Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istif...
19:58 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
İnsan yaddaşı təkcə hadisələri deyil, dadları da qoruyur. Bəzən bir qoxu, bəzən bir yemək adı insanı illər öncəyə, çoxdan səssizləşmiş bir evin mətbəxinə aparır. Qərbi Azərbaycan mətbəxi də məhz belə bir yaddaşdır – yalnız reseptlər toplusu deyil, bir həyat tərzinin, bir mədəniyyətin və bir sosial münasibətlər dünyasının izidir. Bu gün “itirilmiş yeməklər” deyəndə, əslində, yoxa çıxmış dadlardan daha çox, dəyişmiş həyat ritmi və qırılmış məişət ənənələri nəzərdə tutulur.
Qədim kənd mətbəxində yemək, sadəcə, qida deyildi. O, ailəni birləşdirən, mövsümü bildirən, zəhmətin nəticəsini göstərən bir mədəni hadisə idi. Yazın gəlişi ilə süfrəyə çıxan göyərti yeməkləri, qışa tədarük zamanı hazırlanmış qovurmalar, qurudulmuş ət və buğda əsaslı yeməklər insanın təbiətlə bir ritmdə yaşadığını göstərirdi. Hər yeməyin arxasında bir əmək, bir planlama və bir həyat mədəniyyəti dayanırdı. Zaman keçdikcə bu mətbəx modeli dəyişdi. Şəhərləşmə, həyat tərzinin sürətlənməsi, hazır məhsulların geniş yayılması və məişətin sadələşməsi nəticəsində bir çox ənənəvi yeməklər gündəlik süfrədən çəkildi. Əvvəllər hər evdə bişirilən əl əriştəsi bu gün nadir hallarda hazırlanır. Qovurmanın uzun qış gecələrinə yığdığı zəhmət və ehtiyat mədəniyyəti artıq daha çox xatirələrdə yaşayır. Qovut kimi qədim qida nümunələri isə yalnız müəyyən bölgələrdə və xüsusi günlərdə yada düşür.
Bu yeməklərin yoxa çıxması təkcə kulinariya dəyişimi deyil, bu həm də sosial münasibətlərin dəyişməsidir. Çünki kənd mətbəxi kollektiv əmək tələb edirdi. Əriştə açmaq, buğda qovurmaq, qış tədarükü görmək bütün bunlar ailələri bir araya gətirən proses idi. Bugünkü fərdi həyat tərzi isə bu kollektiv ritmi zəiflədib. Nəticədə, yeməklər qalıb, amma onları yaradan mühit dəyişib. Qərbi Azərbaycan mətbəxinə baxdıqda burada həm sadəlik, həm də dərinlik görmək mümkündür. Süzmə qatıqla hazırlanan isti yeməklər, buğda və yarma əsaslı xörəklər, kənd şorbaları və mövsümi bitkilərlə hazırlanan təamlar insanın təbiətlə birbaşa bağlılığını göstərir. Bu mətbəxdə heç nə təsadüfi deyildi hər məhsul mövsümə, hər resept coğrafiyaya uyğun formalaşmışdı.
“İtirilmiş yeməklər” anlayışı bəzən yanlış olaraq tamamilə yox olmuş dadlar kimi qəbul edilir. Halbuki bu yeməklərin çoxu hələ də yaşayır, sadəcə, gündəlik həyatın mərkəzindən kənara çəkilib. Onlar bayram süfrələrində, ailə xatirələrində, kənddən şəhərə daşınan yaddaş qatlarında mövcudluğunu qoruyur. Yəni itən yemək deyil, ona verilən zaman və yer dəyişib.
Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı kimi tədbirlər bu baxımdan yalnız mədəni təqdimat deyil, həm də yaddaşın bərpası aktıdır. Burada təqdim olunan hər bir dad, əslində, bir tarix parçasıdır. Ziyarətçi bir yeməyi dadarkən təkcə mətbəxlə deyil, bir coğrafiyanın yaddaşı ilə üz-üzə gəlir. Bu baxışda yemək artıq, sadəcə, qida deyil, bir kimlik kodudur. Müasir dövrdə qastronomiya yalnız dad sənəti deyil, həm də mədəniyyətin qorunması vasitəsinə çevrilib. Bir çox ölkələrdə unudulmuş reseptlərin bərpası, yerli mətbəxlərin dirçəldilməsi milli kimliyin qorunmasının bir hissəsi kimi dəyərləndirilir. Qərbi Azərbaycan mətbəxinə baxış da bu kontekstdə yalnız nostagiya deyil, gələcəyə mədəni körpü kimi qiymətləndirilməlidir.
Çünki süfrə mədəniyyəti bir xalqın yaddaş kitabıdır. O kitabın bəzi səhifələri solsa da, tamamilə silinməyib. Onları yenidən oxumaq, yenidən canlandırmaq isə yalnız mətbəx işi deyil, həm də mədəni məsuliyyətdir.
Nəticə etibarilə, “itirilmiş yeməklər” anlayışı, əslində, itirilmiş həyat ritminin adıdır. O ritm ki, insanı torpağa, ailəyə və yaddaşa bağlayırdı. Bu gün həmin ritmin izlərini qorumaq, yalnız keçmişi xatırlamaq deyil, həm də mədəni davamlılığı təmin etmək deməkdir.
Günay HACIYEVA
Digər xəbərlər