NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

COP29 və “yaşıl enerji”: Azərbaycanda bu sahədə görülən işlər

...

Dünya alimlərini, dövlət və hökumət başçılarını son dövrlərdə planetdə baş verən və gələcəkdə də gözlənilən problemlərlə yanaşı, ekoloji məsələlər də narahat edir.

Əksər təhlükələrin, o cümlədən bəşəriyyəti məhv edə biləcək nüvə müharibələrinin, kosmik fəlakətlərin – Yer kürəsinin kometalar, meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması (“parnik effekti”), su qıtlığı, ərzaq çatışmazlığı və digər təbiət hadisələrinin qarşısı alınmağa çalışılsa da, ekoloji problemlərin dünya miqyasında baş vermə təhlükəsi getdikcə artır. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir:“...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”

Bir siqaret kötüyü 500 kubmetr suyu, bir kiçik batareya 20 kvadratmetr torpağı zəhərləyir. Əgər polietilen torbalardan istifadənin qarşısı alınmazsa, dünyanı antropogen – özümüzün yaratdığı təbii fəlakət gözləyir. Polimer tullantılar yanmır, çürümür, torpağa qarışmır, ətrafı zəhərləyir və sair.

Bu gün insanlara hava və su qədər əhəmiyyətli olan elektrik enerjisi də lazımdır. Əhalinin sayının artması, yaşayış səviyyəsinin yüksəlməsi, enerji istifadəçilərinin çoxalması, sənayenin və kənd təsərrüfatının sürətli inkişafı məişətdə istifadə edilən yanacağa tələbatı artırır. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və sair kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxarmışdır.

Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, Günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngindir və bu, ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

Alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Azərbaycanda Günəş, külək və su energetikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin dövrdən sonra alternativ energetika respublikanın yanacaq-enerji balansında mühüm rol oynayacaq. Azərbaycan Respublikasının bu istiqamətdə inkişaf edən ekoloji siyasəti, sonra da ekoloji konsepsiyasının yaranması, yeni ekoloji təfəkkürün formalaşması və onun həyata tətbiqi Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilib və bu gün də dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilməkdədir.

Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2009-cu il 16 iyul tarixli Fərmanla Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Azərbaycanda ildə 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar ki, bu regionda Günəş və külək energetikasının inkişafı daha perspektivlidir. Alternativ və bərpaolunan enerji mənbələrindən biri hesab olunan külək enerjisi – küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. 60 faizi dağlıq ərazilərdən ibarət olan Azərbaycan üçün külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycanda əsasən Bakı, Sumqayıt, Abşeron, Binə ərazilərində külək enerjisindən istifadə etmək daha məqsədəuyğun sayılır. Ölkəmizdə fəaliyyət göstərən Hökməli KES (8 MVt), Yeni Yaşma KES (50 MVt), Şurabad KES (1,7 MVt) və Qobustan KES (2,7 MVt) hesabına enerji istehsalı 80 milyon kilovat-saata çatdırılıb ki, bu da ildə 13-14 milyon kubmetr qaza qənaət etməyə bərabərdir.

Ölkəmizin ərazisində günəşli günlərin sayının çox olması Günəş-istilik enerjisindən istifadə üçün əlverişli imkanlar yaradır. Yerdən 150 milyon kilometr məsafədə yerləşən Günəşin Yer səthinə düşən enerjisinin miqdarı dünyada olan bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından qat-qat çoxdur. Bu gün Günəş enerjisinin 0,0125 faizini səmərəli istifadə etməklə dünyaya lazım olan enerjinin bütün ehtiyaclarını tam ödəmək mümkündür.

Günəş enerjisinin istifadəsinin üstünlüyü bir də ondadır ki, günəş qurğuları işləyən zaman “parnik effekti” yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Hazırda dünyanın 70-ə yaxın ölkəsində Günəş Elektrik Stansiyaları (GES) fəaliyyət göstərir və yaxın gələcəkdə onların istehsal gücünün artırılması üçün daha perspektiv layihələr hazırlanır. Bu gün Günəşdən ABŞ-da 600 MVt, Fransada – 100 MVt, İsraildə – 100 MVt, Türkiyədə – 50 MVt və sair elektrik enerjisi alınır.

Azərbaycanda 20 MVt gücünə malik Naxçıvan GES və 1,2 MVt gücünə malik Suraxanı GES fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edildiyi kimi, Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş 6 rayonda Günəş və külək elektrik stansiyalarının tikintisi üçün potensialı müvafiq olaraq 7214 MVt və 2120 MVt qiymətləndirilən ərazilər müəyyən olunub. Səmərəliliyi nəzərə alınaraq ölkəmizdə GES-lərin sayının artırılması istiqamətində sistemli tədbirlər davam etdirilir.

Elektrik enerjisi istehsalında İES-lərin böyük yer tutması dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması, onun asanlıqla İES-lərə nəql edilməsi, İES-lərin tələbatçılara yaxın yerdə tikilməsi, onların tələbatçıları həm istilik, həm də elektrik enerjisi ilə təmin etməsi, İES-lərdə böyük güclü turbinlərin qoyulması ilə əlaqədardır. Amma onların ekologiyaya vurduğu zərərlər bu gün insanları düşündürməyə sövq edir. Buna görə də Prezident cənab İlham Əliyev enerji sahəsində də dünyanın “nəbzini” tutaraq 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalamışdır.

Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması digər sahələr kimi, enerji sahəsinin də inkişafına böyük əngəllər yaradıb. Amma Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradaraq Naxçıvan enerji idxalçısından ixracat potensialına qədər böyük bir yol qət edib.

Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı, enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə gələcəkdə Avropa və Türkiyəyə enerji ixracı nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıraraq ölkəmizin inkişafına öz töhfəsini verəcək.

2015-ci ilə qədər muxtar respublikada bərpa olunan enerji mənbəyi kimi, sadəcə, su elektrik stansiyalarından istifadə olunurdu ki, onların da ümumi gücü 70,4 meqavat idi. 2015-ci ildən isə Naxçıvanda günəş elektrik stansiyaları qurulmağa başlandı. İlk olaraq Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş Elektrik Stansiyası tikildi və sonradan gücü 2 meqavat artırıldı. 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası quruldu və 2020-ci ildə həmin stansiyanın layihə gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırıldı. O cümlədən Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Zeyvə kəndində 7,9 hektar sahədə tikilən 5 meqavatlıq Günəş Elektrik Stansiyasının gücü artırılaraq 11 meqavata çatdırılıb.

Culfa rayonunda küləyin davamlılığı nəzərə alınaraq Gülüstan kəndində Külək-Günəş Hibrid Elektrik Stansiyası qurulub. 1,1 meqavat olan bu stansiyada həm külək, həm də günəşdən enerji istehsal olunur. İstifadəyə verilən Culfa Külək Elektrik Stansiyası gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsinə, “yaşıl enerji” idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasına və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaqdır.

Hazırda muxtar respublikada Araz çayı üzərində derivasiya tipli 32 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və 15,6 meqavat güclü derivasiya tipli Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir. Muxtar respublikanın ən böyük enerji mənbəyi olacaq Ordubad Su Elektrik Stansiyasında il ərzində 190 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Naxçıvanın enerji ixracına yeni imkanlar açacaq.

Dünyada “yaşıl enerji” kimi tanınan bu təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək və Günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan Azərbaycanın dilbər guşəsi Qarabağda “yaşıl enerji” layihələrinin geniş miqyasda tətbiq edilməsi və ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, “yaşıl enerji” konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur: “Bu bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”.

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yenidən qurulacağını bildirib.

Ötən il dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir.

Güləbird SES-in istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda dövlət başçısının iştirakı ilə işə salınan ilk infrastruktur layihəsidir. Bu stansiya, təxminən, 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezidentin vurğuladığı kimi, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Mənfur düşmən işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər, demək olar ki, həmin su elektrik stansiyalarını dağıdıb, avadanlığı aparıb, binalarını xaraba qoyub. O cümlədən Güləbird SES düşmən tərəfindən yararsız hala salınıb.

Yeri gəlmişkən, yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə, 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkənin yaradılacağı nəzərdə tutulub. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanan proqramda isə SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də proqnozlaşdırılıb.

Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələrin aparılması diqqət mərkəzində saxlanılıb. Həmin ərazilərdə 4 min meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialının mövcudluğu qiymətləndirilib.

Prezident cənab İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Qarşıdakı 10 il ərzində, təqribən, 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyi müxbirinin verdiyı suala cavab olaraq demişdir: “Mən sizə deməliyəm ki, biz hələ müharibədən əvvəl bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, Günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji zonası” elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

... Bizdə Laçın-Kəlbəcər zonasında hidroenergetika üçün böyük potensial mövcuddur. Niyə də Azərbaycan şirkətləri layihələrdə iştirak etmək üçün təkliflər verməsinlər? Oraya o qədər də böyük vəsait tələb olunmur. Bu hidroelektrik stansiyaları kifayət qədər kiçik həcmdədir. Bu, yaxşı addım olacaq, biz bunun necə işləməsini, bizim ümumi enerji təminatı sisteminə necə inteqrasiya edəcəyini testdən keçirəcəyik ki, bu şirkətlər fəaliyyət göstərsin, hələlik. bu mərhələdə dövlətin üzərinə az yük düşsün”.

İranın Mehr agentliyinin sualına cavabda isə Prezident cənab İlham Əliyev demişdir:“...Xudafərin Su Anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası Elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək”.

Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və güman ki, gələcəkdə onlar asanlıqla atom elektrik stansiyalarını əvəz edəcəkdir.

Dünyada tez-tez müzakirə edilən məsələlərdən biri atom energetikasıdır. Xüsusilə Çernobıl hadisəsindən sonra bu haqda çox söhbətlər dolaşmağa başladı. Yer kürəsinin hər sakini il ərzində 300-500 milliber həcmində radiasiya qəbul edir. Gündəlik üç saat televizora baxdıqda insan 0,5 milliber, dişlərin rentgeni zamanı isə 3000 milliber radiasiya qəbul etmiş olur.

1976-cı ildə Ermənistanda tikilən “Metsamor” AES Qafqazda hər an partlaya biləcək nüvə çəlləyidir. Ermənistanın 40 faiz enerji təminatını həyata keçirən bu stansiya 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra ciddi zədələnib. 1989-cu ildə stansiya bağlanıb. Lakin stansiyanın ikinci reaktoru 6 il sonra yenidən istifadəyə verilib. Bu reaktorun istifadə müddəti 2004-cü ildə bitsə də, Ermənistanın ermənisayağı mövqe nümayiş etdirməsi nəticəsində stansiyanın istifadə müddəti süni şəkildə uzadılıb. Bu gün Ermənistandakı “Metsamor” AES dünyanın ən riskli, ən təhlükəli atom elektrik stansiyası hesab edilir. Xalqımız 30 ilə yaxındır, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayıb. Azərbaycan Milli Ordusunun 2020-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və cəsarətli sərkərdəliyi nəticəsində işğalçı dövlətin silahlı qüvvələrini, Ermənistan ordusunu darmadağın etməsi, onları işğal etdikləri Azərbaycan ərazilərindən qovub çıxarması kriminal erməni hakimiyyəti üçün ciddi dərs oldu. Əlləri və ümidləri hər yerdən üzülən Ermənistan rəhbərliyi indi nüvə silahı ilə təhdidə əl atıb.

Artıq beynəlxalq təşkilatlara da bəllidir ki, bu gün Azərbaycan nüvə terrorizmi və radiasiya riski ilə üz-üzədir. Mütəxəssislərin fikrincə, “Metsamor” AES-də hər hansı bir partlayış baş verərsə, bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radioaktiv buludların dövr vurduğu, nüvə hissəciklərinin yayıldığı və bütün canlıların məhv ola biləcəyi məkana çevrilə bilər. Belə təhlükələri nəzərə alaraq artıq dünya dövlətləri, xüsusilə də nüvə stansiyalarının daha çox cəmləşdiyi Avropa məkanı ənənəvi enerji istehsalına və karbohidrogen ehtiyatların idxalı prosesinə üstünlük verməyə başlayıb. Külək, Günəş, geotermal, eləcə də neft-qaz enerjisi istehsalını artıran dövlətlər nüvə enerjisindən imtina etməyə hazırlaşırlar. İndi dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib.

Yaşıl iqtisadiyyatın əsas hədəflərindən biri iqtisadi artımla ekoloji balansın simibiyotik vəhdətini təşkil etməkdir. Yəni sosial rifahı təşviq edərkən davamlı və ekoloji cəhətdən təmiz həllər yaratmaq burada əsas prioritetdir. Ölkədə resurs effektivliyi, bərpa olunan enerjinin istehsalı və ondan istifadənin stimullaşdırılması, yaşıl davranış tərzinin bərqərar edilməsi, dairəvi iqtisadiyyat quruculuğu, habelə karbon emissiyalarının azaldılması istiqamətində həm qanunverici, həm də icra orqanı səviyyəsində görülən işlərin mövcud həcmi yaşıl iqtisadiyyata keçidin intensivləşməsindən xəbər verir. Prosesinin başlanğıc nöqtəsi isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan tərəfindən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ratifikasiya edilməsinə və 2000-ci ildə bu Konvensiyaya əlavə olunan Kioto protokolunun imzalanmasına söykənir. Sonrakı illərdə qəbul olunmuş strateji sənədlər və institutlaşma dövlətimizin bu sahədəki mütərəqqi niyyətinin təzahürüdür. 2010-cu ilin Prezident cənab  İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunması, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti, Balaxanı Eko-Sənaye Parkı kimi dövlət orqanlarının formalaşdırılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi sənədlərin qəbulu olduqca təqdirəlayiqdir. Yaşıl iqtisadiyyata keçidin son 5 ildəki əsas hərəkətverici qüvvələrindən biri isə uzun illər ekosidə məruz qalmış Qarabağın ölkə Prezidentinin təşəbbüsü ilə yaşıl əsaslarla yenidən qurulması oldu. Yəni bu proses, bütövlükdə, Azərbaycanda yaşıl iqtisadiyyata keçid konteksti quruculuğu baxımından ciddi əhəmiyyət kəsb edir. Azərbaycanla bağlı digər bir unikal məqam isə onun həm qlobal gündəlikdə yer alan məsələlərə uyğun iqtisadi istiqamətlərini müəyyənləşdirməsi, həm də bu qlobal gündəliyə təsir edə bilməsidir. Misal olaraq Azərbaycanın Avropaya “yaşıl enerji” ixracatı, bütövlükdə ölkəmizin gələcəkdə “yaşıl enerji” dəhlizinə çevrilməsi, COP29 kimi dünya miqyasında müstəsna əhəmiyyətə malik bir tədbirin Azərbaycanda keçirilməsi bariz nümunələrdir.

Yaşıl iqtisadiyyat çərçivəsində potensialımız gələcək illərdə artan trendlə davam edəcək. Bunu nəzərə alaraq yeni yaşıl iqtisadi trayektoriyaların yaradılması da olduqca vacibdir. Dövlətin satınalmalarda karbon izini nəzərə almağa başlaması, yaşıl kreditləşmə, yaşıl vergilərin tətbiqi və bu qəbildən olan digər beynəlxalq praktikanın da yerli şərtlərə uyğunlaşdırılaraq proseslərə inteqrasiyası yaşıl gündəliyə əhəmiyyətli dərəcədə töhfə verə bilər. Dövlət-biznes münasibətləri kontekstində, konkret olaraq vergi istiqamətində karbon emissiyası vergisi ilə yanaşı, həvəsləndirici vergi güzəştləri də nəzərdə tutula bilər. Bu proqramın yaşıl iqtisadiyyat fokuslu Azərbaycan analoqu yaşıl startapların həndəsi silsilə ilə artmasına və onların ölkə sərhədlərindən kənardan da investisiyalar cəlb edərək qlobal unikornlara çevrilməsinə rəvac verə bilər. Bunlarla yanaşı, yaşıl keçid praktikalarının təşkili və idarə olunması üçün ali təhsil müəssisələrinin inzibati bölümlərində “Yaşıl ofis”lərin yaradılması, onların dayanıqlı inkişaf hesabatlarının ardıcıl dərc olunması da zərurət kimi meydana çıxır. Universitetlər həm də məsuliyyətli istehlak və istehsal vərdişlərinin yayılması üçün kurikulumlarda “yaşıl dərslər”in təmsilçiliyini artıra, xaricdən “know-how” transferini stimullaşdırmaq, o cümlədən mövcud insan resursuna yaşıl səriştələr aşılamaq üçün əcnəbi universitetlərlə birgə dövlət və özəl sektor üçün yaşıl sertifikasiya proqramlarının təklif olunması istiqamətində çalışa bilərlər.

Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Konfrans “yaşıl enerji”, emissiyaların azaldılması və davamlı təcrübələrlə bağlı ideyaların və texnoloji irəliləyişlərin çarpaz inkişafı üçün əsas rol oynayır. Bu beynəlxalq bilik mübadiləsi forumunun fəal iştirakçısı olan Azərbaycan zəngin innovativ həllər və qabaqcıl texnologiyalara çıxış əldə edir. COP29 tərəfindən dəstəklənən texnoloji mübadilə Azərbaycana təkcə ekoloji problemləri həll etmək üçün imkan vermir, həm də ölkəni davamlı təcrübələrə qlobal ekosistemdə ön sıralarda yerləşdirir. Yaşıl inkişafın hərəkətverici qüvvəsi olan innovasiya COP29-da birgə səylər vasitəsilə inkişaf etdirilir. Dünya liderləri, ətraf mühit üzrə alimlər və sənaye ekspertləri ilə əlaqə saxlamaqla Azərbaycan ən müasir texnologiyaların inkişafı və mənimsənilməsi üçün əlverişli mühit yaradır. Bundan əlavə, COP29 millətin öz texnoloji nailiyyətlərini və yeniliklərini nümayiş etdirməsi üçün bir forum rolunu oynayır. Azərbaycan fəal iştirak və əməkdaşlıq vasitəsilə davamlı inkişaf üzrə qlobal dialoqa töhfə verən ölkə kimi özünü göstərir. İştirakçı ölkələrin texnoloji innovasiyalardakı tərəqqisi ölkə üçün ilham mənbəyinə çevrilir, ortaq bilik mədəniyyətini və problemlərin birgə həllini təşviq edir. Nəticə olaraq, COP29 tərəfindən dəstəklənən texnoloji mübadilə və innovasiya Azərbaycanın yaşıl inkişaf strategiyasının tərkib hissəsidir. Konfrans ölkəni ekoloji davamlılığın və texnoloji şücaətin birlikdə getdiyi gələcəyə doğru irəliləyərək qabaqcıl texnologiyalara giriş, uyğunlaşma və onlara töhfə vermək üçün bir platforma təqdim edir. Azərbaycan innovasiya mərkəzi kimi meydana çıxdığı üçün COP29 ölkənin davamlı və texnoloji cəhətdən inkişaf etmiş gələcəyə doğru istiqamətinin formalaşmasında mərkəzi rol oynayır. Azərbaycanın təmiz ətraf mühitə nail olmaq və yaşıl inkişafı təşviq etmək öhdəliyi ətraf mühitin mühafizəsi ilə iqtisadi inkişaf arasında balanslaşdırmanı uğurlu şəkildə idarə etməlidir.

COP29-u keçirməklə ölkəmizin reallıqlarını həmin platformadan irəli gələrək daha yaxşı şəkildə təqdim edilməsi üçün əlverişli mühit qazandıq. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd etsək, bu sənəddə Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir.

COP29-un digər aspektlərinə də bağlı olan məsələlərdən biri yol infrastrukturunun, kommunikasiyaların və nəqliyyatın inkişafı ilə əlaqədardır. Kommunikasiya infrastrukturunun yaradılması, “yaşıl enerji”nin Qərb bazarlarına çıxarılması ilə bağlı sənayenin ayrı-ayrı istiqamətləri üzrə sahələrinin inkişafına ehtiyac yaranır. Yəni COP29 kifayət qədər genişhəcmli, çoxşaxəli, hərtərəfli olan siyasi yanaşmanın formalaşmasına gətirib çıxaran konfransdır.

Yekun olaraq qeyd edək ki, Azərbaycanın təmiz ətraf mühitə və yaşıl inkişafa sadiqliyi onun milli prioritetlərinin başında dayanır və davamlı gələcəyə doğru trayektoriyaya rəhbərlik edir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP29) qlobal əməkdaşlıq və bilik mübadiləsi üçün dinamik platforma təklif edərək, ölkənin bu istəklərinə nail olmaq yolunda bir dayaq nöqtəsi kimi meydana çıxır. Ekoloji siyasətin həyata keçirilməsində COP29-un rolu böyükdür. Azərbaycan qabaqcıl beynəlxalq təcrübələri öz milli ekoloji prioritetlərinə inteqrasiya etməyə çalışdığı bir vaxtda konfrans ekoloji dayanıqlığı davamlı böyüyən, rəqabətədavamlı iqtisadiyyatla uzlaşdıran strategiyaların sinxronlaşdırılması üçün vacib rol oynayır. COP29 tərəfindən dəstəklənən texnoloji mübadilə və innovasiya Azərbaycanı müasir innovasiyalar və rəqabətqabiliyyətli insan kapitalı üçün mərkəzə çevrilmək vizyonuna doğru aparır. Konfrans ideyaların, texnologiyaların və həllərin mərkəzinə çevrilərək, Azərbaycana yaşıl inkişafın əsasını qoyan qabaqcıl texnologiyalara müraciət etməyə imkan verir. Bu yeniliklərin milli strategiyalara inteqrasiyası Azərbaycanı davamlı təcrübələrə qlobal keçiddə qabaqcıl ölkə kimi yerləşdirir. COP29 vasitəsilə əldə edilən potensial investisiya yaşıl inkişaf məqsədlərini icra edilə bilən layihələrə çevirmək üçün ortaya çıxır. Konfrans təkcə ekoloji təşəbbüsləri gücləndirmir, həm də daha geniş iqtisadi inkişafa, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl həllərin istifadəsinə töhfə verən investisiyaların cəlb edilməsi ilə potensial maliyyə mənbəyi rolunu oynayır. Bununla belə təmiz ətraf mühitə və yaşıl inkişafa nail olmağın da öz çətinlikləri mövcuddur. Ətraf mühitin mühafizəsi və iqtisadi artım arasında incə tarazlığın formalaşdırılması əsas prioritetlər arasındadır. Bu çətinliklərin arasında fürsətlər açılır. COP29 innovasiyaya əsaslanan inkişaf üçün tramplin olur və Azərbaycanın davamlı texnologiyalara investisiyaları onu yaşıl innovasiyalar üzrə nümunə ölkə kimi çıxış edir. Ölkə davamlı ekoloji inkişafla bağlı qlobal müzakirələrdə fəal iştirak etdiyi üçün COP29 Azərbaycanın daha təmiz, daha yaşıl və dayanıqlı iqtisadiyyata doğru irəliləməsinə dəstək verir.

Hüseyn İMANOV

 Naxçıvan Dövlət Universiteti “Meliorasiya və Ekologiya mühəndisliyi”

kafedrasının müəllimi

Nəşr edilib : 29.08.2024 11:27