NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Dilarə Ələkbərova: Əziz Naxçıvanım mənim üçün çox doğmadır

...

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində uzun illər ictimai-siyasi sahələrdə xidmət göstərmiş ziyalı Dilarə Ələkbərova Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə təltif olunub. Bu münasibətlə o öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: "Əvvəla onu qeyd edim ki, bu layihədə mənim fəaliyyətimə də yer verdikləri üçün çox sevincliyəm, xoşbəxtəm. Nəzərinizə çatdırım ki, mən Bakı şəhərində ali təhsil almışam. Təhsilimi başa vurduqdan sonra, yəni 1962-1966-cı illərdə Araz Su Elektirik Stansiyasında rabitəçi, 1973-1977-сі illərdən Vilayət Partiya Komitəsində rabitəçi, 1978-1983-cü illərdə Vilayət Partiya Komitəsi Həmkarlar İttifaqı Şurasının katibi, 1983-1988-ci illərdə ll çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişəm. Eyni zamanda Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, 1989-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin sǝdri, 5 il isə həmin komitədə sektor müdiri kimi fəaliyyətimi davam etdirmişəm. Fəaliyyətim dövründə bir çox xarici ölkələrdə olmuşam. Müxtəlif yerlərdən iş təklifləri gəlsə də, bundan imtina etmişəm. Naxçıvandan ayrılmaq istəməmişəm. Çünki doğulduğum bu məmləkət, əziz Naxçıvanım mənim üçün çox doğmadır. İllər sonra, ömrün ahıllıq çağında dövlətimin mənim fəaliyyətimi qiymətləndirməsi mənə yenidən situmul oldu. Sanki illər əvvələ – gənclik dövrlərimə qayıtdım. O illəri yenidən xatırladım. Düzdür, insanın özünü tərifləməsi yaxşı hal deyil. Ancaq bu tədbirin səmimiyyətinə inanaraq demək istəyirəm ki,  mən 40 ilə yaxın fəaliyyətim dövründə gecə-gündüz demədən çalışmışam, həyatımı işimə həsr etmişəm. Bəli, 40 ilə yaxın əmək fəaliyyətim var və mən 3 böyük təşkilatda rəhbər vəzifələrdə çalışmışam. Qadın olmağıma baxmayaraq, hər zaman mübarizə aparmışam. Bunların hər biri mənim öz zəhmətimlə olub. Fəaliyyətim dövründə ən yaddaqalan xatirələrdən biri də Ulu Öndərimiz Heydər Əliyevlə olan görüşlərimdir. Ümummilli Liderimizin məkanı cənnət olsun. O, hər zaman zəhmətlə çalışan insanlara yüksək qiymət verirdi. 
Gənclik illərini səmərəli işlərə həsr etmiş bir ziyalı kimi deyirəm ki, belə layihələrin həyata keçirilməsi gənclər üçün olduqca əhəmiyyətlidir.  Elə sizin qəzetiniz vasitəsilə gənclərə səslənirəm: Çalışın, ilk növbədə, yaxşı təhsil alın. Çünki təhsilli gənclərə ehtiyacımız var.  Onlar vətənimizin, millətimizin nurlu sabahı, işıqlı gələcəyidir". 
Sadəliyin ən yüksək insani keyfiyyət olduğunu söyləyən Dilarə Ələkbərova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etdi: Sağ olsun, dövlətimiz. Bizi hər zaman diqqət mərkəzində saxlayır. Qayğısını əsirgəmir. Sizə də təşəkkür edirəm ki, özünüzdən əvvəlki nəsillərə belə diqqətlə yanaşırsınız. Onları unutmursunuz. Hər zaman qələminiz iti olsun, deyirəm. 
Biz də ömrünün ahıllıq çağını yaşayan Dilarə xanıma uzun ömür, cansağlığı arzu edirik. Onu mükafata layiq görüldüyü  üçün təbrik edib sağollaşırıq...


Bülbül QULİYEVA

Nəşr edilib : 30.11.2024 16:36