NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 32 il ötür

...

21 noyabr ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyununda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə etdi. Ulu Öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxartdı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə – iqtidar partiyasına çevrildi. 
 Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin liderliyi ilə son 21 ildə ölkəmizdə böyük uğurlar qazanılıb. Ölkəmiz mühüm nəqliyyat qovşağına, qlobal enerji təchizatçısına çevrilib. Dövlətimizin müdafiə qüdrəti xeyli artıb, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Nəticədə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz nailiyyət əldə edərək cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü bərpa edib. Ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olunub. Hazırda tarixi Qarabağ torpaqlarında geniş quruculuq işləri görülür, soydaşlarımız Böyük Qayıdış proqramı ilə öz əzəli yurdlarına geri dönürlər.  Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin nüfuzu beynəlxalq səviyyədə xeyli güclənib. Azərbaycan etibarlı dost, tərəfdaş kimi mühüm təşkilatlarda təmsil olunur, bütün platformalarda öz sözünü çəkinmədən, qətiyyətlə deyir. Ölkəmizin artan nüfuzunun nəticəsidir ki, hazırda Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın 196 ölkəsindən gələn yüksək səviyyəli dövlət, hökumət nümayəndələri, özəl təşkilatların əməkdaşları bəşəriyyəti narahat edən qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadlara qarşı mübarizəyə dair fikir mübadiləsi aparırlar, müzakirələr edirlər.

Nəşr edilib : 21.11.2024 00:01