NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

Böyük Qayıdışın ilk ünvanı – Zəngilan

...

Zəngilan torpağında həyat qururuq 

2020-ci il 20 oktyabr dövlət başçısı xalqa müraciətində deyirdi: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
Ətəyindən xan Arazın laylası eşidilən, çinar meşələrindən təbiətin gözəllikləri görülən, bulaqlarından zümzümələr gələn qədim Azərbaycan torpağının həsrəti əbədiyyən sona çatdı. 
Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Böyük Qayıdış ilk olaraq elə axarlı-baxarlı, çinar meşəli Zəngilandan başladı. Həmin Zəngilandan ki illərlə yad tapdaqda qalıb, amma əyilməyib.

“Ağıllı kənd”in ilk ünvanı Ağalı

 Dövlət başçısı tərəfindən 2021-ci ildə ilk “ağıllı kənd”in təməli qoyuldu. 2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. 
Kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. Kənddə gələcəyimiz olan uşaqların yaxşı təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Belə ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası inşa olunub. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
 Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla, 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli su elektrik stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. 

Rayonun nəqliyyat imkanları genişləndirilir

Zəngilan Beynəlxalq Hava Limanının açılış isə daha bir əlamətdar hadisə idi. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizdə tikilən üç Beynəlxalq Hava Limanının biri Zəngilan rayonu ərazisindədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşdiyindən burada Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktordur. Zəngilanın gələcək inkişafında nəqliyyat layihələri xüsusi yer tutur. Horadiz-Ağbənd dəmir yolu və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun nəqliyyat imkanlarını genişləndirir. 
Bu layihələr Zəngilanın regional əlaqələr sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, insanların gediş-gəlişini asanlaşdırır, yükdaşımaların səmərəliliyini də artırır. Yaradılan logistika imkanları işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsi və yeni iqtisadi əlaqələrin qurulmasına imkan verir. Bütün bunlara paralel olaraq bölgədə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi istehsalın artırılmasına, emal sahələrinin inkişafına və yeni iş yerlərinin yaradılmasına yönəlib. Turizm infrastrukturunun genişləndirilməsi isə rayonun təbii gözəlliklərindən və istirahət imkanlarından səmərəli istifadə üçün şərait yaradır. Bu da Zəngilanın tanıdılması, xidmət sektorunun böyüməsi və yerli əhali üçün əlavə gəlir mənbələrinin formalaşması baxımından perspektivlər yaradır.

Zəfərimiz əbədiləşir, Böyük Qayıdış uğurla davam edir

Vətən savaşından keçən illərdə dövlətimizin başçısının Zəngilan rayonuna 12-dən çox səfəri reallaşıb. Ölkə başçısının Zəngilana səfəri çərivəsində təməlini qoyduğu ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş Planına uyğun olacaq. Bu məhəllədə, ümumilikdə, 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. 2026-cı il oktyabrın 1-nə olan rəsmi məlumatlara əsasən “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonuna, ümumilikdə, 497 ailə (cəmi 2 259 nəfər) qayıdıb. 
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Məscid və tarixi abidələrin bərpasını həyata keçirən fond Zəngilan rayonu ərzisində yerləşən məscid və abidələrə yeni həyat verir. Şəhərin yenidən qurulması ilə yanaşı, tarixi-mədəni irsin qorunması, Zəngilan şəhər məscidinin bərpası milli-mənəvi dəyərlərə ehtiramın və tarixi yaddaşın yaşadılmasının ifadəsidir. Tarixi abidələrin və mədəni irs nümunələrinin qorunması gələcək nəsillərin doğma torpaqların keçmişi ilə bağlarının saxlanmasına xidmət edir. Bütövlükdə, atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, “Böyük Qayıdış” proqramının tam tərkibdə uğurla başa çatmasına təkan verir... 

 Naxçıvana gələn qatar 

Bir vaxtlar bu yerlərin insanları öz vaxtını, zamanının ölçüsünü bu yerlərdən keçən qatarların hərəkət qrafiki ilə qururdular. Sovetlər dönəmində Mincivan stansiyasından Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan qatarları keçirdi. Böyük Zəfəri qazanan xalq təkcə torpaqlarını işğaldan azad etmədi, həm də, yeni yollar, üfüqlər açıldı. Qədim Zəngilanı Naxçıvanla ayıran, təxminən, 40 kilometrlik yolun açılması isə çox uzaqda deyil. İgid oğullarımızın canı bahasına qazanılan zəfər bu arzumuzu da gerçəyə çevirəcək. Bakıdan yola düşən qatarlar Zəngilandan keçib Naxçıvana çatanda yurdumuzun yollara dikilməkdən yorulan gözlərinə nur gələcək. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 20.10.2026 09:02