NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib

...

18 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində departamentin əməkdaşlarının, turizm sektoru nümayəndələrinin, Naxçıvan Dövlət Universitetinin müəllimlərinin və Naxçıvanın turizm könüllülərinin iştirakı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açmış, günün önəm və əhəmiyyətini diqqətə çatdıraraq bildirmişdir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur.  Burada məqsəd dünya ictimaiyyətinin diqqətini maddi mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr – məqbərələr, türbələr, saraylar, məscidlər, körpülər, günbəzlər, minarələr və sair tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Gəmiqaya qayaüstü təsvirləri, Oğlanqala, Gülüstan, Əlincə kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr kimi məqbərələrimiz, Cümə məscidi kimi dini ibadətgahlarımız, Xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Naxçıvanda Möminə xatın və Qarabağlar türbələrində bərpa və yenidənqurma işləri aparılmış, 2002-ci ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir. 
“Qafqaz Turizm” MMC-nin direktoru, turizm bələdçisi Mehman Şabanov çıxışı zamanı  tarixi abidələrin əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, tarixi və memarlıq abidələrini qonaqlara və turistlərə düzgün tanıtmaq vacib məsələlərdən biridir. Mehman Şabanov qeyd edib ki, bu gün hər bir təcrübəli tur rəhbəri öz tarixi abidələrini dünyaya tanıtmağa könüllüdür. 
Tədbirdə Naxçıvanın turizm könüllüsü, Naxçıvan Dövlət Universitetinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Şəfa Baxşəliyeva  da çıxış edərək 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvanın Turizm Könüllülərinin iştirakı ilə muxtar respublikada olan yerli və əcnəbi şəxslərə günün mahiyyəti, muxtar respublikanın tarixi abidələri və görməli yerləri haqqında məlumat verilməsində könüllülərin rolundan bəhs etmişdir.
Tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Naxçıvanın turizm könüllülərinin iştirakı ilə çəkilmiş videoçarx nümayiş etdirilmişdir. 
Rəsmi hissə bitdikdən sonra “Naxçıvan Travel” MMC-nin rəhbəri, Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayevin bələdçiliyi ilə tədbir iştirakçılarının Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiya təşkil edilmişdir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 18.04.2025 19:51