NAXÇIVAN :

14 Mart 2025, Cümə

Dövlət Energetika Xidmətinin şöbə müdiri: “Muxtar respublikanın energetika sektorunda yenidənqurma işləri sürətləndirilib”

...

Muxtar respublikada müxtəlif dövlət orqanları tərəfindən strukturda yenidənqurma və bərpa işləri davam etdirilir. Bu sahələrdən biri də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətidir. Xidmətin şöbə müdiri Miryunis Seyidovun sözlərinə görə Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında, sistem əhəmiyyətli ötürücü və paylayıcı yarımstansiyalarda, yüksəkgərginlikli elektrik verilişi xətlərində 2024-cü ilin əvvəlindən etibarən işləmə saatlarına uyğun olaraq əsaslı və cari təmir, həmçinin yenidənqurma işləri həyata keçirilir.

Şöbə müdiri qeyd etdi ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq prioritet bəndlərinin tələbləri çərçivəsində, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə muxtar respublikada elektrik enerjisi istehsalının artırılması və elektrik enerjisinin ixracının təmin olunması məqsədilə ölkə başçısının müvafiq Sərəncamına əsasən yeni istilik elektrik stansiyasının tikilməsi üçün ilkin zəruri işlər görülür.

Miryunis Seyidov bildirdi ki, bununla yanaşı, yeni tikiləcək yüksəkgərginlikli elektrik verilişi xətləri vasitəsilə Naxçıvanın enerji sisteminin Azərbaycanın ümumi enerji sisteminə inteqrasiyası, həmçinin böyük enerji güclərinin Naxçıvan vasitəsilə Türkiyəyə və oradan da Avropaya ixracı prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır.

Azərbaycan Energetika Nazirliyi ilə müvafiq şirkət arasında bağlanmış müqaviləyə əsasən Naxçıvanda “yaşıl enerji konsepsiyası”nın yaradılması istiqamətində işlər aparılmışdır.

Onun sözlərinə görə elektrik enerjisinin təchizatı sahəsində rayon (şəhər) elektrik şəbəkələrində izolyasiyasız çılpaq məftillərin hava və yeraltı kabel xətləri ilə əvəz edilməsi, transformator məntəqələrinin yenilənməsi, yük balansının aparılması və texniki itkilərin azaldılması, ön ödənişli smart kart və sadə elektron tipli sayğacların quraşdırılması kimi zəruri işlər davam etdirilir. Abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.02.2025 11:54