NAXÇIVAN :

06 Mart 2026, Cümə

“Dəmir yumruq” Minsk qrupuna “toy edib” yola saldı

...

ATƏT-in Minsk qrupu…  Biz 30 ildir, bu qrupun adını o qədər tez- tez eşidirdik ki, artıq əzbərləmişdik. Onlar səhnəyə "sülh" adı ilə çıxmışdı. Amma çox təəssüf ki,  keçmiş "Dağlıq Qarabağ münaqişəsi"nin həlli ilə məşğul olmaq kimi vəzifələrini “unudub”,  vədinə xilaf çıxıb, 28 il bölgəyə turist kimi səfərlər edir və yalnız Ermənistanın maraqlarına uyğun açıqlamalar verirdilər.   Münaqişəni həll etmək əvəzinə dondurur, öz isti kabinetlərində əyləşib evindən didərgin düşən bir milyon insanın soyuq qış gecələrində dəmir vaqonlarda necə yaşadığına məhəl qoymadan gündə bir bəyanatla çıxış edirdilər. Düşmən tapdağında olan torpaqlara boş-boş səfərlər edir, düşmənin xarabaya çevirdiyi yurd-yuvamızdan bizə yalan vədlər verir, vaxt keçirirdilər. 
 Səfərlərin birində oradan – Ağdam məscidinin xarabalıqları arasından bir  parça daş gətirib Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə təqdim edəndə, dahi rəhbər həmin daşı müqəddəs bir daş kimi qəbul edəndə Ulu Öndərin  üzündəki “Vaxt gələcək bu daş öz yerinə oturacaq” ifadəsi, yəqin ki, həmin şəxslərin 44 günlük savaşın elə ilk günündə yuxusuna girdi. Və onlar yuxudan ayılanda Azərbaycan əsgəri artıq 30 illik bir  “keçilməz” səddi aşıb Şuşa dağlarına çatmışdı. Şuşa dağlarından aşıb, Ağdama yetib bax elə həmin daşı Cümə məscidinə öz yerinə qoyanda  ATƏT-in Minsk qrupunun bütün üzvlərinin yuxusu ərşə çəkildi. Və həmin gün Azərbaycanın başı üstündə doğulan günəş təkcə 30 ildir, dondurulan münaqişənin buzunu əritməklə qalmayıb, illərdir, həsrətdən buz tutan ürəklərdəki qarı da əritdi. Vətən savaşı bir xalqın torpaq sevgisinin və səbrinin nə qədər böyük olduğunu dünyaya göstərdi. Vətən savaşında qazanılan Qələbə ilə 30 illik işğala son qoyan Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər Ordumuz həm BMT Təhlükəsizlik Şurasının qətnamələrini, həm də Minsk qrupunun 30 ildir, öhdəsindən gələ bilmədiyi vəzifələri cəmi 44 gündə yerinə yetirdi. Dövlət başçımızın “Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur” sözləri beynəlxalq səviyyədə təsdiqləndi. 44 gün və sonrakı dövrlərdə   hadisələrə müdaxilə etməyən, əvvəllər olduğu kimi, səssizlikləri ilə işğalçını dəstəkləyən Minsk qrupu ölü qurum olduğunu bir daha təsdiqlədilər. Çıxışlarından birində: “İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir – onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var – digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir – öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir“ – bu fikirləri ilə bu qurumun artıq ləğv olunmaq vaxtının gəlib çatdığını dilə gətirən ölkə başçısı öz qəti mövqeyini ortaya qoydu. Müzəffər Sərkərdənin bu mövzudakı çıxışlarını  dinləyəndə Vətən savaşının 42-ci günündə  Azərbaycan əsgərinin Şuşa dağlarında düşmənə toy tutduğunu və Ulu Öndər Heydər Əliyevin ATƏT-in missiyasının rəhbərliyi ilə görüşlərinin birində açıq kinayə və hiddətlə bildirdiyi “Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün neçə illər keçib məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər qız olsun, onu ərə verək. Bu daha tez ola bilər” sözlərini  xatırladım. Və öz-özümə dedim ki, bu xalq daim öz ağsaqqalının, böyüyünün nəsihətlərini dinləyib və yerinə yetirib. 
Və budur biz də bu gün Minsk qrupuna "toy edib" yola saldıq. Özü də ki, "Qarabağ şikəstəsi"nin sədaları altında birbaşa cəhənnəmə…

Ramiyə Əkbərova

Nəşr edilib : 01.09.2025 20:45