Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında d...
11:01 05.10.2026
0
0
0
NAXÇIVAN :
05 Oktyabr 2026, Bazar ertəsi
Hər yeni dərs ili məktəb həyatına yalnız yeni şagirdlər deyil, yeni müəllimlər də qazandırır. Gənc müəllimlərin təhsil sahəsinə qoşulması isə məktəb mühitinə yeni nəfəs, fərqli yanaşma və müasir baxış gətirir. Onlar bir tərəfdən illərin təcrübəsinə söykənən pedaqoji ənənələri öyrənir, digər tərəfdən dünyagörüşləri və yenilikçi yanaşmaları ilə tədris prosesinə töhfə verirlər. Bir neçə il əvvəl özləri həmin partalarda əyləşən gənclər artıq sinfin qarşısında müəllim kimi dayanırlar. İllərlə qazandıqları bilikləri indi başqalarına ötürmək, şagirdlərin suallarına cavab vermək, inkişafına istiqamət vermək artıq onların məsuliyyətidir. Onların müəllimlik yoluna, ilk təəssüratlarına, qarşılaşdıqları çətinliklərə və bu peşə ilə bağlı düşüncələrinə nəzər salmaq üçün pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlərlə söhbətləşdik.
Rəşad Bayramov:
“Müəllimlik həm məsuliyyət, həm də cəmiyyətin gələcəyinə töhfədir”
Belə gənc müəllimlərdən biri Göyçay rayonunun İnçə kəndindən olan Rəşad Bayramovdur. Lənkəran Dövlət Universitetində Tarix-coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alan Rəşad müəllim tələbəlik illərində həm ixtisası üzrə biliklərini artırıb, həm də özünü gələcək peşəsinə hazırlamağa çalışıb. Coğrafiyaya marağı və öyrəndiklərini başqaları ilə bölüşmək istəyi onu müəllimlik peşəsinə gətirib. Bu il pedaqoji fəaliyyətə başlayan Rəşad müəllim hazırda Babək rayonunun Göynük kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. Doğma yurdundan başqa bir kəndə gələrək müəllim kimi fəaliyyətə başlamasını həm yeni mühit, həm də özünü peşəkar baxımdan sınamaq imkanı kimi qiymətləndirir. İlk dəfə sinif otağına müəllim kimi daxil olmaq onun üçün həm həyəcanlı, həm də qürurverici an olub. Qarşısında şagirdlərini görəndə illərlə qazandığı bilikləri onlara çatdırmaq istəyinə məsuliyyət hissinin də qoşulduğunu deyir. Rəşad müəllim hesab edir ki, şagirdlərlə yaş fərqinin az olması onları daha yaxşı anlamağa və daha rahat ünsiyyət qurmağa imkan verir. Tədris etdiyi coğrafiya fənnində xəritə, şəkil və real həyatdan nümunələrdən istifadənin dərsin daha yaxşı mənimsənilməsinə kömək etdiyini düşünür. Onun üçün ən böyük sevinc isə əvvəl çətinliklə mənimsənilən bir mövzunun şagirdləri tərəfindən tam qavranıldığını görməkdir. Gələcəkdə özünü şagirdlərini dinləyən, onlara dəstək olan, inkişaflarına stimul verən və uğurlarına inanan müəllim kimi görmək istəyir. Onun üçün müəllimlik həm böyük məsuliyyət, həm də cəmiyyətin inkişafına verilən bir töhfədir.
 kopya_1791182516.jpg)
Əhməd Hüseynli:
“Müəllim-şagird münasibətlərinin əsasında hörmət və səmimiyyət dayanmalıdır”
Digər həmsöhbətimiz Əhməd Hüseynlinin müəllimliyə gəliş hekayəsi isə bir qədər fərqlidir. Salyan şəhərində anadan olan Əhməd müəllim 21 yaşından pedaqoji fəaliyyətə başlayıb. Müəllimlik uşaqlıq arzusu olmasa da, zaman keçdikcə insanlara nəsə öyrətməyin və onların inkişafına kömək etməyin yaratdığı hiss onu bu peşəyə yaxınlaşdırıb. Bakı Dövlət Universitetində Tarix müəllimliyi ixtisası üzrə təhsil alan Əhməd müəllim 2024-cü ildən tarix fənninin tədrisi ilə məşğul olur. İlk illər kursda müəllim kimi fəaliyyət göstərən Əhməd Hüseynli bu ilin avqust ayından etibarən Ordubad rayonunun Xurs kənd tam orta məktəbində tarix müəllimi olaraq fəaliyyətini davam etdirir.
Onun üçün müəllim-şagird münasibətinin əsasını hörmət və səmimiyyət təşkil edir. Şagirdin müəllimlə rahat ünsiyyət qurması, düşündüklərini çəkinmədən ifadə edə bilməsi vacibdir. Gənc müəllim erkən yaşda pedaqoji fəaliyyətə başlamağın həm üstünlüklərinin həm də müəyyən çətinliklərinin olduğunu düşünür. Təcrübəsi az olan müəllimə bəzi valideynlərin ilk mərhələdə ehtiyatla yanaşa biləcəyini qeyd etsə də, gənclərin yeni yanaşmalara daha açıq, öyrənməyə və inkişaf etməyə həvəsli olması bu mərhələni üstünlüyə çevirə bilər. Əhməd müəllimin arzusu gələcəkdə həm peşəkar, həm də şagirdlərinin sevdiyi, onların uğurlarında payı olan bir tarix müəllimi olmaqdır.
 kopya_1791182546.jpg)
Rəvanə Tağıyeva:
“Təcrübəsizliyi inkişaf üçün imkana çevirmək olar”
Gənc müəllimlərimizdən digəri isə əslən Qəbələ şəhərindən olan Rəvanə Tağıyevadır. Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya-biologiya müəllimliyi ixtisası üzrə təhsil alan Rəvanə xanım universiteti yüksək nəticə ilə başa vurub. Məktəb illərindən biologiya fənninə olan marağı onu bu ixtisasa yönəldib. Pedaqoji təhsil aldığı müddətdə isə bildiklərini başqalarına öyrətməyin və şagirdlərin inkişafında rol oynamağın özünəməxsus zövqünü kəşf edib. Müəllimlərin işə qəbulu müsabiqəsində bu il yüksək nəticə göstərən Rəvanə xanım Babək rayonunun Gərməçataq kənd tam orta məktəbinə təyinat alıb. Ucqar məktəbdə işləməyi onun üçün sadəcə, işə başlamaq deyil, ilk müəllimlik təcrübəsini qazanmaq və biliyinin daha çox ehtiyac duyulan bir məkanda faydasını göstərmək imkanıdır. Rəvanə müəllim məsuliyyətinin böyük olduğunu anlayır və şagirdləri üçün əlindən gələnin ən yaxşısını etməyə hazır olduğunu bildirir. Rəvanə müəllim müasir yanaşmalara və yeni texnologiyalara daha asan uyğunlaşa bildiyini qeyd edir. Təcrübəsinin az olmasını isə çatışmazlıq kimi deyil, inkişaf etmək üçün imkan kimi görür.
Bu gün onlar müəllimlik yolunun başlanğıcındadırlar. Qarşıda yüzlərlə dərs, müxtəlif çətinliklər və yeni təcrübələr var. Amma bir şagirdin mövzunu başa düşdüyünü görmək, ona özünə inanmağı öyrətmək və illər sonra yetişdirdiyi insanın uğurunda öz əməyinin payını hiss etmək ən böyük dəyər olaraq qalacaq.
Bir vaxtlar məktəb partalarında əyləşən bu gənclər indi həmin siniflərdə gələcək nəsil qarşısında dayanırlar. Onların müəllimlik hekayəsi isə elə indi başlayır.
Səmayə RƏSULOVA
Digər xəbərlər