NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Bizə zəfər yaraşır

...

Bu il də  Azərbaycan 8 Noyabr tarixini Zəfər bayramı kimi qeyd edir. Artıq 4 ildir ki , ölkə başçımız cənab İlham Əliyevin də dediyi kimi “Qarabağ Azərbaycandır!” Bu gözəl günü bizə yaşadan başda Ali Baş Komandan olmaqla bütün əsgərlərimizə, ordumuza həmişə minnətdarıq. 8 Noyabr bir tarixdir. Min illərin sınağından qəhrəmanlıqla çıxan  Azərbaycan tarixində şanlı bir səhifədir. 30 ilə yaxın bir zamanda hər bir azərbaycanlı üçün sanki məşhur “Qordi düyününə ” çevrilən Qarabağ problemi cəmi 44 günün içində kökündən həll olundu. Həm dünyaya sübut olundu ki, Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmır, həm də bu xalqın, dövlətin yenilməz, sarsılmaz sərkərdəsi və ordusu var! 
Bu şanlı tarixi gün hər birimizin qürur mənbəyimiz  olmaqla bərabər, eyni zamanda adımızın dünyanın qalib xalqları arasında çəkilməsinə səbəb oldu. Bu günlərdə ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatda bildirildi ki, Azərbaycan ordusu dünyanın nüfuzlu və ən güclü  ordularının reytinqində 29-cu yer alıb. Düşünsək ki, dünyanın 200-dən artıq ölkəsi var və onda  bu fakt sözsüz ki, qürurverici bir hadisəyə çevrilir. 
O da faktdır ki, qazanılan zəfərin mahiyyəti, dəyəri,  əhəmiyyəti həmişə aktual olub və olacaq. Çünki bu tarixi qələbənin - uzun illər erməni işğalında olan 20 faizədək tarixi  torpaqlarımızın geri qaytarılmasının  arxasında ordu və xalq, eyni zamanda məharətli sərkərdə istedadı dayanır. Bu zəfəri tarixdə yaşatmaq onun şahidi olan  hər birimizin - Azərbaycan vətəndaşlarının borcudur. Bu baxımdan zəfərlə bağlı ədəbi nümunələr, igidlərimizin qəhrəmanlıq hekayələri, şücaətini əks etdirən pyeslər də xüsusi rol oynayır. Elə noyabırn 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  oynanılan “Xeyir xəbər” tamaşası da bu baxımdan əhəmiyyətlidir. Böyük yunan filosofu Aristotel “Portika” əsərində yazır: “Tarix – xüsusi və tək bir dəfə olub keçmiş əhavalatın, poeziya isə daha ümumi əhvalat və hadisələrin qələmə alınmasıdır”.  Tanınmış dramaturq   Əli Əmirlinin də bu əsəri tarixə “44 gülük müharibə” kimi düşən Qarabağ zəfərimizin ümumiləşdirilən bir tarixidir. Bu tarix isə əsərdə bir ailənin timsalında öz əksini  tapır. Əvvəlcə ata – Hümbət kişi, müharibəyə gedən oğlunun şəhid olma xəbərini eşidir. Murad Füzuli uğurunda döyüşlərdə əlində iki qumbara ilə yüksək mövqedəki düşmən səngərinə atılır və onları partladır. Lakin qumbaraların partlayışı o qədər güclüdür ki, orada kiminsə sağ qalması mümkün deyil (Bu cür qəhərmanlıqlar Vətən müharibəsində tez-tez olurdu). Ata oğlunun şəhid olması xəbərini qara deyil,  xeyir xəbər kimi qəbul edir. Bununla qürur duyur. Təbii ki, üç mindən artıq  şəhidi olan bir ölkədə bu ata da öz oğlunun qəhərmanlığını vacib sayır. Səbri, toxtaqlığı ilə  hamıya ümid verir. Lakin tək qalanda öz acısını özü ilə bölüşür. 
Sonra  məlum olur ki, Murad sağdır, o, yaralı halda əsir düşüb. Bu fakt isə atanı daha da həyəcanlandırır. O bununla - Muradın əsir düşməsi ilə barışmır. Sanki digər şəhid atalarının qarşısında özünü günahkar sayır. Murad təbii ki, Ali Baş Komandanın səyi ilə məğlub olan düşmən əsirliyindən geri qayıdır. Lakin o dinib danışmır, susur. Ata isə bundan daha da əsəbiləşir. Onu danışmağa məcbur etmək üçün müxtəlif üsullara: dilə tutmağa, hədələməyə əl atır. Lakin Murad yenə də susur.  
Burada ata ilə bərabər Muradın anası Gülüstan  da əziyyət çəkir. Şəhid atası  ilə anasının 44 günlük müharibədəki hissləri çox ustalıqla müəllif tərəfindən verilib. Həmin günlərin əsgər ata-anası dəqiqliklə ümumilşədirilib. Sonda Murada göstərdiyi igidliyə görə "Vətən Müharibəsi Qəhərmanı" adı verilir. 
Nəhayət Murad danışır.  Danışanda isə  qazanılan qələbədə əsgərlərimizin göstərdiyi qəhrəmanlıqları qeyd edir, bu qələbədə özünü  deyil, şəhid olan 3 mindən artıq gənci qəhrəman saydığını emosional şəkildə vurğulayır. Tamaşa “Qarabağ Azərbaycandır!” şüarı ilə bitir.   
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov çox ustalıqla bu əsərin səhnə həllini tapıb. Rolların düzgün bölünməsi və hadisənin mahiyyətinin açılması üçün səhnədə qurulan  mizanlar, fonda döyüş səhnəsinin və mahnıların aktyorların ifasında canlı şəkildə təqdim edilməsi tamaşanın təsirini artırmaqla yanaşı izləyicini hadisələrin iştirakçısına çevirir. 
Kubizm uslubunda qurulan səhnə həlli isə əməkdar rəssam Səyyad Bayramovun daha bir yeniliyidir. Top, real avtomobil şinlərindən qurulan səngər, sonda səhnəyə enən Xarıbülbül, dəmir yumruq, “gözləri yumulu dünya” dekorasiyaları, Gövhər ağa məscidinin maketi  Vətən müharibəsinin real səhnə həllinə çox kömək edir. 
İbrahim Əliyevin tərtib etdiyi musiqilər isə hisslərə toxunmaqla yanaşı hadisələrin dramatikləşməsinə çox kömək edir. 
Aktyor oyununa gəlincə isə Azərbaycan Respublikasının Əməkdar artistləri Vidadi Rəcəbli (Hümbət) və Nazlı Hüseynquluyeva (Gülüstan) dueti çox təbii alınır. Hər iki aktyor hadisələri düzgün qiymətləndirir. Gənc aktrisa Ləman Vəliyeva (Anaqız), teatrın səhnəsində  ilk debütünü edən gənc aktyor Xəlil Hüseynov (Cəmil), epizod rolda oynayan  Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov (kənd sakini), Zakir Fətəliyev (müəllim), Cəbrayıl Nəbiyev (kənd sakini) və əsgərlərin döyüşünü canlandıran digər aktyorlar öz rollarının öhtəsindən uğurla gəlirlər. Gənc aktyor, Murad rolunun ifaçısı İsmayıl Mirzəcanov isə Naxçıvan teatrında ilk rolu olmasına baxmayaraq sanki uzun illərin təcrübəli aktyorları kimi sərbəst və inandırıcıdır. 
Bir sözlə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı  8 Noyabr Zəfər Gününü izləyicilərlə birlikdə  çox gözəl bir tamaşa ilə  qeyd etdi. Bu tamaşa isə bundan sonra da teatrın repertuarında uzun illər qalacaq və Ali Baş Komandanın xalqımız, ordumuz ilə birlikdə bizə yaşatdığı bu qələbənin tərənnümçüsünə çevriləcək. 

Rza Xudiyev, xalq artisti,
Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı

Nəşr edilib : 08.11.2024 14:43