Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Ələsgər Əsgərli Naxçıvan şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin rəssamlıq şöbəsində pedaqoji fəaliyyətlə məşğul olur. Müəllimlik sənəti ilə qürur duyur. Naxçıvan Rəssamlar Birliyinin üzvüdür.
1983-cü ildə Bakıda rəssamlıq məktəbinin tərtibatçı-rəssam ixtisasını bitirib. Təyinatla Naxçıvan şəhərinə qayıdıb. O vaxt burada fəaliyyət göstərən şüşə qablar zavodunda tərtibatçı-rəssam kimi fəaliyyətə başlayıb.
Zavodda işlədilən kimyəvi tərkibli maddələr səhhətinə mənfi təsirlər etdiyindən oradan ayrılmalı olub. İş fəaliyyətini Dövlət Rəsm Qalereyasında bərpaçı rəssam kimi davam etdirməyə başlayıb.
Ələsgər müəllim əvvəllər ağac üzərində yandırma ilə məşğul olub. Bu yandırma işi dekorativ-tətbiqi sənətin bir qoludur. Ətrafdakı tanışlar onun bu həvəsini və yaradıcı işini görüb yandırma aparatı düzəldiblər. Elə o vaxt Bakıya dəvət olunub. Orada bir müddət çalışıb. Bir qədər sonra dəri üzərində yandırma işi ilə məşğul olmağı məsləhət biliblər. Ondan sonra da bu sahədə fəaliyyət göstərməyə başlayıb. İlk işləri uğurla qarşılanıb.
Qeyd edək ki, Ələsgər müəllim həm də xəttatlıqla məşğul olur. Maraqlı, gözoxşayan əsərlər yaradan Ələsgər Əsgərlinin daha çox üz tutduğu sahə isə bir qədər əvvəl dediyim kimi, dəri üzərində yandırma sənətidir. Yeri gəlmişkən, deyək ki, dəri üzərində yandırmada dana dərisindən istifadə edilir. Onun “Qız qalası”, “Qarabağ atı”, “Səsin möcüzəsi”, “Şirvanşahlar sarayının divanxana qapısı” və başqa əsərləri istedad və bacarığını üzə çıxarıb, müəllifinə uğurlar gətirib.
Onunla öz evində yaratdığı emalatxanada həmsöhbət oluruq. Öncə ağac üzərində yandırma sənəti barədə danışan Ələsgər müəllim deyir ki, rəssamlığın geniş yayılmış bu janrı ilə ölkəmizdə çoxlu rəssam məşğul olub, gözəl sənət əsərləri yaradıblar. Elə qədim sənət beşiyi Naxçıvanda da bu sahənin tanınmış nümayəndələri olub və bu gün də var.
Onunla dəri üzərində yandırma sənəti barədə də söhbət edirik. Ə.Əsgərli deyir ki, bu sahə həm vaxt, həm də səbir tələb edən bir janrdır. Ancaq maraqlı olduğu üçün mən bu sahəyə daha çox maraq göstərirəm.
Öyrənirik ki, onun dəri üzərində yaratdığı əl işləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bu günə kimi İranda, Türkiyədə bir neçə dəfə sərgilərdə iştirak edib.
Rəssamın əsərləri Türkiyənin Ankara, Çorum, Ərzurum, İğdır və başqa şəhərlərində şəxsi kolleksiyalarda saxlanılır. Biz də ömrünün altıncı onilliyini yaşayan, sevdiyi sənəti öz şagirdlərinə də sevə-sevə öyrədən Ələsgər müəllimə gələcək həyatında və fəaliyyətində uğurlar arzulayırıq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər