiqyaslı tikinti-quruculuq işlərinə də öz töhfələrini verirlər. Ötən dövrdə Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Xankəndi tikiş fabrikinin istifadəyə verilməsi, eləcə də bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində Füzulidə məscidin təməlinin qoyulması sarsılmaz qardaş dəstəyinin və mehriban münasibətlərin göstəricisidir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət, Gəncənin isə idman paytaxtı elan edilməsi və III MDB oyunlarının respublikamızda təşkili birlik üzvlərinin ölkəmizə olan yüksək hörmət və etimadından xəbər verir. Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı ölkəmizin şəhərlərinin ali status qazanmasını, III MDB oyunlarının təşkilini yüksək dəyərləndirdi, bu qəbildən tədbirlərin MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirdiyini, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək etdiyini vurğuladı.

Ümumilikdə, oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası və iclas çərçivəsində baş tutan ikitərəfli görüşlər Azərbaycan dövlətinin prinsipial mövqeyinin ortaya qoyulması, eləcə də üzv respublikalarla münasibətlərin müsbət dinamikada davam etdiyini göstərdi. Düşənbə sammiti bir daha sübut etdi ki, regionda bütün ictimai-siyasi hadisələr respublikamızın nəzarəti altında cərəyan edir və hər hansı təşəbbüsün, o cümlədən ideyanın, layihənin reallaşması üçün Azərbaycanın iştirakı, razılığı vacib amildir.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.10.2025 16:05