NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib

...

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respulikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2024-cü il 21 avqust tarixli Sərəncamına uyğun olaraq 15 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılmışdır.
Ölkə başçısının Sərəncamına əsasən 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları 2024-cü il oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Ordubad və Culfa rayon bölmələrində təntənəli mərasim keçirilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Ordubad rayon bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Turan Fərzəlisoy tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Veteranlar Şurasının sədri Fərrux Nağızadə, Ordubad Rayon İcra Hakimiyyətinin hüquqşünası Emin Mehbalıyev, Vətən müharibəsi qazisi Sahil Hacızadə və çağırışçı Ayhan Məsumlunun  çıxışları dinlənilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinin rəisi, polkovnik-leytenant Vüsal Məmmədov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Culfa rayon prokurorluğunun əməkdaşı Heydər İbrahimov, “Naxçıvan qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov, valideyn İlqar Nəcəfov və çağırışçı Onur Abbaszadənin çıxışları dinlənilmişdir.
Tədbirdən sonra çağırışçılar xidmət edəcəkləri hərbi hissələrə yola salınmışdır.

Nəşr edilib : 15.10.2024 13:25