“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Səhərin erkən çağı həmkarlarım ilə birgə həyəcanla çıxdığımız yolun uzaq olmasına baxmayaraq, heç də yorğun deyilik. Əksinə, gedəcəyimiz ünvana yol qət etdikcə gördüklərimi qələmə almaq üçün səbirsizlənirdim. Doğrusu bir neçə dəfə gedəcəyimiz ünvan haqqında eşitsəm də, yaxından görmək nəsib olmamışdı. Bəli, söhbət Ordubad rayonunun Üstüpü kəndindən gedir.
Dağların qoynunda özünə yer edən kəndin dar yollarında addımlayarkən təbiətin rəngarəng mənzərəsi yolboyu bizə yoldaşlıq edir. İlk diqqətimizi çəkən isə qarşımıza çıxan hər bir kənd sakininin bizi təbəssümlə qarşılaması olur. Görünür ki, insanları səmimi və qonaqpərvərdirlər. Sanki kəndin təmiz havası onların qəlbinə də hoparaq saflaşdırıb. Kənddə gəzən zaman bir-birinə sıx bağlı səliqəli həyətlərvəhər həyətdə əkilən al-əlvan güllər kəndin gözəlliyinə yeni bir çalar qataraq mənzərəni tamamlayır.
Kənd camaatının dediyinə görə Üstüpü 3 təpə sözündəndir və 3 qayanın arasında yerləşir. “Əsgər”, “Qaraquş”, “Elçidaşı” və ya “Xoşgəldin” qayası deyirlər. Kəndin tarixi qədimə söykənir. Kənd mərkəzindən, təxminən, 5-6 kilometrlik bir məsafədə dağların arasında Köçəri qəbiristanlığı vardır. Böyük ərazini əhatə edir. Bu tayfaların adını köçüb gələnlərlə, eləcə də qədim köçəri türk tayfaları ilə də əlaqələndirirlər. Görünür kənddə yaşayan qədim türk tayfaları ilə yanaşı, kənardan gələnlər də çox olub.
Burada tarixən məhəllə adları da mövcud olub: Şərifbəy, Meydan, Alməmməd və Xanlıq. Üstüpünün insanları da qayaları kimi möhkəmdir burada heç vaxt özünü yad hiss etməzsən. Böyükdən-kiçiyə hər kəs sənə salam verəcək, tanımadıqları halda belə evlərinə dəvət edəcəklər. Onların səmimiyyəti ilə qaynayıb-qarışmaq, zəhmətkeş həyatlarına şahid olmaq insana ayrı bir doğmalıq bəxş edir.
Qədim zamanlardan elimizdə əlamətdar işlərə başlamazdan əvvəl ağsaqqal sözünə, nəsihətə həmişə ehtiyac duyulub, onlardan məsləhətlər alınıb, fikirləri dinlənilib. Elə biz də adət-ənənəyə uyğun olaraq kəndin nurani ağsaqqalı, sözü-söhbəti şirin Mütəllim baba ilə həmsöhbət oluruq. Deməli, nə az, nədə çox, düz 93 il bundan öncə bu yurd yerində dünyaya gözlərini açan Mütəllim babanın sözlərinə görə, uşaqlığı çox çətin dövrlərə təsadüf edib. Atası müharibədə iştirak etmiş və geri dönməmişdir. II Dünya müharibəsinin gətirdiyi dəhşətlər, aclıq və səfalət gözlərinin qarşısına gətirərək kövrəlir və sözlərinə davam edir. Bir sözlə, çox çətinliklər görüb. Yaşı 90-ı ötsə də, bütün ailəsinin yükünü öz çiyinlərində daşıyıb. 5 övlad sahibi olmasına baxmayaraq, ömrünün ahıl çağında heç kimə yük olmaq istəmir.
Kənd haqqında danışan ağsaqqal bildirdi ki, burada hər bir sakin öz gəlirini torpağından qazanır. Belə ki, zəhmət adamlarının həyətyanı sahələrində əkdiyi kartof, lobya vəbununla yanaşı, bağlarında yetişdirdikləri meyvələr, ən əsası da, kələm Naxçıvan bazarında “Üstüpü kələmi” adı ilə seçilir. Söhbətimizin bu yerində Mütəllim baba bağlarının məhsulu olan armuddan dərib yemək üçün süfrəyə gətirdi. Günün hansı çağında gəlsəniz kəndin qadınlarını həyətlərində iş-güclə, kişilərini isə təsərrüfat başında, heyvandarlıqla məşğul olarkən görə bilərsiniz.
Söhbətimizə Mütəllim babanın 65 illik ömür-gün yoldaşı Səmiyyə nənədə qoşulur. Onların öz yurdlarına olan sevgiləri yanaqlarında yaranan qırmızı qan dənəciklərindən bilinir. Bir-birinə bağlılıqları 65 illik ailənin möhkəmliyindən xəbər verir. “Üstüpüdə uzunömürlü ailələr çoxdur. Çünki burada ailə bağları möhkəm olur. Hamı bir-birinə hörmət edir, elə buna görədə boşanmaya demək olar ki, kənddə nadir rast gəlinir. Bunun əsas səbəbi mehribanlıq, sadiq olmaq, xanımına hörmət etməkdir. Biz ibadətimizidə birlikdə edir, namaz qılırıq. Öyrənirik ki, bu kəndin adamları zəhmətsevər olduqları qədər mərd, elinə, obasına sədaqətli insanlardır. Doğrudan da, bu torpaqda böyüyən gənclər də böyüklərindən örnək alır”. Son illər onların arasında zabit olmaq, Vətənə xidmət etmək arzusu daha da artıb. Elə Səmiyyə nənənin nəvəsi də bu gün orduda xidmət edir.
Nənə-baba ilə səmimi söhbətimizi yekunlaşdırdıqdan sonra kəndin içərilərinə doğru üz tuturuq. Elə həmin vaxt qarşımıza kəndin gənc ziyalısı, Üstüpü kənd tam orta məktəbin müəllimi Rövlan Babayev çıxır. Səmimi gülüşü və kəndinə olan böyük sevgisi ilə yolyoldaşımız olur. Rövlan müəllim bizə kəndin bulaqlarını göstərir: Talıb, Novdərə, Nabat və Çinar çeşmələri, eləcə də, tarixə şahidlik edən Şərifbəy çeşməsi. Öyrənirik ki, dumduru bulaqlarının sərin suyundan dadan hərkəs bura yenidən üz tutur.Hələ ilin bu fəslində kənd sanki daha da canlanır, qonaqlı-qaralı olur.
Ətrafa göz gəzdirəndə kəndin ən canlı mənzərələrindən biri də balaca uşaqların Zoğal ağaclarının altında dolaşmasıdır. Qırmızı meyvələri yığır, bir-birinə göstərir, gülüşürlər. Kənddə Şərq memarlığının nadir nümunələrindən olan XVIII əsrə aid hamam da var. Hamam haqqında məlumat verən Rövlan Babayev deyir ki, bu hamam XX əsrdə də fəaliyyət göstərib. Sonuncu olaraq hamamı işlədən Hacı Şəfi adlı bir kişi olub. Həmin hamamın işləməsi üçün, təqribən, 800 metr məsafədən saxsı güyümlər vasitəsilə su gətirildiyini deyir.
Son olaraq kəndin rəngarəng çiçəklərlə bəzədilmiş evlərindən ayrılıb kənd sakinlərinin elə “Üstüpü” adı verdikləri çaya gəlib çıxırıq. Şəhərin səs-küyündən uzaq, yaşıllıqla örtülmüş bu məkan insanın ruhunu dinləndirir. Günün sonuna yaxınlaşdıqca bizi böyük qonaqpərvərliklə qarşılayan kəndlə sağollaşırıq.
Yolboyu düşünürəm ki, bu səfər zamanı eşitdiyimiz maraqlı söhbətlər oxucularımız üçün də olduqca maraqlı olacaq. Beləliklə, avtomobilimizə əyləşib Ordubad rayonunun bir-birindən gözəl, kəndlərini geridə qoyaraq şəhərə doğru yola düşürük. Bir daha görüşmək ümidi ilə, yurdumun incisi, əziz Üstüpü …
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər