Futzal turnirində növbəti mərhələyə yüksələn koman...
19:31 07.06.2025
0
0
1
NAXÇIVAN :
08 Iyun 2025, Bazar
Dünyada yüzlərlə millət, bir çox dövlət var olsa da, eyni kökdən gələn ayrı-ayrı xalqların çoxu bir-biri ilə nəinki qardaş, dost belə ola bilmir. Biz türklər isə tamam başqa bir xarakterə malik xalqıq. Düzdür, tarixin səhifələrində bizi qarşı-qarşıya gətirən bəzi məqamlar olsa da, insanlar həqiqəti gördükdə bizə bizdən başqa dost ola bilməyəcəyimizi dərk edib birləşmişik. Sovetlər birliyinin tərkibində yaşadığımız 70 il ərzində bizimlə bərabər əsarətdə qalan türkdilli dövlətlərlə əlaqələrimizi itirməmiş, çətinliklə də olsa, milli adət-ənənələrimizi yaşatmışıq. Və məqam gəlib yetişəndə, müstəqil olanda, zəncirdən açılan əllərimiz bir-birinə qovuşanda daha möhkəm birləşib türk yumruğuna dönmüşük.
Naxçıvandan başlayan yol Şuşaya çatdı
2009-cu ilin oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündən başlanan yol bu gün Şuşada daha geniş tərkibdə və artıq beynəlxalq statuslu Türk Dövlətləri Təşkilatı (TDT) miqyasında davam edir. Geridə qalan illər ərzində türk dövlətləri arasında strateji tərəfdaşlıq yalnız yüksələn xətlə inkişaf edib. Türk xalqlarının bir yumruq kimi birləşməsi yolunda Azərbaycanın atdığı inamlı addımların nəticələri isə göz qabağındadır. Azərbaycanın Zəfər şəhəri Şuşa tarixinin ən gözəl günlərindən birinə ev sahibliyi edir, türk xalqlarının birliyinə qucaq açır. Zəfərin şəhərində Zəfər zirvəsini fəth edən türk xalqlarının görüşünə şahid olmaq damarında türk qanı axan hər kəsi sevindirir.
Beynəlxalq siyasi dialoq məkanına çevrilən Şuşada keçirilən görüş təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfər zirvəsi oldu. Belə bir möhtəşəm tədbirin Şuşada – Türk dünyasının mədəniyyət paytaxtında keçirilməsi isə türk coğrafi məkanında inteqrasiyanın dərinləşməsinə, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə stimul olacaq. Bu Zirvə görüşü həm də Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə ona verilən qardaşlıq dəstəyinin, ölkəmizin türk dövlətləri arasında körpü olduğunun göstəricisidir. Müasir Azərbaycan dövlətinin təməlinin qoyulduğu Naxçıvanda ilk addımını atan Türk Dövlətləri Təşkilatının görüşünün məhz Şuşada – Zəfər şəhərində keçirilməsi həm də siyasi məna daşıyırdı.
Bizim ailəmiz Türk dünyasıdır
Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Bir məqamı da qeyd edək ki, ötən müddətdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Turanı birləşdirən ümid körpüsü – Naxçıvan
“Naxçıvan Türk-İslam dünyasına bir qapıdır”, – deyən xalqımızın Ümummilli Liderinin “Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” kəlamını dediyi vaxtdan cəmi 22 il ötsə də, zaman tez-tez böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqləyir. Xalqına arxalanan Müzəffər Sərkərdə bizə Vətən müharibəsində Böyük Qələbəni bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil yollarının tikintisi Zəngəzur dəhlizinin açılması ilə yanaşı, həm də Naxçıvanı Türk dünyası üçün qapıya çevirəcək.
Bəli, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi həmin günə – Naxçıvanın Türk dünyasına qapı olacağı günə az qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də artıq gediləcək yolun istiqamətini elan edib: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”.
Bu gün türk dövlətlərinin birliyi dünyaya bu mesajı verir:
Şanlı zəfər qazanan Azərbaycan öz siyasi gücü ilə Zəngəzurdan sülh yolu ilə keçib bütün Türk dünyasını bir-birinə birləşdirən körpü olacaq. TDT-nin ilk addımının atıldığı Naxçıvan Turana açılan qapıya, ümidlərin, xəyalların gerçəyə çevrildiyi məkana dönəcək. Biz buna inanırıq, çünki bizi dilimiz, dinimiz, mədəniyyətimiz, tariximizlə bərabər ürəyimizdəki torpaq, Vətən sevgisi də birləşdirir. Bu sevgi bağını heç bir güc qıra bilməyib, bilməyəcək də.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər