NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Gəl, gəzək bu şəhəri

...

Mən Nuh Peyğəmbərin dünya tufanından sonra burada yenidən həyat binə etməsinə  şahidəm. Dədə Qorqudun qopuz çalıb, söz qoşub oğuz igidlərinə ad qoyduğu, öyüd-nəsihət verdiyi dövrlərin yaşıdıyam. Atabəylər dövlətinin qurulmasına və intibahına, memar Əcəminin bu torpaqda ucaltdığı dəyərli memarlıq abidələrinin    tikintisinə şahidlik etmişəm. Əlincəqalanın, hürufiliyin, Fəzlullah Nəiminin müasiriyəm. Nadir şahı taxtda, Şah Abbası qundaqda görmüşəm. Naxçıvan xanlığının bina edilməsinin, Araz-Türk Respublikasının qurulmasının, Naxçıvan diyarının muxtariyyət qazanmasının, nəhayət, inkişaf və çiçəklənməsinin şahidi olan beş min yaşlı qocayam. 

***

Növbəti günə başlamaq üçün səbirsizlənirik bəzən. Dan yeri sökülməmişdən şəhərdə hərəkətlənmə başlayır. Gecə ilə gündüzün qovuşuğunda dörd bir yandan bir səs yayılır ətrafa. Bu səs əsrlərdir ki, bu torpaqlarda səslənən azan səsidir. Sübh zamanı – tam sükutun hakim olduğu zaman bu səsi eştimək daha xoş gəlir insana. 
Sonra işə, dərsə, bazar-dükana tələsən insanların danışığı, avtomobillərin səsi sükutu pozur. Bəzən anasının-atasının əlindən tutub yolun kənarı ilə gedən balaca bir uşağın aramsız suallarına, bəzən öz yoldaşları ilə gedən bir qrup yeniyetmənin şən, gülüş dolu söhbətlərinə, bəzən qəlbini sevgi alovu bürümüş iki gəncin pıçıltısına şahid oluram. Bəzən səhər idmanı üçün yürüyüşə çıxmış bir cavanın təngnəfəs səsi, bəzən düşüncəsi gündəlik qayğıları ilə məşğul olan bir insanın sükutu, bəzən isə aram-aram addımlayan yaşlı bir insanın öz-özü ilə, bəlkə də, keçmişlə olan söhbətinin səsi ilə davam edir bu şəhərin günü. 
Nuh Peyğəmbərin özünün də vaxtilə duz çıxardığı mədənlər şəhərin lap yaxınlığındadır. Bu mədənlərdə hələ də min illərin izləri, yadigarları qalır. 
Bir zamanlar Atabəylər memarlıq ansamblına daxil olan, indi isə Əcəmi seyrəngahı – vaxtilə “Sabir bağı” adlanan yerdə əzəmətlə ucalan Möminə xatun türbəsi bu şəhərin ən dəyərli tarixi incilərindəndir. Şərqdə qadına verilən dəyərin, hörmət və sevginin ən gözəl, ən heyrətamiz nümunəsidir bu abidə. Şərq memarlığının ən gözəl elementlərini özündə birləşdirən Möminə xatun saysız sevgi hekayəsinin, hesabsız el şənliyinin şahididir.
Şəhərin ən uca məkanında bir meydan var: uğrunda can verilən, can alınan üçrəngli Azərbaycan Bayrağının vüqarla dalğalandığı Dövlət Bayrağı Meydanı. Bura azadlığın, müstəqilliyin, inkişafın, müasirliyin, Vətən sevgisinin, şanlı tarixin yaşadığı, yaşadıldığı zamanın simvoludur. Buradan baxanda şəhəri bütövlüklə görə bilərsiniz; bütün Araz vadisini, bərəkətli zəmiləri, uzanan yolları, gözünü vüqarla şəhərə dikmiş Haçadağı, Nəhəcir dağını, Əshabi-kəhf dağını, hətta lap uzaqlarda yerləşən Ağrı dağını, Savalanı belə.
Sinəsi üstündə böyümüş igid oğulları, qoynunda uyuyan şəhidləri var bu şəhərin. İndi bu zirvədən baxanda 90-cı illərin ən ağır zamanlarında Vətən üçün döyüşmüş, 44 günlük Vətən müharibəsində öz canları, qanları bahasına Azərbaycana qələbəni bəxş edən igid oğulları xatırlayıram. Yaşıl donlu, mavi gözlü, al yanaqlı bayrağa bürünmüş şəhid bədənlərini öz qoynuna böyük şərəf və iftixarla aldı bu torpaq. Onlar əbədiyyən bu torpağa əmanətdir.
Bu şanlı tarixi yaşadan muzeylər var bir də. Bu muzeyləri gəzdikcə Naxçıvanı daha yaxşı tanıyacaq, tanıdıqca daha çox sevəcəksiniz. Yolunuzu bu şəhərdən salanda Naxçıvanqalanı mütləq ziyarət edin. Min ildən çox tarixi olan bu qala bu dəfə qonaqları qəbul edib dostlarımıza öz möhtəşəmliyindən söz açır. Qalanın yanında isə bu torpaqların ən böyük və birinci sakini, bəşəriyyətin ikinci atası Nuh Peyğəmbərin məqbərəsi ucalır. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də Nuh Peyğəmbərin bütün bəşəriyyəti birləşdirən vəhdət fəlsəfəsi Naxçıvanda öz canlılığını qoruyur və tolerantlıq baxımından müstəsna nümunə təşkil edir.
Bu şəhərin ətəyindən axan Arazın üzərində günəş qüruba endikcə başqa bir mənzərə canlanır. Şəfəqdəki canlanmadan daha fərqli bir canlanma olur qürubda. Avtomobil və insan səsləri bir az da artır. Hava qaraldıqca binaların pəncərəsindən küçəyə düşən al-əlvan işıqlar küçə lampalarının işığına, avtomobillərin işıq selinə qarışır. 
Gecənin gec saatlarına doğru irəlilədikcə yenidən sükuta qərq olur bu şəhər. Yeni bir günə yenidən başlamaq üçün...

    ***

Mən Şərqlə Qərbin birləşdiyi Böyük İpək Yolu üzərində yerləşirəm, bir çox mənbələrdə “Şərqin qapısı” adlandırılıram. Tarixboyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu yer kimi tanınıb, özümdə həmin mədəniyyətlərin harmoniyasını əks etdirərək multikultural ənənələrimə görə seçilmişəm. 
Mən paytaxtam. Naxçıvanşahlığın, Atabəylərin, Araz-Türk Cümhuriyyətinin, müasir Naxçıvan Muxtar Respublikasının paytaxtı, İslam mədəniyyətinin paytaxtı, Azərbaycanın gənclər paytaxtı. Min illərdir ki, sinəmdə həyat qaynayır mənim. Ən çətin günlərdən, ən ağır dövranlardan keçib bugünkü zamana – ağ günlərimə qovuşmuşam. 
Mən Şərq memarlığı zəminində ucaldılmış Avropa şəhəriyəm. Mən Naxçıvan şəhəriyəm. Yenə də Şərqlə Qərbin qovşağında, qədim və həmişəcavan Naxçıvan.

Məmməd BABAYEV
 

Nəşr edilib : 23.09.2026 20:43