NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Dəyirmi masada valideyn-məktəb-şagird münasibətlərindən danışılıb

...

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib, şagird-valideyn-müəllim münasibətlərindən danışıblar. Qeyd olunub ki, şagird gününün bir hissəsini məktəbdə, bir hissəsini evdə, bir hissəsini də cəmiyyət arasında keçirir, deməli hər bir faktor uşağın tərbiyəsinə təsir edir. Ailəni də məktəb kimi qəbul etmək vacibdir, çünki burada uşaqlar ailə və cəmiyyət qarşısındakı vəzifələrini öyrənirlər. Bu mənada valideyn-məktəb əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Tədbir zamanı o da vurğulanıb ki, məktəb psixoloqlarının vasitəsilə şagirdlərin davranışlarına təsir edən amilləri daha tez öyrənib qabaqlayıcı tədbirlər görmək mümkündür. 
Əsasən valideynlərin cəlb edildiyi və 23 nəfərin yararlandığı maarifləndirici tədbir sualların cavablandırılması ilə başa çatıb.

Nəşr edilib : 23.09.2024 17:19