NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

“Dəmir yumruğ”un möhtəşəm təntənəsi

...

Hərb tarixinin ən sərrast, ən adil əməliyyatı –lokal xarakterli

antiterror tədbirləri

Azərbaycan xalqı dünyanın yeganə xalqlarındandır ki, bütün meydanlarda olduğu kimi, müharibədə, döyüşdə belə humanistliyi, adilliyi qoruyub saxlamağı yaxşı bacarır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində çarəsiz vəziyyətə düşən düşməninə əl uzadan, halına acıyan, sülhsevər, yardımsevər olduğunu sübut edən xalqımızın qəhrəman nümayəndələri ötən il hərb tarixinin ən qısa, sərrast, adil əməliyyatını reallaşdırmaqla mühüm şanlı tarix yazdılar. Lokal xarakterli antiterror tədbirləri üç il öncəki məğlubiyyətdən dərsini lazımınca almayan başıpozuq topluma ən təsirli, acı mesajı ötürməklə həm də Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”unun təntənəsinə çevrildi. Sitat: “...ağlınızı yığın başınıza. “Dəmir yumruq” buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Bəli, müharibədən ötən iki-üç il göstərdi ki, bu dardüşüncəli kiçik toplum Ali Baş Komandanın dediyi kimi, nəinki özünü yaxşı aparmağa, rahat yaşamağa cəhd göstərdi, əksinə, hər ötən gün daha cəfəng fikirlər irəli sürüb boş iddialarla çıxış edərək yeni savaş ocağı yaratdılar. Məğlubiyyətini Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanatı imzalamaqla rəsmiləşdirən Ermənistanın xunta rejimi qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı.

Separatçı qüvvələr törətdikləri təxribatlara qarşı Azərbaycan Ordusundan dəfələrlə aldıqları zərbələrdən dərs çıxarmaq əvəzinə gün ötdükcə daha da azğınlaşıb, daha da quduzlaşdılar. Qarşı tərəf hərbi sahədəki provakasiyaları diplomatiyada, siyasət meydanında da böyük şövqlə, həvəslə davam etdirdi. Nə Brüssel Sülh Gündəliyində söz verdikləri kimi, vaxtilə imzaladıqları 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq qaldılar, nə də keçirilən üçtərəfli görüşlərdə irəli sürülən humanist təkliflərlə razılaşdılar. Hər dəfə bir bəhanə, bir oyunla həm yerli, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa, mənasız yerə vaxt uzatmağa çalışdılar. Gah humanitar məqsədli “Laçın” dəhlizindən çirkin hərbi-siyasi məqsədlər naminə istifadə edərək müxtəlif diversiya qrupları ilə təxribatlara əl atdılar, ərazilərimizi minalayaraq onlarla günahsız insanın həyatına son qoydular, gah “məsumluq” donuna bürünərək yalandan aclıq aksiyasına qalxıb haray-həşir qopardılar, gah da “Spayka” şousu göstərərək Xankəndidə heç bir hüquqi əsası olmayan qondarma prezident seçkiləri keçirməklə dünya ictimaiyyəti qarşısında özlərini rəzil vəziyyətə saldılar. Ancaq Qalib Azərbaycan Liderinin siyasi iradəsi, müzəffər Ordumuzun qüdrəti qarşısında bütün çirkin siyasi, diplomatik gedişlər, hərbi hiylələr iflasa uğradı, qurulan oyunlar acı məyusluqluğa, məğlubiyyətə düçar oldu. Beləliklə, ötən il sentyabrın 19-20-də 24 saata yaxın zaman çərçivəsində reallaşdırılan antiterror tədbirləri ilə məzmun və mahiyyətinin zərrə qədər dəyəri olmayan, mənfi obrazlarla zəngin, cəfəng fikir və düşüncələrdən yoğrulan 30 illik uydurma erməni nağılı, nəhayət ki, həmişəlik bitdi. Birliyin, həmrəyliyin gücü, “dəmir yumruğ”un möhtəşəm təntənəsi ilə əzəli yurdumuz Qarabağın hər qarışında separatizmin kitabı bağlandı, erməni mərəzinin kökü kəsildi...

Azərbaycan Müdafiə Nazirliyindən verilən son açıqlamaya görə, antiterror əməliyyatı zamanı cəmi bir gün ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək ordumuzun tam nəzarəti altına alınıb. Bölmələrimizin dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18 min 664 atıcı silah düşməndən müsadirə edilərək götürülüb. Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla, 13 istiqamətdə həyata keçirilib. Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefi də nəzərə alınaraq bölmələrimiz, əsasən, kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 kilometr irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra edib. Ümumilikdə, onu vurğulamaq olar ki, Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Antiterror əməliyyatının açıqlanan bu yeni faktları da bir daha müharibədən sonra ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə reallaşdırıldığını və xalqımızın qələbə əzminin, “dəmir yumruğ”un yenilməzliyinin sarsılmaz olduğunu bütün dünyaya sübut etdi...

Müzəffər Ordumuzun yüksək peşəkarlığının ən bariz göstəricisi sayılan lokal xarakterli antiterror tədbirləri ilə Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndi separatçı rejimin tör-töküntüsündən təmizləndi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Qarşı tərəfin provakasiyalarına baxmayaraq, bir mülki şəxsin belə xəsarət almadığı əməliyyatla Azərbaycan Ermənistana növbəti dəfə humanistlik dərsi keçdi. Əzəli torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının qaldırıldığı gün – oktyabrın 15-i isə ikiqat mühüm an kimi tarixə düşdü. Həmin gün yaşanan bu böyük xoşbəxtlik 100 illiyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu yolun təntənəsi, hakimiyyətə gəlişinin 20 ili tamam olan Prezident cənab İlham Əliyevin Qalib Lider kimi xalqına siyasi fəaliyyətinin ən böyük yubiley hədiyyələrindən oldu. Xankəndidə Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edən ölkə başçısı məhz bu məqama toxunaraq dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Antiterror tədbirləri sayəsində vaxtilə soydaşlarımızın ölümünə fərman verən, xalqımıza hədə-qorxu gəlməyə çalışan qondarma rejimin dırnaqarası “prezidentləri”, “nazirləri”, “generalları” da qandallanıb dəmir barmaqlıqlar arasına salındı. Bir vaxtlar Bakıda çay içmək arzusu ilə yaşayan, xəbərdarlıqlara məhəl qoymayan separatçılar indi istintaq təcridxanasında “pürrəngi” çaydan içib dizlərini qucaqlayaraq ədalət məhkəməsinin qərarını gözləyirlər. Bəli, Azərbaycan öz gücü hesabına beynəlxalq təşkilatların etməli olduqlarını etdi, mövcud tarixi ədalətsizliyə son qoydu, haqq işığını yandırdı. Ən qısa vaxt, minimum itki ilə dünya hərb tarixində mühüm örnək sayılan bu əməliyyat müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsindən sonra qüdrətinin və döyüş təcrübəsinin daha da artdığını sübut etdi. Heç bir kənar müdaxiləyə yol verilmədən aparılan antiterror tədbirləri, eyni zamanda Qalib Liderin uğurlu diplomatiyasının, siyasi qətiyyətinin bariz ifadəsinə çevrildi. Beləliklə, 30 illik Xocalı, Xankəndi həsrəti sona yetdi, əzəli yurdlarımıza həyat qayıtdı. Ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncamla bu ildən etibarən sentyabrın 20-si doğma yurd yerlərimizin əbədi qayıdışı daha təmtəraqlı şəkildə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək...

Antiterror tədbirlərindən iki ay keçməmiş 8 noyabr – Zəfər Günündə qədim Azərbaycan torpağı Xankəndidə keçirilən paradla Ali Baş Komandanın bir neçə il öncə, daha dəqiq desək, 2018-ci ildə Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda verdiyi vədin əməli təntənəsini yaşadıq. Bəli, Azərbaycan xalqı həm Vətən müharibəsi, həm də lokal xarakterli antiterror tədbirləri ilə çoxəsrlik tarixində bənzəri olmayan tarixi, misilsiz Qələbə qazandı. Müzəffər Liderin Xankəndi paradında da dediyi kimi: “Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.09.2024 09:01