Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
Payız-qış mövsümünün gəlişi, havaların soyuması ilə əlaqədar qızınmaq üçün sobalara üz tutur, evə soyuq daxil olmasın deyə, qapı-pəncərələri örtülü saxlayırıq. Hələ, üstəlik, bununla da kifayətlənmir, hətta pəncərələrə əlavə neylon örtük də çəkirik. Bəzən kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edir, tüstü bacalarını təmizləmədən sobanı işə salırıq. Bunların hər biri həyatımız üçün təhlükə yaradır. Məhz bu kimi səbəblərdən dəm qazı zəhərlənmələri ən çox qış aylarında baş verir. Dəm qazı nədir? Dəm qazından zəhərlənmə halları nə zaman baş verir? Belə halların baş verməməsi üçün hansı tədbirlər görülməlidir? Bu kimi suallara Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova aydınlıq gətirdi. Əvvəlcə dəm qazı haqqında məlumat verən müsahibim dedi: – Kimyəvi adı karbon monooksid (CO) olan, “ayaqucunda səssiz-səmirsiz gələn ölüm”, “əbədi yuxu”, “şirin yuxu” kimi adlandırdığımız dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsuludur və güclü zəhərləyici xassəyə malikdir. Bu qaz təkcə üzvi maddələrin yox, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4 oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.
Daha sonra dəm qazı zəhərlənmələrinə diqqətçəkən Azadə xanım zəhərlənmə və boğulma kimi təhlükəli halların yaranmasına səbəb kimi qazdan istifadə edilən yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan qazın xaric olmasının çətinləşməsini göstərir və əlavə etdi ki: “dəm qazının məişətimizdə yaranmasının əsas səbəbi nasaz, standartlara cavab verməyən qaz cihazları, işlək vəziyyətdə olmayan tüstü bacalarıdır. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneəçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da, nəticə, etibarilə, dəm qazından zəhərlənmələrə səbəb olur. Bacaların sazlığını təhdid edən bir amil də vətəndaşların öz mənzillərində təmir apararkən bu sistemə xələl gətirməsi məsələsidir. Bunlarla yanaşı, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması, sobada və borularda çatlar, həmçinin nasazlıqlar zəhərlənməyə səbəb ola bilir. Bir məqamı da vurğulamalıyam ki, dəm qazı təkcə qaz təsərrüfatında və mənzillərdə yaranmır. Əgər avtomobilin qızdırıcı sistemi nasazdırsa, həmçinin qızdırıcı sistem uzun müddət qapalı mühitdə işləyirsə, yanacaqdan ayrılan dəm qazından zəhərlənmə halları qaçınılmazdır. Qızdırıcı sistemi işlək vəziyyətdə qoyub yatmaq ölümlə nəticələnə bilir. Havalandırma sistemində və səs boğucularda problem olan halda dəm qazı maşının salonuna dolur. Buna görə də qapalı mühitlərdə, qarajlarda maşın işlək vəziyyətdədirsə, havalandırmanı, qapı-pəncərəni açmaq lazımdır ki, hava axını yenilənsin”.
Azadə xanım zəhərlənmələrin qarşısının alınması üçün tədbir olaraq evdəki cihazların texniki vəziyyətinin yoxlanmasına, qaz sobası, su qızdırıcısı və ya istilik cihazlarının düzgün quraşdırılmasına, texniki baxımdan təhlükəsizliyinə əminliyin vacibliyini vurğulayır: “Vətəndaşlarımız mütəmadi olaraq boruları və havalandırma sistemini yoxlamalı, qapalı məkanlarda qazla işləyən cihazlardan istifadə edərkən havalandırmanı təmin etmək məqsədilə otağın pəncərələrini açaraq hava axını üçün şərait yaratmalıdırlar. Nəzərə almaq lazımdır ki, qaz sobalarının boruları evin dam örtüyündən yarım metr hündürdə quraşdırılmalıdır. 1 kubmetr qazın təmiz yanması üçün 9,5 kubmetr hava lazımdır. Hava çatışmadıqda, yaxud həddən artıq çox olduqda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Qaz cihazı quraşdırılan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, vanna otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırılmasına yol verilməməlidir”.
Müsahibimizin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımızın dəm qazından qorunması sahəsində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Bunlara, əsasən, maarifləndirici tədbirlər, kütləvi informasiya vasitələri ilə məlumatlandırma, televiziya və radioda efirə gedən maarifləndirici videoları və proqramları aid etmək olar. Əlavə olaraq nazirliyin bu və digər təhlükəsizlik məsələləri ilə bağlı sosial media paylaşımlarının, qəzet və jurnallarda nəşr olunan məqalələrin də əhalinin maarifləndirilməsində rolu böyükdür. Son olaraq vətəndaşlarımızı mövsüm ərzində dəm qazı ilə bağlı daha diqqətli olmağa dəvət edirik.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Toksikologiya bölməsinin həkim-toksikoloqu Ramin Qənbərova müraciət etdik. Müxtəlif yanıcı qarışıqların təbii qaz, benzin, kerosin və sair natamam yanması zamanı dəm qazının əmələ gəldiyini söyləyən müsahibim dedi: “Dəm qazı ilə zəhərlənmə qapalı qarajlarda mühərriki söndürülməmiş avtomobillərdə, yanğın hadisələri zamanı nasaz qızdırıcı sistemlərdən sızan tullantılar ilə nəfəs aldıqda baş verir. Tüstünün tərkibində olan dəm qazı, yəni karbon monoksid tənəffüs yolları ilə ağciyərlərə, oradan da qana daxil olaraq hemoqlobinlə birləşib tənəffüsün pozulması və zəhərlənməyə səbəb olur. Zəhərlənmə özünü yüngül hallarda ürəkdöyünmə, təngnəfəslik, baş ağrıları, baş gicəllənmə, ürəkbulanma və qusma şəklində, ağır hallarda isə koma, ürək qan-damar və tənəffüs çatışmazlığı əlamətləri ilə göstərir. Vaxtında tibbi yardım göstərilmədikdə isə ölümlə nəticələnir. Zəhərlənmənin qarşısını almaq üçün mənzillərdə, avtomobil qarajlarında texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməli, istilik sistemlərinin nasazlığını vaxtında aşkar etmək üçün aidiyyəti orqanlar tərəfindən vaxtaşırı yoxlamalar aparılmalı, əhali maarifləndirilməlidir”.
Zəhərlənmə zamanı ilk yardıma diqqətçəkən Ramin həkim deyir ki, bu halda öncəliklə zərərçəkən mütləq təmiz havaya çıxarılmalı, onun tənəffüs yollarının keçiriciliyi bərpa olunmalı, ağır hallarda vaxt itirmədən yaxındakı tibb müəssisələrinə gətirilərək orada intensiv müalicə tədbirləri aparılmalıdır. Ramin həkim insanlarımızı bu barədə ehtiyatlı olmağa səsləyir, bu və bu kimi zəhərlənmələrə görə xəstəxanaya müraciət edənlərlə maarifləndirici söhbətlər apardıqlarını qeyd edir.
Bəli, bugünkü mövzumuz hazırda mövsümlə əlaqədar aktual olduğu üçün biz də bu barədə fikirləri oxucularımızla bölüşmək istədik. “Ehtiyat igidin yaraşığıdır”, – deyirlər. Çalışaq ehtiyatı əldən verməyək. Çünki sağlamlığımızı qorumaq öz əlimizdədir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər