NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Cahanın nəqşindən səsləndik bizlər...

...

Naxçıvan deyəndə insanın düşüncəsində nələr canlanır? Ədəbiyyat? Üfüq boyu uzanan zirvələr? Yoxsa bu diyarın yetişdirdiyi şəxsiyyətlər? Bəlkə də, bütün hamısı...

Haçadağ, Əshabi-kəhf qayalıqları, Kəmərli dağ və Gəmiqaya. Bu zirvələr, görəsən, bizim bilmədiyimiz nələrə şahidlik edib, neçə əsrlərdir, nələri öz köksündə sıxıb saxlayır? Gəmiqaya qayalıqları üzərindəki yallı gedən insanlar nəyə görə belə sevinirdilər? Axı həmin an nə baş vermişdi? Maraqlı suallar çoxdur... Haçadağla bağlı rəvayətlər, Nuh Peyğəmbərin gəmisi və daha nələr-nələr... Tarixin məşhur Şiraz qonaqlığında adıçəkilən Hacı xan, qılınc əldə qəhrəmanlıqlar göstərən Kalbalı xan... Baxmayın ki, həmin dövrdə vahid vətən yox idi, amma onlar olduğu məkanı vətən etməyi bacardılar. Rusiya tərəfindən sonuncu işğal olunan xanlıqları xatırlayaq. Naxçıvan və İrəvan... 
Möminə xatın türbəsi, Yusif ibn Küseyir abidəsi, tarixi Came məscidi kimi tikililəri, allı-güllü xalça naxışlarıtək Naxçıvan şəhərini toxuyan məşhur memar Əbubəkr Naxçıvani... Nədir bu ornamentlərin sirri? Memar Əcəmi Naxçıvanın tarixi mancanağından nələri keçirməyə çalışırdı? Naxçıvan-Marağa memarlıq məktəbini genişləndirən dahi memarın tələbələrinin qonşu ölkələrdə yaratdığı sənət əsərləri indi də dahi Əcəminin nəfəsini daşıyır... 
Əlincə qalası... Nəyə görə böyük sərkərdə Əmir Teymur üçün bu istehkam məntəqəsini ələ keçirmək belə vacib idi? Ankara döyüşünə fil aparan Əmir kimi bir sərkərdə üçün Əlincə qalasında yerləşən xəzinənin nə önəmi var idi? Neçə-neçə döyüşlər yola salıb döyüş meydanında yox, xəstəlikdən ölən sərkərdə niyə Əlincə qalasını tuta bilmirdi? 
Yeri gəldi bu diyarın memarlıq abidələrini, tarixi izlərini yoxa çıxarıb saxtalaşdırmaq istədilər. Rəssamların gözləri qədər dəyər verdikləri rəsmlər belə Naxçıvan tarixinin qurtarış simvoluna, tarixin sübutuna çevrildi. Bəhruz Kəngərlinin rəngarəng boyaları belə Naxçıvan tarixini xilas edibsə, qılınc­la etdiklərimizə təəccüblənməyə dəyməz.
Tarixin ilkin başlanğıcından bu günə böyük bir dövrü özündə gizlədən Naxçıvan yeri gəldi Səfəvi və Osmanlının savaş meydanı, yeri gəldi Eldənizlər kimi böyük bir dövlətin mərkəzi iqamətgahlarından biri və bu qədim türk dövlətinin paytaxtı oldu. Bir vaxtlar Qarabağın və Zəngəzurun qoyun-quzu sürülərini özündə cəmləşdirən Salvartı dağı indi həmin sürülərə həsrətdir... Sən demə, dağın da həsrəti olarmış...
Sədərəkdən tutmuş Şah Abbasın vergidən azad etdiyi Ordubada qədər bu diyarın hər qarış torpağı bizlər üçün doğmadır. Fərq etmir hansı məkanda doğulmusan, hansı məkanda qaçıb-oynamısan. Vətən deyildikdə axı kimlər cəm olmadı vətən üçün? “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” kəlamını dilində şüar edən Cavid Əfəndinin diyarına qədər, Qacarın önündə Vaqifə baş əydirməyən Səməd Vurğunun diyarına qədər hər bir igid oğlu bu vətən üçün bir yumruq oldu...
Yeri gəldi bu vətən üçün Cəlil Məmmədquluzadə tək qələmdə iti, yeri gəldikdə isə Hüseyn Cavidtək romantik olduq. Gah Vətən deyildikdə Kalbalı xantək atlanıb vətəni qoruduq, gah da Məmməd Araz, İslam Səfərlitək əldə qələm, dizdə vərəq xəyallara daldıq. Baxmayın, bu şəxsiyyətlər fərqli zamanın adamlarıdır, lakin hər biri 100 illik muxtariyyət qürurunu daşıyan eyni diyardan – dünyanın nəqşindən salamladı bizləri...

Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 08.09.2024 10:37