NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Beynəlxalq Poeziya Günü münasibətilə tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində  21 mart – Beynəlxalq Poeziya Günü ilə bağlı "Bəşəriyyətin söz xəzinəsi  – Azərbaycan poeziyası" mövzusunda tədbir keçirilib.   
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Məmməd Hüseynli “Milli poeziyamızın Azərbaycanda rolu" mövzusunda çıxış edərək qeyd edib ki, dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. 
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Əliyev "Azərbaycan poeziyası" mövzusunda çıxış edərək Azərbaycan poeziyasının zəngin tarixi, dərin və milli-mədəni dəyərləri əks etdirən güclü ənənəyə malik olduğunu vurğulayıb.
"Azərbaycan-türk poeziyasından nümunələr: poetik təhlil" mövzusunda çıxış edən  Mədəniyyət üzrə Elmi- Metodik Mərkəzin direktoru Səyyar Məmmədov klassik Azərbaycan poeziyası nümunələrindən  bir neçə qəzəli təhlil edib.
21 mart – Beynəlxalq Poeziya Gününün Azərbaycanda qeyd edilməsi tarixi mövzusunda çıxış edən Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova vurğulayıb ki, Azərbaycan poeziyası klassik və müasir ədəbi ənənələri birləşdirərək vətənpərvərlik, sevgi və insanlıq mövzularını incə poetik ifadələrlə tərənnüm edir.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Nəşr edilib : 19.03.2025 15:56