NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Beynəlxalq konfransın iştirakçıları Şuşa həbsxanasında ötən il aşkarlanan kütləvi məzarlıqda olublar

...

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Şuşa həbsxanası ərazisində ötən il aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan xarici ölkələrin sabiq hökumət başçıları, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər şəxsləri, itkin düşmüş şəxslər üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinə və əməkdaşlarına Şuşa həbsxanası, burada ötən il aşkar edilən kütləvi məzarlıq barədə məlumat verilib.

Bildirilib ki, Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər törətmiş insanlar saxlanılıblar. Birinci Qarabağ müharibəsi dövründə burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Dövlət Komissiyasında olan məlumata görə, 360 nəfər əsir və girov götürülmüş şəxslər burada saxlanılıb. Onlardan 216 nəfəri komissiyanın səyləri nəticəsində azad olunub. 144 nəfəri isə Dövlət Komissiyası tərəfindən bu günə qədər axtarışdadır. Bildirilib ki, saxlanılan əsir və girovlara çox dəhşətli şəkildə işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə dəfn ediliblər. Onlar həbsxana ətrafında yerləşən qəbiristanlıqda əsirlərin köməkliyi ilə dəfn olunublar.

Diqqətə çatdırılıb ki, keçən il iyun ayında bu ərazidə qazıntı aparılarkən insan qalıqları aşkar edilib. Dərhal əraziyə ekspedisiya heyəti cəlb olunub. Arxeoloqlar, antropoloqlar, eyni zamanda məhkəmə tibbi ekspertləri əraziyə cəlb ediliblər. Burada üç mərhələdə qazıntı işləri aparılıb, ərazidə 31 nəfər insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi, işgəncə verilmiş halda və müxtəlif formalarda basdırılıblar. Bir-birinin üzərində tapılmış qalıqlarda zədə izləri olub. Toplanmış materiallar təsdiq edir ki, buradakı insanlara çoxsaylı işgəncələr verilib və onlarla qeyri-insani rəftar edilib.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Nəşr edilib : 03.10.2024 22:06