NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Bizim taborun şəhidləri

...

Görkəmli dövlət xadimi yaxşı bilirdi ki, Naxçıvanda milli ordunun yaradılması vacibdir. Ulu Öndər Ali Məclisin Sədri seçildikdən 4 gün sonra Naxçıvan Müdafiə Komitəsi yaradıldı, bir müddət sonra “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edildi. 1992-ci il sen­tyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli motoatıcı briqada təşkil edildi və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı bura təhvil verildi. 
1992-ci ilin oktyabrında Naxçıvan şəhərində ilk yaradılan bu hərbi birləşmənin paradı keçirildi. Ümummilli Lider o zaman özü şəxsən bu paradı qəbul etdi. Dahi rəhbərin qətiyyəti ilə sovet qoşun hissələri Naxçıvanı tərk edərkən onlara məxsus silah və döyüş texnikaları Naxçıvanda saxlanıldı. Bu silah və texnika, əhalinin dahi liderə inamı Naxçıvanı erməni işğalından qurtardı. 
Ölkə Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin yolunu uğurla davam etdirərək ordumuzun qüdrətini daha da artırıb. Bunun nəticəsində torpaqlarımız işğaldan azad edilərək böyük tarixi Qələbə qazanılmışdır. 
Birinci Qarabağ müharibəsi. Və biz Naxçıvan batalyonu Qarabağa yollanırıq...
Ötən əsrin sonlarından başlayaraq torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Biz hər zaman igid oğullarımızla fəxr etmişik və bu gün də fəxr edirik. Çünki onların Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhid olmaları həm də gələcək nəsillər üçün bir örnəkdir. Buna görə də bütün şəhidlərimizin simasında ötən əsrin 90-cı illərində xidmət etdiyim taborda şəxsən yaxından tanıdığım şəhid əsgər yoldaşlarımı bir daha dərin hörmət və ehtiramla yad edirəm!

Rzayev Etibar Qürbət oğlu

Şəhid Rzayev Etibar Qürbət oğlu 30 mart 1974-cü ildə Ordubad rayonunun Kələntər Dizə kəndində anadan olmuşdu. Ailənin dördüncü övladı olan Etibar mərdliyi, cəsarəti ilə fərqlənir, davamlı idmanla məşğul olurdu. 
1992-ci ildə Etibar hərbi xidmətə yola salınarkən ağlayan bacısına demişdi: “Burada nə var ki, inşallah, düşməni məhv edib qayıdanda ağlayarsan, özü də sevincdən”. Atası isə oğlunun boynunu qucaqlayıb “Sən doğma Azərbaycanımızın müqəddəs torpaqlarını qorumağa gedirsən, özündən muğayat ol. Mənim başımı aşağı etmə!” – deyərək öz nəsihətini vermişdi. Qarabağın müdafiəsinə yollanmamışdan az əvvəl ailə həyatı quran Etibarı bütün doğmaları yola saldı. Və bu, Etibarın doğmaları ilə son görüşü oldu.
30 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksələn Rzayev Etibar Qürbət oğlu doğma kəndində torpağa tapşırıldı. 

Quliyev Azər Məhərrəm oğlu

Şəhid Azər Məhərrəm oğlu Quliyev 22 iyun 1973-cü ildə Ordubad rayonunun Dırnıs kəndində dünyaya gəlmişdi. İlk təhsilini Dırnıs kənd orta məktəbində alan və 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirən Azər 5 saylı texniki peşə məktəbində təhsil aldıqdan sonra 1991-ci ildə hərbi xidmətə çağırılır. İlk döyüşü Sədərək istiqamətində olan Azər Quliyev çavuş məktəbini də bitirir. Onu Qaraburun postunun müdafiəsinə təyin edirlər.
1993-cü ildə Azər Xankəndi alayına hərbi xidmətə göndərilir. Burada da nümunəvilik və igidlik nümayiş etdirən Azər düşmən tankını sıradan çıxarır. O, 1994-cü ilin aprel ayında isə Ağdamın Baş Qərvənd kəndinə xidmətə göndərilir. Oğlundan nigaran qalan Məhərrəm kişi böyük əziyyətdən sonra onu yaralı tapır. Azər təcili olaraq Bakıya Semaşko xəstəxanasına gətirilir. Xəstəxanada 6 gün yaşayan Azər 1994-cü il may ayının 10-da atasının qolları arasında can verərək şəhadətə yüksəlir. Şəhid Azər Quliyev Dırnıs kəndinə gətirilərək böyük ehtiramla dəfn edilir. 

Quliyev Rəqib Telman oğlu

Culfa rayonunun Boyəhməd kəndinin yetirməsi şəhid Rəqib Quliyev də tabor yoldaşlarımızdan biri olub. Rəqib 3 noyabr 1973-cü ildə Boyəhməd kəndində doğulmuşdu. 9 uşaqlı ailənin beşinci övladı idi. İlk təhsilinə 1981-ci ildə Boyəhməd kəndində başlayan Rəqib 1989-cu ildə məktəbin 8-ci sinfini bitirərək rayonun Qazançı kəndində fəaliyyət göstərən texniki peşə məktəbində təhsilini davam etdirir. 1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Rəqib 1994-cü ilin mart ayına qədər Sədərək rayonunda erməni quldur dəstələrinə qarşı hərbi əməliyyatlarda yaxından iştirak edir. 1994-cü ilin mart ayında Rəqib Azərbaycan Milli Ordusunun Ağdamdakı bölmələrinin tərkibinə qatılır. O, bir ay davam edən döyüşlərdə iştirak edir və 30 aprel 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Rəqib Quliyev 1 may 1994-cü ildə doğulub boya-başa çatdığı Boyəhməd kəndində dəfn olunub.

Şirinov Ruslan Yusif oğlu

Şəhid Şirinov Ruslan Yusif oğlu 30 mart 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdu. 1982-1993-cü illərdə Təzəkənd orta məktəbində təhsil almışdı. O, Bədən Tərbiyəsi Akademiyasının nəzdindəki texnikuma qəbul olmasına baxmayaraq, 15 aprel 1993-cü ildə hərbi xidmətə yollanır. İlk olaraq Lənkəranda daxili qoşunların “N” hərbi hissəsində xidmətə başlayan qəhrəman sonra Naxçıvanda, daha sonra isə “Naxçıvan batalyonu”nun tərkibində Ağdam rayonunda hərbi xidmətini davam etdirir.
Ruslan Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşdə şəhid olaraq 1 may 1994-cü ildə Təzəkənd qəbiristanlığında torpağa tapşırılır.
Ölümündən sonra adı əbədiləşdirilərək Təzəkənd tam orta məktəbinə verilib.        

Hümbətov Həsən Mahir oğlu

Şəhid Hümbətov Həsən Mahir oğlu 13 fevral 1975-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açmış, 1982-1992-ci illərdə Şərur rayon Maxta kənd tam orta məktəbində təhsil almışdı. 1993-cü ilin oktyabr ayında Həsən ordu sıralarına yollanır. Naxçıvan şəhərində yerləşən Xankəndi alayında xidmətə başlayan Həsən 1994-cü ilin aprelində Naxçıvan batalyonunun bir qrup şəxsi heyəti ilə Qarabağa göndərilir.
28 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Aşağı Qərvənd kəndinin adsız yüksəkliklərində erməni işğalçılarının minomyot atəşinə baxmayaraq, geri çəkilməyən Həsən burada bir çox döyüş yoldaşı ilə bərabər şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 30 aprel 1994-cü ildə Şərur rayonuna gətirilərək Şəhidlər xiyabanında dəfn edilir. 

***

Mən 15 iyun 1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olundum. Bu gün qazanılan qalibiyyətin təməli dünən çəkilən acılardan qoyulub. Dünənə nəzər saldıqda ölkəmizin bu günlərə qədər necə keşməkeşli yollardan keçdiyini görürük. Tarixin toz basmış səhifələrində yarımçıq qalmış ömürlərin tamamlanmamış səhifələri var. Vətənin kürəyinə dəyən oxlar vətəndaşların ürəyini hər daim qanadıb. Hər qarışında bir qəhrəman oğul uyuyan bu müqəddəs Vətən oğullarına, oğulları isə Vətənə qucaq açıb.
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn bizim taborun (Naxçıvan batalyonunun) şəhidlərinin xatirəsini bir daha anaraq qəhrəman əsgər yoldaşlarıma Tanrıdan rəhmət diləyirəm! Ruhunuz şad olsun!

Faiq SƏFƏROV
Naxç ıvan Muxtar Respublikası Prokurorluğununşöbə rəisi, baş ədliyyə müşaviri,
Azərbaycan Respublikasının müharibə veteranı

 

Nəşr edilib : 20.01.2025 14:30