NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Bura mərdlik, qeyrət qalasıdır Naxçıvanın

...

Azərbaycanın döyünən ürəyi qədim Naxçıvanda bir yurd yeri var. Sıx meşələri, gur axan bulaqları, səsli-küylü çayları yoxdur, amma bu bir ovuc torpağı canından çox sevən insanları var bu qədim yurdun. Rayona ilk addımı atanda yolboyu sıralanan fotolardan baxan gənc üzləri görənlər bilirlər buranın Qeyrət qalası  olduğunu. Bəli, bura həmin yerdir. Ulu Öndərin  “Qeyrət qalası” adlandırdığı yer. Torpağın hər qarışı qanla sulanan yer. 1990-cı ilin soyuq qış gecəsinə kimi sakit bir həyat sürürdü burada insanlar.  İstixanalarda yetişdirilən qərənfillərin sorağı uzaq diyarlardan gəlir, Sədərək üzümü insanların qazancını qat-qat artırır, Şirarxının bol suyu əkin-bacalara həyat verirdi. Ta ki həmin soyuq qış gecəsinə kimi. Gecə yarısı uşaq, böyük atəş səsinə yuxudan oyandığı həmin gecə həm dəhşət gecəsi, həm də qəhrəmanlıq dastanının yazılmağa başladığı gecə idi.
Həmin gecədən sonra dünya bir xalqın qəhrəmanlığının şahidi oldu. Soyuq səngərlərdə Vətəni üçün canından keçən əliyalın döyüşən oğulların qəhrəmanlığını gördü. Sədərək kəndi düşmənin mərmi yağışına tuş gəldiyi həmin günlərdə qış da sanki öz məharətini göstərirdi. Qarın dizə çıxdığı qış gecələrində mavi yanacaq olmadan çıraq işığında müharibədən də çətin bir sınaqla üzləşmişdi hər kəs – aclıqla... Güllə səsindən qorxuya düşüb anasının qucağına sığınan körpələri isitməyə bir odun, ocaq tapa bilməyən azərbaycanlı qadını bir tikə çörək tapanda onun yarısını səngərdəki əsgərə göndərib, yarısı ilə uşağını doyurub özü ac yatırdı. Qışın soyuq günlərində evindən, ocağından didərgin düşən sədərəklilər Dəmirçi kəndi ilə Sədərək kəndi arasındakı “Dəhnə” adlanan dərədə soyuq çadırlarda yaşamaq uğrunda mübarizə aparırdı. Sədərək dağlarında düşmənə sinə gərən oğullar isə canını Vətənə qurban verir, amma geri çəkilmirdi. 
Sanki dünya da kar olmuşdu həmin günlərdə, heç kim eşitmirdi səsimizi. Naxçıvanın hər yerindən gələn oğullar Sədərəyi ov gülləsi ilə  müdafiə edir, heç kim bir addım da geri çəkilmirdi. Yaşamaq və torpaq uğrunda mübarizədəki əzmi dillərə dastan oldu Sədərəyin. Ulu Öndərin Naxçıvana qayıtdığı ilk günlərdə Sədərəkdə səngərdə döyüşən oğulları, Dəhnədə çadırlarda yaşayan sakinləri ziyarət etməsi səngərdəki əsgərə də, çadırda yaşayan insanlara da güc verdi.  Hamı inanırdı, hamı əmin idi ki, Heydər Əliyev xalqı bütün çətinliklərdən xilas edəcək. Onun gəlişi soyuqdan buz kəsmiş insanları isitdi, ov gülləsi ilə düşmən tankının qarşısına çıxan döyüşçüyə güc verdi. Xalqımızın haqq səsini dünyaya duyuran Ümummilli Lider Sədərək rayonunun yaradılması üçün addımlar atdı. Erməni terrorunun qarşısını aldı. Ulu Öndərin qətiyyəti düşməni susdurdu. Həmin illərdə Sədərək dağlarında məğlub olan düşmən 44 günlük Vətən müharibəsində bu istiqamətdə bir güllə belə atmağa cəsarət      etmədi.
Bu gün beş addımda dayanan düşmənin gözü önündə çiçəklənir yurdumuz. Heydər­abad qəsəbəsində açan çiçəkləri, gözəl mənzilləri, Sədərək kəndində alın tərini torpağa qatıb ruzi qazanan insanları görəndə,  Qaraağac kənd tam orta məktəbindən gələn uşaq səslərini eşidəndə bir daha əmin oluruq ki, bu xalq bir ovuc küldən əzəmətli abidə yaradabiləcək gücdədir. Bu xalq kiçik bir kənddən böyük bir qəhrəmanlıq  dastanı  yazıb, bu Vətənin bir ovuc torpağının tonlarla qızıldan qiymətli olduğunu sübuta yetirəcək əzmdədir. Bu gün buradan yolu keçən hər kəs rayonun girişində və düşmənlə üz-üzə dayanan postlarımızda  qürurla dalğalanan Azərbaycan Bayrağına baxanda Vətənin əziz oğullarını ehtiramla yad edir. Və deyir ki, qədim Oğuz yurdu, Azərbaycanın Avropaya açılan qala qapısı, türk xalqlarını birləşdirən  “Ümid” körpüsü, qeyrət qalası Sədərək necə ki igid oğulların var, necə ki torpağı qoruduqları kimi əkib-becərməyi də bacaran insanların var hələ sən yüz illər bundan sonra da yaşayacaqsan. Naxçıvanın qəhrəmanlıq rəmzi, qeyrət qalası, alınmaz səddi olacaqsan.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 19.11.2024 10:01