“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Müharibənin şiddətli günləri idi. Gün boyu, Tərtər şəhəri və kəndləri erməni artilleriyası hücumuna məruz qalırdı. Bu səbəbdən də Tərtər şəhərində yerləşən dükan və marketlərin əksəriyyəti dağılıb, yararsız vəziyyətə düşmüşdü. Amma iki mağaza xaric: biri böyük market,digəri, balaca dükan di. Düşmənin, şəhəri davamlı olaraq atəş altında saxladığından, hər iki mağaza çox vaxt bağlı olurdu. Ərazidə fəaliyyət göstərən biz və digər media nümayəndələri mağazaların açıq olduğunu biləndə gedib yüngülvari alış-veriş edirdik.
Oktyabr ayının ortaları idi. Tərtərdə bazar deyilən yerdən keçirdik. Hər iki mağazanın açıq olduğunu görüb maşını saxlayıb marketə girdik. Bəzi səbəblərdən heç bir şey almadan çıxıb qarşıdakı balaca dükana girdik. Adəti üzrə, 50-55 yaşlarında olan satıcı dayı ilə salamlaşıb nə ala biləcəyimizə baxdıq. Dükandakı vitrinə baxanda kasıb, zəif mağaza olduğu bilinirdi. Amma sahibi...
Həm artıq mağazaya girdiyimizə, həm də yemək üçün məcbur olduğumuza görə nəsə almalı idik. Əlqərəz, alacaqlarımızı torbalara yığıb hesablaması üçün satıcı dayının masasına qoyduq.
Satıcı dayı: “Sizdən pul almaram. Götürüb gedin. Halal xoşunuz olsun” dedi.
Biz nə qədər dirənsək də, satıcı da bir o qədər dirəndi.
Bizdən haralı olduğumuzu soruşdu.
Mən: Naxçıvan
Sürücü Namiq: Hövsan
Müxbir Elnur: Ağdam (Bərdə) dedi.
Satıcı dayı: ama, mən Tərtərliyəm! Siz hərəniz bir diyardan gəlib mənim rayonumda, mənim şəhərimdə mənim dərdimə şərik olursunuz. İndi siz deyin, mən sizdən 1 kq pomidor, 5 yumurtanın pulunu necə alım? Dünya beşgünlük dünyadır, oğul. Bu gün varıq, sabah yox. Odur ki, bu yaşlı dayını eşidin, götürüb gedin. Nə vaxt da gəlsəniz, sizə bu balaca, kasıb dükan qurbandı dedi.
Torbalarımızı götürüb narahat vəziyyətdə getməkdən başqa çarəmiz qalmadı.
Bir-neçə gün sonra mağazaların açıq olduğunu bilib ərzaq almağa getdik. Mağazaların yanına çatanda durduq. Elnur, Namiq mən, bir an göz-gözə gəldik. Gözlərimizlə danışırmış kimi olduq. Eyni anda, eyni fikri dilə gətirdik: indi hansı mağazaya girək? Dayının yanına getsək, birdən düşünər ki, keçən dəfə pul almadım deyə yenə gəldilər. Yox, digər marketə girsək, düşünər ki, mən pul almadım, amma ordan pul verib alırlar.
Bu fikirlə heç birinə girməyib, alver etmədən, gündəlik menyumuzla – həyətlərdən topladığımız narlarla yetinməli olduq.
Satıcı dayı ilə tanışlığmızın üzərindən bir-neçə gün keçmişdi. Oktyabr ayının 15-i, müharibənin 19-cu günü idi. İki ölkə arasında humanitar atəşkəs elan edilmişdi. Buna baxmayaraq, erməni tərəfi atəşkəsə əməl etməyib Tərtər şəhər qəbiristanlığındakı dəfn mərasimini vurdu. Bu məlumat bizə gələn kimi hadisə yerinə yollandıq. Dünyasını dəyişənlər, yaralananlar var idi. (bu günlər ərzində bir-neçə təhlükəli anlar yaşamışdıq. Onlardan birində sürücümüz Namiq yüngül xəsarət alıb Bakıya qayıdası olmuşdu. Onun yerinə Müslüm kişi gəlmişdi) Müxbirimiz Elnur, mən və sürücümüz Müslüm kişi, özümüzü tez qəbristanlığa yetirdik. Biz çatanda sonuncu ambulans məzarlıqdan çıxırdı. Mərmi düşən əraziyə yaxınlaşıb, çəkilişimizi edib qəbiristanlıqdan çıxıb birbaşa Bərdə Şəhər Xəstəxanasına getdik. Danışa bilən yaralılardan hadisə ilə bağlı məlumat almaq istəyirdik.
Bizim xəstəxanaya girməyimiz üçün müəyyən prosedur qaydalar var idi ki, o da bir qədər zaman aldı. Xəstəxana girişində ah-nalə edən qadınlar gördük. Qadınlardan yaşca böyük olanı susmur, ağlaya-ağlaya, bir ad çəkərək (adı unutmuşam) sən yaşadığını yaşamısan, ama Pərviz (kürəkən) cavandı, o yaşasın, deyirdi. Yaşca gənc olan xanım isə sakitcə, için-için ağlayırdı. O qədər ağlamışdı ki, artıq ayaqda dayanmağa halı yox idi.
Nəhayət, çəkilişə icazə verildi, biz içəri keçdik. Danışa bilməyən, vəziyyəti ağır olanlar reanimasiyada idilər deyə çəkə bilmədik. Yüngül yaralıları çəkdik, danışanların hər biri düşmənin etdiyi bu vandalizm aktını pisləyir, bu hadisə bizi qorxutmur deyirdilər.
Bu əsnada, məzarlıqdakı dəfn zamanı həlak olan və yaralananların siyahısı gəldi. Siyahıda şəhid olanların arasında satıcı dayımız və girişdəki qadının, sağ qalsın, – deyə yalvardığı Pərviz (kürəkən)in olduğunu biləndə əllərim qurudu, nitqim kəsildi. Nə çəkə, nə də danışa bildim. Bir neçə gün bundan öncə, “dünya beşgünlük dünyadır” deyən satıcı dayımız, beş gün keçmədən şəhadətə qovuşdu.
Özümə gəldikdən sonra satıcı dayımızla olan söhbətimizi xatırlayıb analiz etdim. Sən demə, satıcı dayı bizə təkcə ərzaq verməyib, dünya boyda nəsihət də veribmiş!
Ruhun şad olsun, Vasif dayı…
Operator Elşad HEYDƏROV
Digər xəbərlər