NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Bp Azərbaycanla əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxanalar yaradılıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında 10 aprel 2026-cı il tarixdə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində iki yeni “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları  yaradılıb. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, emalatxanalar müasir avadanlıqlarla təchiz edilərək tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsi üçün əlverişli tədris mühiti ilə təmin olunub.
 ️Emalatxanalarda müəllimlər üçün iş masaları, yanacaq sistemi, hidravlik və mexaniki sükanlar, elektromaqnit, birbaşa cərəyan mühərriki və birfazalı transformator modelləri, elektrik quraşdırma təlim dəstləri, elektrik quraşdırmasına nəzarət-test cihazları, iş dəzgahları, günəş və külək enerjisi, dövrə analizi üzrə təlim dəstləri və digər müasir avadanlıqlar quraşdırılıb.
 2026-2027-ci tədris ilinin qəbul planında nəzərdə tutulan müvafiq ixtisaslar üzrə təhsil alacaq 100-dən çox tələbənin təcrübə dərslərində yeni emalatxanaların imkanlarından istifadə etməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş emalatxanalar tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının gücləndirilməsinə və onların gələcək məşğulluq imkanlarının
genişləndirilməsinə mühüm töhfə verəcək.
 Qeyd edək ki, həmçinin əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində də yeni laboratoriyalar yaradılıb. Sazişə əsasən muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Nəşr edilib : 21.08.2026 13:10