MÜTDA: Məktəbli formasına görə valideynlərin hansı...
16:55 21.08.2026
0
0
0
NAXÇIVAN :
21 Avqust 2026, Cümə
Axıska türkləri – itmiş sürgünün izində” sərgisi yalnız tarixi hadisələrə həsr olunmuş ekspozisiya deyil. Axıska türklərinin tarixinə, məruz qaldıqları deportasiyaya, sürgün faciəsinə, onların milli-mədəni irsinin və tarixi yaddaşının qorunmasına həsr olunan sərgi həm də insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın və tarixi ədalətə olan inamın ifadəsidir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Milli Azərbaycan Tarix Muzeyində “Axıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılış mərasimində söyləyib. O, sərginin təşkilində göstərdikləri təşəbbüsə görə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə və Dünya Axıska Türkləri Birliyinə təşəkkürünü bildirib.
Səfir sərginin əvvəlcə İstanbul Atatürk Mədəniyyət Mərkəzində, hazırda isə Bakıda nümayiş etdirilməsinin böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
B.Akgün Axıska türklərinin taleyinin XX əsrin ən ağır deportasiya və sürgün faciələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1944-cü ilin noyabrında sovet hakimiyyəti dövründə on minlərlə Axıska türkü öz doğma torpaqlarından deportasiya edilib, insanlar bir gecədə evlərindən, yurdlarından və tarixi məkanlarından köçürülüblər.
Sürgün zamanı və sonrakı illərdə minlərlə insanın həyatını itirdiyini qeyd edən səfir ailələrin parçalandığını, bu faciənin nəsillərin yaddaşında silinməz iz buraxdığını söyləyib. O vurğulayıb ki, bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır. Azərbaycan xalqı ötən əsrdə doğma torpaqlarından zorla köçürülmənin, deportasiyanın, etnik təmizləmənin və yurd həsrətinin ağrısını dəfələrlə yaşayıb.
Birol Akgün belə sərgilərin təşkilinin tarixi yaddaşın qorunması, keçmişdə baş vermiş faciələrin gələcək nəsillərə çatdırılması və xalqlar arasında həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Digər xəbərlər