Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşm...
19:31 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Aynur Qəhrəmanova uzun illərdir, Vətəndən ayrı yaşasa da, qəlbi daim Azərbaycanla döyünür. İki övladı ilə birlikdə Almaniyanın Nürnberg şəhərində yaşayan Aynurun 2015-ci ildən etibarən həyatının mühüm bir mərhələsi Avropa ilə bağlı olub. Onunla telefon əlaqəsi yaradır, həmsöhbət oluruq.
Bildirir ki, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr təhsili alıb, 2012-2014-cü illərdə isə İnsan və heyvan fiziologiyası ixtisası üzrə magistratura təhsilini başa vurub. 2015-2020-ci illərdə Almaniyada yaşayıb. 2020-2022-ci illərdə Böyük Britaniyada, Suffolk Universitetində distant formada Biznesin idarə edilməsi üzrə magistratura təhsili alıb. Eyni zamanda 2020-ci ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2024-cü ildə yenidən Almaniyaya qayıdan müsahibim qeyd edir ki, xaricdə yaşadığı müddət ərzində Avropadakı azərbaycanlı icması ilə daim sıx əlaqədə olub. Burada yaşayan soydaşlarımızla mütəmadi görüşlər keçirir, xüsusilə əlamətdar günlərdə bir araya gələrək birlik və həmrəylik nümayiş etdirirlər.
Aynur deyir ki, bu cür təşəbbüslər Azərbaycanın Avropada daha düzgün və obyektiv şəkildə tanıdılmasına mühüm töhfə verir və mədəni körpülərin qurulmasına xidmət edir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mənim üçün harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən milli kimliyin, Vətən sevgisinin və birlik ruhunun simvoludur. Fürsətdən istifadə edərək bütün dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hər birimizə möhkəm birlik və davamlı həmrəylik arzulayıram”.
Bu gün dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlı hər zaman öz xalqı, dövləti ilə fəxr edir. Müsahibimiz Arzu Səfiyeva da onlardan biridir.
2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirən Arzu xanım 2004-cü ildə həmin universitetin məzunu, İordaniya vətəndaşı Rafat Abuhamdeh ilə ailə quraraq İordaniyanın Amman şəhərində məskunlaşıb. Burada Haşimilər Krallığının Hərbi Tibb Müəssisəsində Cərrah mama-ginekoloq ixtisası üzrə təhsilini davam etdirən müsahibim hazırda bu sahə üzrə fəaliyyət göstərir və o, üç uşaq anasıdır.
Arzu xanım deyir: “Əlbəttə, qürbətdə yaşamaq heç zaman asan olmur, cürbəcür çətinliklərlə üzləşirik. Ancaq burada yaşayan soydaşlarımızın mehribanlığı, birliyi, həmçinin səfirliyimizin bizlərə dəstək olması qürbətdəki həyatımıza gözəl rənglər qatır. Əziz həmvətənlərim, sizi milli birliyimizin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm! Bu gün dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, hamımızı eyni amal – Azərbaycana sevgi və mənsubiyyətimizlə qürur duymaq hissi birləşdirir. Biz artıq bu bayramı, sadəcə, təqvim günü kimi deyil, öz torpaq bütövlüyünü bərpa etmiş başı uca və qalib bir xalqın övladları olaraq qeyd edirik. Qoy birliyimiz, həmrəyliyimiz, zəfər ruhu sarsılmaz dövlətimiz qüdrətli, gələcəyimiz parlaq olsun! Yeni il uğurlar, sülh və firavanlıq gətirsin! Bayrağımız daim ucalarda dalğalansın! Bayramımız mübarək!”
Həmrəylik sərhəd tanımır
İsveçdən Azərbaycana uzanan milli məsuliyyət
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Harada yaşamasından asılı olmayaraq, Vətənlə nəfəs alan, milli kimliyini və dəyərlərini qoruyan soydaşlarımız bu həmrəyliyin canlı nümunəsidir. Belə həmvətənlərimizdən biri də İsveçdə yaşayan Naxçıvan şəhərinin Qaraxanbəyli kəndindən olan Turan Əliyevdir.
Hazırda xaricdə yaşayan həmvətənimizlə onlayn söhbətimiz zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları eyni amal ətrafında birləşdirən bu əlamətdar gün kontekstində həm şəxsi həyat yolu, həm də diaspor fəaliyyəti ilə bağlı maraqlı fikirlərini bölüşdü.
Onun Azərbaycandan gedişi planlı olmayıb. Sağlamlıqla bağlı səbəblər onu müvəqqəti olaraq Vətəndən uzaq salıb. Müalicə məqsədilə ölkədən ayrılan müsahibimiz vurğulayır ki, harada yaşamasından asılı olmayaraq, özünü həmişə mənəvi baxımdan Azərbaycana bağlı hiss edib. Onun sözlərinə görə, məsafələr dəyişsə də, Vətənlə bağlar heç vaxt qırılmayıb.
İsveçdə yaşayan Turan Əliyev bu ölkədəki həyatla bağlı ilk təəssüratlarının müsbət olduğunu qeyd edib. Xüsusilə İsveçin sosial sistemi, insan hüquqlarına və demokratik dəyərlərə verdiyi önəm onun diqqətini çəkib. O bildirir ki, yaşadığı cəmiyyətə inteqrasiya olmağa çalışmaqla yanaşı, həm də soydaşlarına dəstək göstərməyi və ictimai-siyasi proseslərdə fəal iştirak etməyi özünə borc bilir.
İsveçdə yaşayan müsahibimiz hazırda siyasi fəaliyyətlə məşğul olur və eyni zamanda diaspor sahəsində də aktivdir: “Mən, təxminən, 40 min nəfər əhalisi olan bir şəhərin bələdiyyə məclisinin üzvü kimi fəaliyyət göstərirəm və bir sıra siyasi komitələrdə partiyamı təmsil edirəm. Bundan əlavə, İsveçdə İnzibati və Miqrasiya Məhkəməsində jüri kimi çalışıram. Həmçinin qarşıdan gələn il İsveçdə keçiriləcək parlament, regional və bələdiyyə seçkilərində də namizədliyim qeydə alınıb. Mən hesab edirəm ki, insan Vətəndən uzaqda olduqda dilinin, mədəniyyətinin və kimliyinin dəyərini daha dərindən anlayır. Fikrimcə, azərbaycanlı olmaq milli mənsubiyyətlə yanaşı, eyni zamanda böyük bir məsuliyyətdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların bir amal ətrafında birləşməsinin rəmzi kimi qiymətləndirirəm. Milli həmrəylik xalqımızın gücünü daha da artırır və milli maraqların qorunmasında mühüm rol oynayır”.
Turan Əliyev İsveçdə yaşayan azərbaycanlı icması ilə daim əlaqədə olduğunu da qeyd etdi: “Bu birlik müxtəlif mədəni tədbirlər, görüşlər və ictimai layihələr vasitəsilə qorunur və möhkəmləndirilir. Qarşılıqlı dəstək və milli dəyərlərə sadiqlik bu icmanın əsas dayaqlarından biridir”.
Xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tanıdılmasındakı roluna toxunan Turan Əliyev bildirir ki, diaspor üzvləri yaşadıqları ölkələrdə Azərbaycanın qeyri-rəsmi səfirləri kimi çıxış edirlər. Onlar Azərbaycan həqiqətlərini, mədəniyyətini və mövqeyini tanıdaraq ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər.
Sonda o, həmvətənlərinə də müraciət edir: “Harada yaşamaqlarından asılı olmayaraq, xalqımız hər zaman Vətənlə bağlarını qorumalı, ana dilini və milli dəyərlərimizi unutmamalıdır. Təhsil almaq və inkişaf etmək nə qədər önəmlidirsə, milli kimliyə sadiq qalmaq da bir o qədər əhəmiyyətlidir”.
Azərbaycanın Niderlanddan səsi
Uzun illərdir Niderland Krallığında yaşayan və Azərbaycan diasporunun formalaşması, inkişafı və beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərən Elxan İsazadə bu gün ölkəmizin haqq səsini Avropada ucaldan önəmli simalardandır. Elxan İsazadə 1978-ci il mayın 1-də Naxçıvanda anadan olub. Orta təhsilini Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə başa vurub. Gənc yaşlarından təhsilə və ictimai fəaliyyətə maraq göstərən Elxan İsazadə ali təhsilini Naxçıvan Dövlət Universitetində alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirib. Bu dövr onun həyatında məsuliyyət, nizam-intizam və dövlətə bağlılıq kimi dəyərlərin möhkəmlənməsində mühüm rol oynayıb.
2004-cü ildən etibarən Niderlandda yaşayan Elxan İsazadə burada da doğma ölkəsinin adını qoruyub saxlayaraq diaspor fəaliyyətinə başlayıb. 2005-ci ildə o, Niderlandda yaşayan həmvətənləri ilə birlikdə Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin yaradılmasında yaxından iştirak edib. Hazırda Elxan İsazadə həmin cəmiyyətin sədri kimi fəaliyyət göstərir. Elxan İsazadə qeyd edir ki, torpaqlarımız işğal altında olduğu illərdə xaricdə yaşayan azərbaycanlıların bütün gücü və enerjisi işğala və işğalçılara qarşı mübarizəyə yönəlmişdi. O dövrdə əsas məqsəd Azərbaycan həqiqətlərini, Qarabağla bağlı vəziyyəti, erməni vandalizmini və beynəlxalq hüququn pozulmasını Avropa ictimaiyyətinə çatdırmaq idi. Bu gün isə Azərbaycan tarixində yeni mərhələ yaşanır. Elxan İsazadə vurğulayır ki, şanlı zəfərimiz diaspor fəaliyyətinə fərqli nəfəs gətirib. Torpaqlarımızın işğaldan azad olunması və müharibənin başa çatması xalqımız üçün böyük qürur mənbəyidir. O bu yolda canlarını fəda edən şəhidlərimizi dərin ehtiramla anır və Allahdan onlara rəhmət diləyir.
Elxan İsazadə, eyni zamanda bildirir ki, bu gün diaspor qarşısında yeni imkanlar açılıb. Artıq yalnız siyasi və informasiya mübarizəsi deyil, həm də milli-mədəni, mədəniyyətlərarası və ictimai sahələrdə daha fəal fəaliyyət göstərmək üçün geniş imkanlar mövcuddur. Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, musiqisinin və milli dəyərlərinin Avropada tanıdılması diaspor təşkilatlarının əsas vəzifələrindən biridir.
O vurğulayır ki, biz qalib xalqın nümayəndələri olaraq yolumuza daha böyük inam və qürurla davam etməliyik. Xaricdə yaşayan hər bir azərbaycanlı öz davranışı, fəaliyyəti və mövqeyi ilə ölkəsini layiqincə təmsil etməli, Azərbaycanın güclü və müasir dövlət imicinin formalaşmasına töhfə verməlidir.
Digər xəbərlər