Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Ötən bazar günü taksiylə naxçıvanlıların mikrarayon kimi tanıdığı məhəllədən üzüyuxarı, şəhərə doğru irəliləyirdim. Sarayın yanındakı işıqforda qırmızı işığı gözləyən sürücü anidən siqnal verməyə başladı. Sən demə, piyadaların keçid vaxtı dolsa da, qarşıda gözləyən avtomobil yolu keçmək üçün zamanı dolan piyadanı gözləyirmiş. Sürücü şikayətlənərək dilinin- dodağının altında nəsə deməyə başladı. Bu anda maraq məni bürüdü, elə bu maraqla soruşdum: “Üzr istəyirəm, nəsə problem var?” Haradasa 60-ı adlayan dayının elə bil ürəyi açıldı. Nə olacaq, ay qızım, 30 il əvvəl quraşdırılan işıqların vaxtı hələ də eyni saniyədir. Axı bu uzunluqda yolu piyada hansı sürətlə keçsin. Axı düşünmək lazımdır ki, 10 il, 20 il əvvəl Naxçıvanda bu qədər maşın yox idi. İndi işıqforda maşınlar zəncirvari elə dayanır ki, nə ucu görünür, nə də bucağı… 3 avtomobil keçir, qalanları digər yaşıl işığı gözləyir, bu işıqforların zamanı yenidən tənzimlənməlidir, elə bu qədər qəzaların əsas səbəblərindən biri də işıqfordakı vaxt məhdudiyyətidir.
Sözün düzü, mövzu mənə maraqlı gəldi, tənbəllik etmədim, bazar ertəsi həmin tərəfə üz tutdum. Getdiyim vaxt Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin dərsdən çıxış vaxtına təsadüf etdiyindən keçiddə sıxlıq müşahidə olunurdu. İşıqfordakı işıqların saniyəsinə nəzər saldım. Yaşıl işıq da, qırmızı işıq da 28 saniyə üçün nizamlanmışdı. Yəni həm sürücülər üçün keçid vaxtı, həm də piyadalar üçün keçid vaxtı 28 saniyəni göstərirdi. Həmin keçidi iti addımlarla keçərək addımlarımı saydım, düz 62 addım yolu bitirməyimə güclə yetdi. Axı bir insan sürətlə irəlilədiyi yolda 62 addımlıq yolu necə 28 saniyəyə keçə bilər. Sağ olsun, sürücülər, yaxşı ki, onların zamanından oğurladığım üçün məni əzib keçmədilər. Bəs yaxşı əgər bu halda qəza baş verərsə o zaman kimdir təqsirkar? Düşündüm ki, ola bilər, bəlkə də, mən düzgün analiz etməyi bacarmıram. Ən yaxşısı istər sürücülərə, istərsə də piyadalara ciddi problem yaradan və onların narazılığına səbəb olan bu vəziyyətlə bağlı mütəxəssis danışsın. Mövzu ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılova müraciət etdik. Müsahibimiz deyir ki, yol polisi əməkdaşlarının apardığı təbliğat işlərinə baxmayaraq, insanların keçidlərdən düzgün istifadə etmədikləri üçün belə problemlər ortaya çıxır. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində piyadaların vəzifələri sadalanır. Piyadaya deyilir ki, siz piyada keçidinə daxil olmazdan əvvəl sağa-sola baxmalısınız, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmamasına fikir verməlisiniz, onun təxmini sürət həddini hesablamalısınız ki, mən ayağımı piyada keçidinə qoysam, sürücü əyləci basmaqla maşını saxlaya biləcəkmi, yoxsa məni vuracaq? Eləcə də digər vəzifələr... Qaldı ki, işıqforda vaxtın düzgün nizamlanmasına düzdür, Naxçıvanda elə keçidlər var ki, orada piyadaların keçidi başa çatdırması çətindir. Heydər Əliyev Sarayının, Miqrasiya Xidmətinin, həmçinin Perinatal Mərkəzinin qarşısında yerləşən bir neçə belə keçidlər var ki, həmin keçidlərin məsafəsi çox olduğundan belə keçidlər həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə yarada bilir. Vaxt məhdud, yol isə uzun olduğundan piyadalar əksər vaxt keçidi başa çatdıra bilmirlər. Qanunda deyilir ki, keçidi başa çatdıra bilməyən piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanıb gözləməlidir. Daha sonra piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqforun siqnalını nəzərə almaqla yolu keçə bilərlər. Ayaz İsmayılov deyir ki, yaxın müddət ərzində Naxçıvan şəhərindəki işıqforlar yenilənəcək və zamanı məhdud olan işıqforların vaxt tənzimləmələrinə yenidən nəzər salınacaq.
Sürücülər nəzərə almalıdır ki, piyadalar keçidin ən zəif iştirakçılarıdır. Piyada fiziki qüsurlu da ola bilər, uşaq da, qoca da. Elə piyadalar var ki, yol hərəkəti qaydalarını, ümumiyyətlə, bilmirlər. Bunları nəzərə alıb sürücüləri əyləc arxasında olarkən daha da diqqətli avtomobil idarə etməyə səsləyirik. Yalnız bu halda həm özlərini, həm də qarşılarındakı piyadanı təhlükədən qoruya bilərlər.
Gülcamal TAHİROVA
Digər xəbərlər