NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

...

Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlətimizin başçısının gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksəkmənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Kursantlara Vətənimizin, eləcə də Azərbaycan polisinin adını daim uca tutmaları, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmaları, daim öz üzərilərində işləmələri, ən müasir informasiya texnologiyalarına yiyələnmələri tövsiyə edilib.

Nəşr edilib : 24.09.2026 16:55