Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Tarixən ölkə başçılarının öz xalqlarının milli maraq və mənafeləri naminə apardığı diplomatik fəaliyyət, son nəticədə, dövlətlərinin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə, dostlarının sayının artmasına səbəb olan çox mürəkkəb və hərtərəfli düşünülmüş münasibətlər sistemi olaraq nəzərdən keçirilir. Müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin mükəmməl dövlətçilik və diplomatik fəaliyyət təcrübəsini uğurla davam etdirən dövlət başçımız Prezident cənab İlham Əliyevin xarici siyasət kursunda sərgilədiyi dərin diplomatik bacarıqları sayəsində bu gün də ölkəmiz dünyanın diqqət mərkəzindədir.
Ötən əsrin 90-cı illərindən başlayaraq müstəqil inkişaf yolunu seçmiş Azərbaycanın bilavasitə əsas tərəfdaş kimi çıxış etdiyi enerji, İpək Yolu, Orta Dəhliz kimi iri iqtisadi layihələrdə, həmçinin 30 il ərzində işğal altında qalmış torpaqlarının düşməndən azad olunması, 44 günlük müharibə gedişində və ondan sonrakı dövrdə dövlətimizin diktəsi ilə davam edən siyasi diplomatiya, Qoşulmama Hərəkatına sədrliyi dövründəki diplomatiya və hazırda dünya gündəminə oturmuş iqlim diplomatiyasındakı uğurları ölkəmizin gücündən xəbər verən mühüm nailiyyətlərdəndir. Şübhəsiz, hər beynəlxalq hadisənin masa üzərindəki bir yekunu da vardır ki, burada da ölkələrin sahib olduğu iqtisadi-hərbi güclə yanaşı, onların dövlət başçılarının diplomatik bacarıqları da əsas rol oynayır. Bu mənada, ölkəmizin ev sahibliyi etdiyi qlobal iqlim məsələlərinə həsr olunmuş COP29 tədbiri öncəsi və keçirilmə günlərində dövlət başçımız Prezident cənab İlham Əliyevin diplomatik müstəvidə qazandığı uğurlar dövlətimizin gücünü dünyaya bir daha nümayiş etdirdi. Xüsusən iqlim məsələsi kimi hər kəsi narahat edən dünyəvi məsələləri şəxsi kolonialist maraqlarından aşağı tutan, Azərbaycanın müstəqil siyasətindən və torpaqlarını işğaldan azad etməsindən narahat olan Fransa, Almaniya və Niderland kimi dövlətlərin əksinə olaraq iqlim böhranından əziyyət çəkən kiçik ada ölkələrinin səsini hər yerə duyuran dövlət başçımızın, bu mənada, qlobal güclərə qarşı diplomatik sahədə qazandığı uğurlar dünyada əks-səda yaratmışdır.
Qlobal iqlim böhranı, yəni sənayeləşmiş ölkələrin havaya atdıqları karbon və metan tullantıları səbəbindən yaranan istixana effekti nəticəsində planet havasının normadan artıq istiləşməsi kimi ciddi məsələ hazırda dünyanın qarşısında duran bir nömrəli problem olub, vaxtında həll olunmayacağı təqdirdə ciddi kataklizmlər və eqzistensial təhlükələr yaradacağı elmi və praktik cəhətdən sübut olunmuşdur. Şübhəsiz, hazırda 193 üzvü olan BMT çərçivəsində 1995-ci ildən başlayan və müxtəlif dünya ölkələrində keçirilmiş Tərəflər Konfransı sessiyalarının kağız üzərindəki əsas hədəfi karbon emissiyalarının azaldılması və yeni texnologiyaların tətbiqi ilə bunun əvəz edilməsi, eyni zamanda iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən kiçik ada və sahilyanı ölkələrin hökumətlərinə maliyyə yardımının göstərilməsi olmuşdur. Elə yüksək təşkilatçılığı ilə yadda qalmış Konfransın Bakı Sammiti (COP29) da əvvəlki illərdə olduğu kimi, qlobal güclər qarşısında səbəb olduqları bu problemin həllində əməli işlər görülməsi üçün dünyanın bir araya gəlməsi məqsədi daşımışdır. Qlobal güclərin isə hazırda öz ambisiyalarını gerçəkləşdirmək üçün Ukraynada uzaqvuran raketlərini sınaqdan keçirməsi ilə məşğul olduğu bir dövrdə, karbonsuz sənaye və yaşıl dünya naminə bir araya gələn zəif və inkişaf etməkdə olan ölkələrin səylərinə dəstək verən builki COP sədri Azərbaycan iqlim diplomatiyası tarixində toplanmış ənənəvi təcrübəni yaxşı bildiyi üçün bu dəfə oyunpozanların bəhanələrinə keçid vermədi. Bəhanələr isə həmişəki kimi çox idi. Azərbaycanı az qala günəşli günlərin sayına görə də günahlandırmaq istəyən sənayeləşmiş dövlətlərin iç üzü açıldıqca iqlim böhranından daha çox əziyyət çəkən zəif ölkələr üçün son çarə yenə də dövlət başçımızın nümayiş etdirdiyi kifayət qədər sərt və sərrast çıxışları oldu. Özlərinin riyakar jurnalistikası ilə silahlanmış qlobal Qərbin başbilənlərinin üzünə layiq olduqlarını birbaşa deyən dövlət başçımız bununla da, dünya siyasətində yeni bir fəsil açdı. Bundan sonra dünyanı “cəngəllik” kimi görüb, özlərini isə “cəngəlliklər kralı” adlandıranlara qarşı yazılarda dövlət başçımızın Bakıdakı çıxışından bol-bol iqtibaslar gətirmək mümkün olacaq.
Hazırda dünya ciddi qarşıdurmalara səhnə olur və kəskin imperialist və ekspansionist maraqlar ucbatından iqlim böhranı kimi həyati vacib problemlər çox vaxt unudulur. İqlim isə heç kimi bağışlamır. Bu mənada, keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda keçirilən COP29 sammiti coğrafi koordiantları ilə dünyanın mərkəzi olan ölkəmizi heç zaman bir-birləri ilə ulduzları barışmayan qlobal yarımkürələr və qitələr arasında barışdırıcı mövqeyə qovuşdurur. Nəticədə, qlobal karbon emissiyasının 80 faizinə səbəb olan G20 dövlətləri nəyin bahasına olursa, olsun qlobal temperatur artımının normada saxlanılmasının elə onların özləri üçün də vacib olduğunu bir daha qəbul edirlər. Belə ki, iqlim dəyişikliyinin fəsadları sərhəd tanımadığından bu dövlətlərin hamısının gələcək taleyinin indiki Hindistandan daha da ağır olmayacağına kimsə zəmanət verə bilməz. Buna görə də, yaşıl keçid üçün elə bir ciddi problemləri olmayan və bu istiqamətdə artıq güclü nailiyyətlər qazanmış rəsmi Bakı bu qlobal güclərə bir daha izah etdi ki, bu gün iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə və yaşıl keçid üçün ayıra bilmədikləri və ya ayırmaq istəmədikləri 1 trilyon dolların yerinə sabah 10 qat artıq ödəməli olacaqlar!
Ölkəmizin iqtisadi-siyasi həyatına təsiri, dövlətimizin təşkilatçılıq gücünün və xalqımızın qonaqpərvərliyinin tanıdılması, eləcə də medianın iqlim jurnalistikası və sadə vətəndaşların iqlim həssaslığı üzrə maariflənməsi baxımından olduqca əhəmiyyətli olmuş COP29 da Azərbaycanın qələbəsi ilə başa çatmış, ölkəmizə gəlmiş 196 dövlətin təmsilçisi iki həftə ərzində aparılmış müzakirələrdən sonra 300 milyardlıq maliyyə hədəfinə çatmaqla gələn il G20 üzvü olan Braziliyada keçiriləcək COP30 üçün ümidli nəticələr yaratdı. Beləliklə, bundan sonra Bakının adı bütün qlobal iqlim məzmunlu diskussiyaların rezyumesinə daxil edildi.
Əli CABBAROV
Digər xəbərlər